Qax şəhəri Heydər Əliyev mərkəzində “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı kitabının təqdimatı keçirildi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə yardımı ilə Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz :Multikulturalizm” layihəsi əsasında çap olunan kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəclidir.
Əsərdə multikulturalizmin istər nəzəri, istər beynəlxalq təcrübə, istərsə də, Azərbaycan modelinə baxış çox vacib aspektlərdən təqdim olunub. Əsər Azərbaycanda mövcud olan multikulturalizm, tolerantlıq ənənəsini təbliğ etməklə yanaşı, həm də dərs vəsaiti, metodik vasitə kimi istifadə oluna bilər.
Layihə rəhbəri Samirə Şaqavatova giriş sözü ilə çıxış edərək ətraflı məlumat verdikdən sonra tədbiri aparmaq üçün sözü kitabın müəllifi Xatirə Fərəcliyə verdi.
Tədbir iştirakçılarına Azərbaycan və ingilis dilində kitablar paylanıldı. Sonra Ülviyyə Behbudova çıxışında kitabın ingilis dilinə tərcümə edilməsinin əhəmiyyətini vurğuladı. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Vəfa Saleh multikulturalizm, tolerantlıq mövzusunda geniş məruzə edərək, bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirdi.
Həmçinin, Qax rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin, ictimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fərid Muradov, AYB Zaqatala bölməsinin sədri Əlmaniz Ələkbərov, C.Cabbarlı adına Qax rayon mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin multimedia mütəxəssisi, AYB üzvü, şair Solmaz Elqızı, Qax rayon Kukla Teatrının əməkdaşı, şair Şəlalə Məmmədova, Şair Elşad əmrahoğlu, S. Vurğun adına Mədəniyyət Mərkəzinin əməkdaşları: Nuriyyə Əlimova və Vüsalə Mustafayeva, uzun müddət təhsil sahəsində çalışmış Məmmədiyyə Əfəndiyev, Rəna Həsəni və s. çıxış etdilər.
Çay süfrəsində müzakirələr davam etdi, şeirlər səsləndirildi.
“Mədəni İnkişafın Təbliği” İB-in mətbuat xidməti















