Bəzən bir coğrafi məkanın, regionun və ya şəhərin əhəmiyyəti onun ərazisindən keçən yolların uzunluğu ilə deyil, gələcəyə aparan yolların hansı başlanğıc nöqtəsinə çevrilməsi ilə ölçülür. Bu baxımdan, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşü çərçivəsində Azərbaycan və Qazaxıstan Prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayevin görüşü zamanı Transxəzər fiber-optik kabel xəttinin onlayn formatda rəsmi açılışı böyük tarixi əhəmiyyət daşıyan hadisələrdəndir.
Azərbaycan və Qazaxıstanın birgə həyata keçirdiyi bu layihə Asiya ilə Avropa arasında rəqəmsal əlaqələrin genişləndirilməsinə, Orta Dəhlizin imkanlarının artırılmasına və ölkələrimiz arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir. Dövlət başçıları layihənin rəsmi açılışını bildirən düyməni basdıqdan sonra cənab Kasım-Jomart Tokayev yeni xətti beynəlxalq əks-səda doğuracaq çox vacib layihə və yeni dəhliz növü kimi səciyyələndirdi. Cənab İlham Əliyev isə bunu daha geniş coğrafiyada əməkdaşlığın gücləndirilməsində daha bir addım kimi dəyərləndirdi.
Layihənin ən diqqətçəkən cəhətlərindən biri onun coğrafiyası və texnoloji miqyasıdır. Xəzər dənizinin dibi ilə Sumqayıt və Aktau arasında təxminən 380 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkilib. Layihə üzrə elan edilən saniyədə 400 terabitdən artıq ötürücülük qabiliyyəti rəqəmsal dünyanın nəhəng informasiya axınlarını daşımaq üçün geniş imkanlar açır.
Bu, sadəcə, iki sahili birləşdirən kabel deyil. Bu, ölkələri, iqtisadiyyatları, elmi potensialı və texnoloji gələcəyi birləşdirən yeni kommunikasiya körpüsüdür.
İş adamlarına vergi, maliyyə və idarəetmə sahəsində konsaltinq xidmətləri göstərən, intellektual sahibkarlığın inkişafına xidmət edən bir iqtisadçı kimi, bu yeniliyin tətbiqindən qürur duyuram. Çünki sakini olduğum Sumqayıt şəhərinin adının belə qlobal əhəmiyyətli rəqəmsal layihə ilə yanaşı çəkilməsi mənim üçün yalnız şəhər sevgisindən doğan qürur deyil. Bu, Sumqayıtın gələcəkdə müasir texnologiyaların, rəqəmsal iqtisadiyyatın və yüksək intellektual potensialın inkişafında daha mühüm rol oynaya biləcəyinə dair ümiddir.
Vaxtilə sənaye şəhəri kimi formalaşan Sumqayıt bu gün yeni dövrün tələblərinə uyğun olaraq öz inkişaf istiqamətlərini genişləndirmək imkanı əldə edir. Əgər sənaye dövründə şəhərlərin gücü zavodların, istehsal müəssisələrinin və enerji infrastrukturunun imkanları ilə ölçülürdüsə, artıq rəqəmsal dövrdə informasiya, bilik, hesablama gücü və texnoloji infrastruktur da strateji əhəmiyyət daşıyır.
Məhz buna görə Sumqayıtın belə bir layihənin coğrafi başlanğıc nöqtələrindən biri olması gələcək inkişaf baxımından diqqətəlayiq hadisədir.
Kabeldən daha böyük məna: informasiya, investisiya və intellektual əmək
Bu layihənin əhəmiyyəti yalnız məlumatların bir ölkədən digərinə ötürülməsi ilə məhdudlaşmır. O, Azərbaycan üçün yeni iqtisadi imkanların yaranmasına da şərait yaradacaq. Rəqəmsal infrastrukturun inkişafı beynəlxalq investorların marağını artıra, məlumatların emalı mərkəzlərinin, bulud texnologiyalarının, süni intellekt sistemləri üçün hesablama infrastrukturunun və digər yüksək texnologiyalı xidmətlərin inkişafına təkan verə bilər.
Əlbəttə, kabel xəttinin çəkilməsi, özlüyündə, bütün bu imkanların avtomatik reallaşması demək deyil. Təbii ki, bunun reallaşması üçün müvafiq enerji təminatı, etibarlı telekommunikasiya infrastrukturu, əlverişli investisiya mühiti, peşəkar kadrlar və məqsədyönlü iqtisadi siyasət lazımdır. Belə bir strateji infrastrukturun mövcudluğu həmin imkanların reallaşdırılması üçün mühüm zəmin yaradır.
