2026-cı il 25 fevral günü Şəki Dövlət Peşə Təhsil Mərkəzində ingilis dili üzrə fənn müəllimi Ülviyyə Məmmədovanın təşkilatşılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş bədii tədbir keçirildi. Tədbir Şəki şəhər Çingiz Mustafayev adına Mədəniyyət evində baş tutdu. Mədəniyyət evində böyük izdiham yaşanırdı.
Nəfəs kəsən soyuğa baxmayaraq tədbir iştirakçıları və təşkilatçıları oraya axın-axın doluşurdular. Bədii tədbirin birbaşa iştirakçıları öz istedadları, geyimləri və həyəcanları sayəsində böyük uğura imza atdılar.
Fəxri qonaqlar sırasında Mərkəzin adını daşıyan Çingiz Mustafayevin qardaşı, təcrübəli kinorejissor Vahid Mustafayev, Peşə Təhsili Mərkəzinin rəhbəri Şahin Şirinzadə, şair-tərcüməçi Giya Paçxataşvili, «Yurd yaddaşı» Miniatür muzeyinin rəhbəri Xatirə xanım və digər önəmli ziyalılar, eləcə də şəhid ailələri, məktəbin müəllim və tələbə kollektivi vardı. Hamı həyəcanla səhnəyə çıxan məktəbin tələbələrinin çıxışını gözləyirdi. Rollar olduqca uğurlu və tələbələrə uyğun paylaşılmışdı. Hamının təsəvvüründə erməni faşistlərinin əlinə düşməməkdən ötrü o şaxtalı 26 fevral gecəsi meşəyə qaçmış insanların simvolları canlandırıldı. Övlada olan sevgisi ananı əsir düşməmək üçün meşəyə çəkib aparırdı…yanında da don vurmuş uşağı..
Şərti adı Xocalı olan uşaq obrazı, yaşlı kişi obrazı, ailə başçısı obrazı, Milli Qəhrəmanların obrazları tamaşaçıları həyəcan içində saxladı. Orada yaşamış müxtəlif peşə sahibləri kömək etməyə can atsalar da özləri də şəhidlərə çevrildilər. O şəhidlər ki, ölsələr belə ölməzlik qazandılar və bizi bu faciəli tarixi unutmamağa sövq etdilər. «Xudayar» təsnifi də yaddan çıxmadı.
Ümumən bu bədii gecə öz həvəskarlıq zəhməti, cəfakeşliyi və vətənpərvərliyi ilə hələ uzun müddət yaddaşlardan silinməyəcək.
Bədii tədbirin son akkordu Vahid Mustafayevə Peşə məktəb tələbəsi Əhmədov Rəsulun əl işi — ağac üzərində yandırma üsulu ilə hazırlanmış Çingiz Mustafayevin portreti Şahin müəllim tərəfindən hədiyyə olaraq təqdim edildi.
Şəhid ailələrinə isə məktəbin Dərzi qrupunun hazırladığı üzərində şəhid şəkilləri olan döş nişanları təqdim edildi.
Tədbirin uğurlu keçməsində məktəbin «Turizm təşkilatçısı» «Kompüter», » Mehmanxana», “Dərzi», və “Sığorta” qruplarının tələbələrinin xüsusi rolu oldu.
Xatirə Mikayılqızı
Şəki Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi

