Multikulturalizm Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan BBMM-in müşaviri Aytən Qəhrəman ölkəmizdəki çoxmədəniyyətliliyin tarixi zənginliyindən, Ümummilli Lider Heydər Əliyevin  bu istiqamətdəki müdrik siyasətindən, eləcə də Azərbaycanda yaşayan xalqların mədəniyyətinin təbliğində Multikulturalizm Mərkəzinin rolundan söz açıb. BBMM-in ölkəmizdəki müxtəlif xalqların dillərində hazırladığı nəşrlər, xüsusilə talış dilində olan kitablar haqda da məlumat verən A.Qəhrəman yazıçı-jurnalist İradə Məlikovanın “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının əhəmiyyətini vurğulayıb. Mərkəzin Analitika şöbəsinin müdiri Rəşad İlyasovun moderatorluğu ilə keçən tədbirdə Azərbaycandakı milli icmaların nümayəndələri, ziyalılar, tələbələr iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Talış İcmasının ağsaqqalı İmamverdi Həmidov, “Etnoqlobus” Araşdırma Mərkəzinin rəhbəri Gülnarə İnanc, uzman həkim Aydın Talışinski, “Azərbaycan Ukrayna Konqresi” İctimai Birliyinin sədri Yuriy Osadçenko, şair Etibar Əliyev, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğlu,  əmək müfəttişliyinin zona üzrə sabiq rəisi Ərəstun Əbilov, Vineyard kilsəsinin pastoru Emil Pənahov,  AMEA  Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Radif Mustafayev, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbadova və digərləri kitabın ərsəyə gəlməsində İ.Məlikovanın gördüyü işlər, Multikulturalizm Mərkəzi ilə birgə fəaliyyəti, eləcə də “Dodo” qəzeti haqda fikirlərini bölüşüb, Ulu Öndərlə bağlı xatirələrini danışıblar. Qeyd olunub ki,  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman ölkəmizdə yaşayan bütün xalqların nümayəndələrini diqqət mərkəzində saxlayıb, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarını bir-birindən ayırmayıb. Bu gün isə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   

Tədbirin sonunda yazıçı-jurnalist İradə Məlikova çıxış edərək, BBMM-in 10 illik fəaliyyəti dövründə Mərkəzlə olan sıx əlaqələrindən, hazırlanan müxtəlif nəşrlərdən, araşdırmalardan danışıb. Müəllif “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” kitabının işıq üzü görməsində əməyi keçənlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitabda Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə cənub bölgəsinə göstərdiyi əvəzsiz xidmətlər – tikinti, abadlıq və quruculuq işləri əksini tapıb. Eləcə də Lənkəran, Astara, Masallı və Lerik rayonlarında keçirdiyi görüşləri, zəhmət adamları ilə maraqlı söhbətləri yer alıb. Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan və talış dillərində nəşr olunan kitabın Azərbaycan dilində redaktoru şair-publisist Rauf İlyasoğlu, talış dilində redaktoru şair-publisist Baləddin Veşo, ön sözünün müəllifi filologiya elmləri doktoru, professor, ərəbşünas alim İmamverdi Həmidovdur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti