(Şair Xatirə Fərəclinin şeirləri haqqında ədəbi düşüncələr)
(İxtisarla)
Mən bir meteroit kimi
Yana-yana düşdüm Yer üzünə
Yad oldum insanlara,
Yad cisim kimi
tüstülənə-tüstülənə…
Xatirə Fərəcli. “Kimin var ki” kitabından.
Müxtəlif səbəblərdən kimin-kimsənən olmaya bilər, əslində isə sənin arxa və dayağın kimin yox, nəyin varsa, odur!
1.
Qaynar təbiətli şair-publisist, ictimai fəallığı və insaniyyəti ayrıca dəyərə malik olan Xatirə Fərəclinin “Kimin var ki” adlı 223 səhifəlik şeirlər kitabının əlyazması yazı masamın üzərindədir. Sonuncu səhifəsini indicə çevirdiyim poetik toplunun təəssüratı içindəyəm. Son vaxtlarda hansısa şairdən birnəfəsə bu həcmdə şeir küllüyyatını oxuduğumu xatırlamıram. Əslində, yeni kitabını əvvəlcədən razılaşdığımıza görə, elə-belə, sadəcə, gözdən keçirib, “çapa layiqdi, layiq deyil” – qismində fikir bildirmək üçün elektron ünvanıma göndərəndə şeirlərə belə dərin diqqət kəsiləcəyimi, hələ bu azmış kimi, düşündüklərimi kağıza köçürəcəyimi bilmirdim, çox güman, Xatirə xanımın da belə bir təmənnası yox idi.
Amma, neyləməli, sözün, xüsusən uğurlu ədəbi təsvirin ruhu var. Birdən fələyin çarxı elə fırlanır ki, bədiyyatdan doğan həmin o ruh adamı tutur, müxtəlif ölçülü misralar varlığına sarılıbmış kimi səni bir müddət təsir altında saxlayır.
Yeri gəlmişkən, mən Xatirə xanımı qələm adamı kimi yaxın zamanlarda tanımışam. Mətbuatda çıxan, əvvəlki kitablarında işıq üzü görən şeirlərini müntəzəm izlədiyimi də deyə bilmərəm. İndi isə belə bir mütaliə imkanının ələ düşməsi, məncə, həm şair, həm də oxucu üçün təsadüf yox, uğurlu qismət sayıla bilər.
Adətən şeir topluları ədəbi tənqid baxımından nəzərdən keçiriləndə nümunələr ya mövzulara, ya ideyaya, eləcə də digər əlamətlərə görə qruplaşdırılır. Bu yanaşma ədəbi rəydə müşahidə tamlığını, yanaşma ardıcıllığını, mövqe bütövlüyünü və s. təmin edir.
Bəlkə də formal olaraq şairin kitabda yer alan əsərlərini deyilən yönlərdə — yəni mövzu, ideya, hətta şeirin şəkillərinə görə təsnifləşdirə bilərdim. Etmədim. Səbəb bir az əvvəl ümumi şəkildə işarə olunan “bədii sözün ruhu” şərti ilə bağlıdır. Bu kitab, məncə, yaş həddi bilinməyən, yaşanmış acılı-şirinli bütöv bir ömrün sözə hopan, söz şəklində əks olunan ruhunun görsənişidir. Bəli, ömrün… sözə hopan… sözlə ifadə olunan… ruhu!
Bu qənaət göydəndüşmə deyil və onu sübuta yetirmək ola bilər ki, bir qədər çətindir, amma mümkündür.
2.
Heç də qəribə deyil ki, Xatirə Fərəcliyə görə “həyat-bir parça şeirdi” – o, (həyat) səni duyğulandırır, yazırsan, sona çatıb bitir…
Təbiətdə olduğu kimi zehniyyətdə, daha dəqiqi bədii düşüncədə də ideyalar təsdiq və inkar aralığında, ziddiyyətlər burulğanında inkişaf edib, yekunda ədəbi sərvətə çevrilir.
Xatirə Fərəcli sanki topludakı bütün şeirləri ilk bölməyə epiqraf kimi verilən bir fikrin – “həyat bir parça şeirdi, duyğulandırır, yazırsan, sona çatıb bitir,” – poetik ifadəsinin məhz ironik olduğunu bədii yöndən əsaslandırmaq üçün yazmışdır. Budur, üç-dörd sətirlik poetik tezis var, bu öz yerində, amma, o üç-dörd sətrlik tezisi küncə sıxan tam bir kitablıq poetik antitezis də ortadadır.
Olsun, bu fərdi bir yanaşmadır, ən əsası isə bütün hallarda şair doğru yol tutub, belə ki, o, hər uğurlu şeirilə həyatın yeni qatına enir və elə bu andaca həyat ədəbi fraqmental çərçivədən çıxıb, hər bir yaşantısı şeirə, bədii detallara dönən dolğun poeziya toplusuna çevrilir.
Mən elə bu barədə danışmalıyam.
Hərdən təklikdə “fəlsəfi düşüncələr (bəlkə də duyğular) dəryasına baş vuranda” yekun mülahizə bundan ibarət olur ki, dünyaya gələn milyardlarla insanın fərqinə varmadan (unamadan) içindən, böyründən, üstündən, altından… keçdiyi həyat deyilən konkret və mücərrəd varlıq bütün parametrlərinə (məziyyətlərinə) görə ən azı kainat (qalaktika, aləm) qədər hüdudsuzdur. “Həyat sandığı”nın içində nə var, nə yox, bəzən bundan Yaradanın da xəbəri olmur… Xatirə Fərəclinin şeirləri ilə nisbətən yaxın tanışlıqdan sonra düşüncəmdə hələ ki, qönçə halında olan, bərkiməyən, həmin bu xəyali və qlobal həqiqətə bir az daha artıq inandım.
Deyə bilmərəm ki, həyat məfhumunu ifadə edən söz və deyimlərin hansı miqyası ümumi istifadə üçündür. Ömürdən ötən illərin karvana, durna qatarına, vağzalları vağzallara birləşdirən qatarlara bənzədilməsi dünya şairlərinin ciddi- cəhdi sayəsində bədii obraz səlahiyyətini çoxdan itirib, keçmişdə ədəbi məziyyət yükü daşıyan qatar (il, ömür qatarı) indi adi danışığa məxsus leksik vahiddir. Məsələ burasındadır ki, keçmişdə obrazlı düşüncəni ifadə edən vahidlər də daşlaşmayıb, mütəhərrikdir, onlar yenidən obraz biçimində təzahür edə bilirlər.
Xatirə xanımın “Qatar gözləyirəm” şeirində olduğu kimi. Fikrimcə, bir qədər cilalanmağa ehtiyac duyulan bu bədii parçada “qatar” obrazının bədii psixoloji təsiri yetərincə hiss olunandır. Əsərdən belə məlum olur ki, insanın öz istəyinə qovuşmaq, vüsala yetmək ümidi gor evinəcən ölmür və sən ömür boyu, qoy lap boş yerə olsun, həyatın hansı bir məntəqəsindəsə dayanıb qatar gözləyirsən. O qatar varmı, varsa gələcəkmi, sənin gözlədiyin varlıq o qatarın içindədirmi, heç olmaya gözlənilən müsafir sənin burda onu gözləyərkən nələr çəkdiyini bilirmi? Hayıf ki, əksər hallarda olduğu kimi “Qatar gözləyirəm”in də finalı nikbin deyil, məğlubiyyətin, havayı gözləntinin acı təəssüf hissinə bürünüb:
Söykənib tənha söyüdə
Budaqdan bar gözləyirəm.
Qatarlanıb illər gedir
Mənsə qatar gözləyirəm.
Torpaq anlayışı qismən də olsa həyat anlayışının ekvivalenti kimi qavranıla bilər. Torpaq həyatın bir parçasıdır, yoxsa həyat torpaq üstündə bərqərardır? Torpaq məkandır, həyat isə həm də zamanı ehtiva edir. Zaman içində canlı varlığın doğuluşu da, yaşayışı da, ölümü də torpağa aid vaqiələrdir. Xatirə “Səni istəmək ağır” şeirində torpağa üz tutaraq yazır:
Niyə çat vermişəm, torpaq,
kimin həsrətini çəkirsən?
