Bakı Avrasiya UniversitetindəXatirə Fərəclinin kitabı təqdim olundu

Bakı Avrasiya Universitetində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çap olunan “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” adlı kitabın təqdimatı keçirilib.

Kitab «Mədəni İnkişafın Təbliği» İctimai Birliyinin Maarifləndirici təşəbbüslər çərçivəsində “Dəyərlərimiz – vəhdətimiz: Multikulturalizm” layihəsi əsasında Azərbaycan və ingilis dillərində çap olunub. Müəllifi Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəclidir.

Xatirə Fərəcli tədbiri giriş sözü ilə açaraq kitab haqqında ətraflı məlumat vermək üçün sözü Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Həmkarlar təşkilatının sədri Asiya Əhmədovaya verdi. Alban – Udi xristian icmasının sədri Robert Mobili, alim, Filologiya elmləri doktoru və Bakı Avrasiya Universitetinin professoru Elmira Məmmədova-Kekeç, Xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu, Texnika elmləri üzrə fəlsəfə doktoru Turan İbrahimov, yazıçı, şair, publisist və jurnalist Pünhan Şükür,  şair, tərcüməçi, Rusiya Federasiyası, Gürcüstan Respublikası və Azərbaycan Respublikası Yazıçılar Birliklərinin üzvü Giya Paçxataşvili, Cənubi Azərbaycan  şairi Yaqoob Osili, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu beynəlxalq əlaqələr şöbəsindən Vəfa Saleh, Turan Yazarlar Birliyinin sədri Surxay Məhəmmədoğlu, Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan diasporasının fəal üzvü Mehriban Abdullayeva, Xırdalan–Abşeron Mərkəzləşdirilmiş kitabxana sisteminin kitab işləmə şöbəsinin müdiri Pərvanə Muradova,  yazıçı, şair, tele-aparıcı, biznes-təlimçi Feyziyyə Soltanmurad, Bakı Avrasiya Universiteti kitabxana informasiya mərkəzinin müdiri  Məlahət Alıyeva və başqaları çıxış edərək kitabın əhəmiyyətindən bəhs etdilər.

Tədbirdə Bakı Avrasiya Universitetinin elmi-pedaqoji heyəti və tələbələrinə  Azərbaycan və ingilis dilində  çap olunan “Multikulturalizm: Nəzəriyyə, beynəlxalq təcrübə və Azərbaycan modeli” kitablar paylandı.

Şəbnəm Hüseynova