Mənim üçün məsələnin ən vacib tərəflərindən biri də məhz budur: tezliklə Sumqayıtda yalnız fiziki məhsul istehsal edən müəssisələrin deyil, həm də bilik, informasiya və yüksək əlavə dəyər yaradan texnoloji mərkəzlərin formalaşacaq.
Belə müəssisələr proqramçılar, mühəndislər, kibertəhlükəsizlik mütəxəssisləri, məlumat analitikləri və süni intellekt sahəsində çalışan mütəxəssislər üçün yeni iş yerləri yaradacaq. Bu isə şəhərin gəncləri üçün müasir əmək bazarına çıxış imkanlarının genişlənməsi, insan kapitalının güclənməsi və iqtisadiyyatın şaxələndirilməsi deməkdir.
Başqa sözlə, bu gün Xəzərin dibindən keçən informasiya xətti sabah Sumqayıtda yeni intellektual əmək və innovasiya mühitinin yaranmasına xidmət edəcək.
Orta Dəhlizin rəqəmsal gələcəyi
Azərbaycanın coğrafi mövqeyi tarixən Şərqlə Qərb arasında körpü rolunu oynamağa imkan verib. Bu gün həmin üstünlük yalnız avtomobil yolları, dəmir yolları, limanlar və yükdaşımalarla məhdudlaşmır. Transxəzər fiber-optik kabel layihəsi Orta Dəhlizin rəqəmsal imkanlarını genişləndirərək Azərbaycanı beynəlxalq informasiya mübadiləsinin mühüm iştirakçılarından birinə çevirəcək.
Çin və Mərkəzi Asiyadan gələn məlumatların Azərbaycan, Gürcüstan və digər marşrutlar vasitəsilə Avropaya ötürülməsi rəqəmsal əlaqələrin şaxələndirilməsinə və dayanıqlığının artırılmasına xidmət edə bilər. Beləliklə, Azərbaycanın tranzit potensialı yeni məzmun qazanır: ölkəmiz təkcə malların və yüklərin deyil, həm də nəhəng informasiya axınlarının hərəkətində daha fəal iştirak imkanı əldə edir.
Bu, müasir dünyanın iqtisadi reallıqlarına uyğun strateji yanaşmadır. Çünki XXI əsrdə informasiya da iqtisadi gücdür, texnologiya da rəqabət üstünlüyüdür, insan kapitalı isə inkişafın əsas dayaqlarından biridir.
Gələcəyə ünvanlanan bir arzu
Düşünürəm ki, bu layihənin əhəmiyyəti Sumqayıt üçün ayrıca araşdırılmalı və qiymətləndirilməlidir. Şəhərin mövcud sənaye potensialı, insan resursları və ölkənin rəqəmsal inkişaf strategiyası nəzərə alınmaqla, burada məlumatların emalı mərkəzlərinin, innovasiya məkanlarının və yüksək texnologiyalı xidmət müəssisələrinin yaradılması imkanlarına baxmaq məqsədəuyğun olardı. Əgər bu gün Sumqayıtın adı Xəzərin dibi ilə çəkilən rəqəmsal magistralla bağlıdırsa, gələcəkdə onun adı həmin magistral üzərində formalaşan yeni texnoloji və intellektual iqtisadiyyatla da tanınmaq potensialı qazanır.
Bu, sadəcə bir arzu deyil, düzgün planlaşdırma, investisiya və insan kapitalına diqqət tələb edən inkişaf perspektividir. Bir Sumqayıtlı kimi istəyim budur ki, şəhərimiz sənaye ənənələrini qorumaqla yanaşı, rəqəmsal gələcəyin də fəal iştirakçısına çevrilsin. Qoy, Sumqayıt təkcə istehsal etdiyi məhsullarla deyil, yetişdirdiyi mütəxəssislərlə, yaratdığı texnologiyalarla və dünya informasiya məkanına verdiyi töhfələrlə də tanınsın. Çünki gələcəyin yolları təkcə torpaqdan və dənizdən deyil, həm də və daha çox bilikdən, zəkadan və informasiyadan keçir. Azərbaycanımızın, o cümlədən də Sumqayıtımızın bu yolların üzərində öz layiqli yerini tutması isə hamımızın arzusudur.
Rafiq Mehdiyev,
iqtisadçı-maliyyəçi