Sənin istəyin bəlli,
Səni istəmək ağır.
Ruhsuz gəlir qucağına
bağrına basdığın adam,
qoynuna gələn fağır.
Üstündə
“həyat-həyat” oynayanlar,
Dünyayla başını qatanlar,
Səni sevənlər,
səni satanlar…
Eyni çat yerindən baxırsan hamıya…
Bu nə hikmət, nə səbr?!
Torpaq, ulu torpaq –
üstün gülüstan
dibin qəbr!
Həyat, dünya nəhayətsiz olduğuna görə sənətkarlar demək olar bütün yaradıcılıq dövrləri ərzində seçim qarşısında qalır və bu seçim imkanı mənəvi, eləcə də natural çevrə ilə mükalimədə aydınlanıb üzə çıxır. Xatirə Fərəcli “Dünya ayağım altda” adlı lakonik, amma, bəs deyincə axıcı olan bir şeirində dilemma qarşısındadır. Baxaq görək bu hansı ovqatın, necə bir poetik duyumun təsiri ilə baş verir?!
Fikir yelkənsiz gəmi,
bir mövzu tutub məni –
yazımmı, yazmayımmı?
Hisslər ağlı hərləyir,
Məni şeytan girləyir –
azımmı, azmayımmı?
Hər kəlmədə bir tənə,
Hər baxışda bir məna –
yozummu, yozmayımmı?
Bu nə eşq, bu nə istək,
Qovğada ağıl, ürək –
dözümmü dözməyimmi?
Hər istək ayrı adda…
Dünya ayağım altda –
əzimmi əzməyimmi?
Bu şeirdə bir qədər titrəyişli, bir qədər qüssəli əsəb tellərinin az qala gözlə görünən təlaşı əbəs yerə deyil, çünki şair bəzən oxucunu mütəəssir edə bilmək dərəcəsində həssasdır, adi mehdən belə ovulub səpələnmək təhlükəsi ilə üz-üzədir. “Qar üstündəki ləpir kimi pak olan insan” “içindəki tüstüdən qurum bağlayan canı” gizlədə bilmir, heç nə, sadəcə həmişə həqiqəti əks etdirən gözlər onu “ələ verir.” “Könlü cingiltisiz qırılan” lirik varlığın darıxmağı da xislətin zərifliyindən irəli gəlir. Sevda duyğusunu qəlbində küsdürən, çılğın həvəsini içində kiridən şair-lirik “mən” bilir ki:
Zaman bu, məkan bu,
taxt bu, gərdiş bu;
kim gəlib, kim gedib,
hesabımı var?
Sorma bu dünyanı saran süstlüyü
İnsan bapbalaca, dünya dardan dar.
Belə darlıq və balacalıq sıxıntı üçün kifayət qədər ciddi səbəbdir. Bu səbəb şairi möhkəm darıxdırır:
Darıxıram dəli kimi –
kiminçün, neçün, bilmirəm.
Axtarıram qəmin hara
calayım ucun, bilmirəm.
… Öz evimdə-eşiyimdə
Uçulur içim, bilmirəm.
… Nisgildən zəmi bəslədim
Nə ilə biçim, bilmirəm…
Elə çıxmasın ki, darıxmaq yalnız xarakterdən gələn cəhətlərlə bağlıdır, yox, Xatirə Fərəcliyə görə insanın narahat, həssas duyğusallığının obyektiv sosial, ictimai, mənəvi və hətta irfani səbəbləri də var. Şairi darıxdıran obyektiv reallıq ondan ibarətdir ki, “darıxıram, darıxıram – dar gəlir ruhuma bədən”. Şair darıxır, o üzdən ki, qara qarışqalar kimi sıra çəkib mənzildən mənzilə daşınan insanın ixtiyarı öz əlində deyil, yön verən fələkdir, asta, yaxud yeyin getmək hamı üçün eyni olan son mənzilin mahiyyətini dəyişmir. Şairin lirik qəhrəmanı (əslində özü) Füzuli babamız demiş, dərd əlindən dağa çıxanda, adətən olduğu kimi, Allahdan deyil, onu incidən sıxıntılardan imdad diləyir:
Göz yumub dincələndə
boz-qırmızı boşluq,
selə-suya həsrət qalan bənd,
Qıy vuranda
qulaq batan xaraba kənd,
Bəxtinə
içində boğulmaq qisməti düşən hayqırtı,
Sevə-sevə ayrılanların
qəhrindən can çəkən eşq,
Dar dünyalı birinin
ixtiyarına verilmiş geniş ürək,
Hisslərin işğalının verdiyi təəssüf,
Donan təbəssüm….
Susqunam,
burax gedim, a dünya!
Sevdaya tutulan, dərdi başından aşan, dağınıq ovqat səbəbindən gecəni çimir eləməyən insanların Ayı (Yerin peyki) şahid çəkmələri ədəbiyyatda təzə mövzu deyil. Neçə-neçə şair bu tabloya öz əlavələrini edib. Xatirə “Ay bilir” adlı şeirini indi misal çəkəcəyim misralarla bitirir və bir anda zərif bir varlığın qüssəsi, küskünlüyü fonunda Ay insaniləşir, nəinki şahid, həm də nəmli gözlərin pasibanı olur:
Kimin duyğuları küskün, dağınıq
Kimin yanaqları nəmdi bu gecə?
Kim çıxıb Ay ilə söhbətləşməyə? –
Ay bilir darıxan kimdi bu gecə…
Şairi kədərə boğduran reallıq, mənəvi-psixoloji səbəblər poetik məntiqlə yozulur, o, həyatın ziqzaq və neqativlərinə biganə qala bilməyən kövrək qələmiylə oxucuda düşüncə axını yaradır.
Yanında bir kimsə oldu, olmadı
içində tək oldun, təkdən tək canım!
Səbrinlə nə tapdın, nələri çözdün
nə var ki, tutasan bərkdən bərk, canım?!
İnsan nə qədər dözümlü olub dərdlə mərdi-mərdanə döyüşsə də bəzən, xüsusilə, ədəbiyyatda göz yaşları axıtmadan keçinmək olmur. O ki qalmış poetık dərdin müəllifi qadın ola. Amma hər bir halda bu ağlamaq tərzi-hərəkəti elə ədəbi-estetik təsir gücünə malik olmalıdır ki, başqalarını ağlatmasa da bir qədər kövrəltsin, qəhərləndirsin. Məsələn, mən şairin “Bu dərd ki var” şeirinin elə ilk bəndində içimdə tərpənən mərhəmət hissinin təlaşını boğazımdakı qəhərdə açıq-aşkar hiss elədim. O bənd belədir:
Bu dərd ki var, keçən deyil,
Çalış yola ver də ağla.
Bir ağladın kar aşmadı,
Dərdini al dizin üstə,
Sıx sinənə, bir də ağla!
Xatirə Fərəcliyə görə insan darıxırsa, deməli, yaşayır, hətta bəzən daxili sıxıntı ölümün yarısı həddinə çatsa belə. O, inanır ki, “Tanrını tanrı edən bəndələri, bəndəni bəndə edən çəkə bildiyi dərdidir.” Elə bu səbəbdən də indi “əlimin biri dərdlərimə uzanıb, biri göyə,” – yazır. Beləcə, uğurlu poetik ifadənin gücü ilə dərd ilahiləşir, doğmalaşır. Tanrı bir qayda olaraq dərdi dərd adlı ağır yükü çəkənə verir. Bir dəfə balaca nəvəsi köks ötürüb “darıxıram” deyəndə şair bu yükün əl boyda ciyərparasının çiyninə yüklənməsinə razı olmur, axı sən nə bilirsən ki, darıxmaq nədir, — deyə sanki hər cür darıxmaqlardan qorumaq üçün balaca Aylinin başı üzərinə sevgi, mərhəmət çətri tutur.
Vaqif Bəhmənli
