Almaniyadan qonağımız var…

23 may 2023-cü il tarixdə Sumqayıt şəhəri Ə. Kərim adına Poeziya evində  30 il qürbət ölkədə — Almaniyada yaşayan türkmən şair, “Qürbətçi Türkmən Şair və Yazarlar Birliyi”nin təsisçisi Burhan Yaralının iştirakı  ilə qələm sahiblərinin görüşü keçirildi.  

“Yazarların yaradıcılıq görüşü, tükdilli ölkələrlə ədəbi münasibətlər” adlı dəyirmi masanın təşkilatçısı, AYB-nin Sumqayıt bölməsinin məsləhətçisi, AYB-də  “İrs” komissiyasının üzvü, “Zərif” Qadın Ədəbi Məclisinin, həmçinin “Mədəni İnkişafın  Təbliği” İctimai Birliyin sədri, “mitmedia.az” saytının rəhbəri, şair Xatirə Fərəcli tədbiri giriş sözü ilə açdı. İlk əvvəl Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların – Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Daha sonra, Sumqayıt şəhər 28 saylı tam orta məktəbin şagirdi Nərgiz Əkbərli “Qarabağ” şerini söylədi.

Təşkilatçı X.Fərəcli qonağı tədbir iştirakçılarına təqdim etdikdən sonra görüşün əhəmiyyətindən danışdı və  qeyd etdi ki, qürbətdə yaşayan şairlə yazarların birgə əməkdaşlığı ədəbi mühitdə öz bəhrəsini verəcək.

Tədbir iştirakçıları: Sumqayıt Poziya evinin rəhbəri, şair İbraim İlyaslı, Respublikanın Əməkdar jurnalisti, yazıçı Eyruz Məmmədov, həmçinin qələm sahiblərindən Süleyman Hüseynov, Giya  Paçxataşvili, Xəqani Abbasəli Öztürk, Əliyar Fərzəliyev,  Nəsrəddin Məhəmmədoğlu, Məryəm Aslanqızı, Mədaxil Cavadlı, Aygün Hacıyeva, Rəna Təbəssüm, Vüsal Ağa, Əliyar Mərdiyev, Nazir Rüstəm, Yaqub Üsuli, Sehran Allahverdi, Mürvət Əfqanoğlu, Səmayə Ağayeva, Əli Bəy Azəri, Cabir Alpantürk, İmadədin Səlim, Ədalət Əroğlu, Aynur Cəlilova, Aygün Fikrətqızı, Əliyar Günəşoğlu, Səadət Salmanqızı, Gülnar Məmmədli, Məlahət Mirzəyeva, Maya Nuriyeva, Cəbrayıl Qəmbər və b.  mövzu ilə bağlı çıxış edərək, fikir mübadiləsi apardılar.

Çıxışlar zamanı 2012-ci ilin 1 noyabr tarixində yaradılan, türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən, beynəlxalq hökumətlərarası təşkilat olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) genişmiqyaslı, məqsədyönlü fəaliyyətindən söz açıldı. Qeyd olundu ki, bu gün türkdilli xalqların dostluq və əməkdaşlıq təməlini qardaş xalqlar arasında ortaq tarix, mədəniyyət və dil kimi dəyərlər təşkil edir. Bu dəyərlər bölgədə və dünyada sülhə, tərəqqiyə və rifaha xidmət edəcək siyasi iradənin məhsuludur. Türkdilli xalqların bir çox sahələrdə birgə əməkdaşlığının genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması türkdilli ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsi deməkdir və dünya ictimaiyyətinin türkdilli xalqların nailiyyətləri haqqında məlumatlandırılması önəmli faktorlardan sayılır.

Natiqlərtərəfindən türk xalqları arasında mənəvi birlik məsələsi yönündə aparılan müzakirələrin artmasının müsbət cəhətləri qeyd edilərək, dil birliyimizin təmin edilməsi sahəsində atılacaq addımlar xüsusi vurğulandı. Qeyd olundu ki, türkdilli xalqlar arasında böyük bağların yaranıb inkişaf etməsi, ortaq türkcənin yaranması əhəmiyyətlidir. Xalqlar arasında mənəvi-mədəni əlaqələrin möhkəmlənməsi üçün ardıcıl olaraq türkdilli xalqların ədəbiyyat, mədəniyyət soraqlarının toplu kitablar şəkilində işıq üzü görməsi vacibdir.

Həmçinin, tədbirdə bir neçə təklif də irəli sürüldü.Gələcək addımların planlı şəkildə atılması, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində elmi-bədii konsepsiyanın hazırlanması,tərcümə sahəsində işlərin və keyfiyyətin artırılması, Almaniyada yaşayan türkdilli xalqlar arasında yaradıcı insanların, istedadlı qələm sahiblərinin üzə çıxarılması, onların yazılarının toplu, almanax şəklində çap olunması və ictimaiyyətə təqdim olunması,  bu kitabların müxtəlif dillərə tərcümə olunub yayımlanması məsələsinə də toxunuldu. Tədbir boyunca şairlər öz şeirlərini də səsləndirməyi unutmadılar.

 Sonda söz qonağa — şair Burhan Yaralıya verildi. O, səmimi  qarşılanmaya, göstərilən diqqətə və maraqlı keçən görüşə görə, təşkilatçıya və əməyi keçən insanlara öz minnətdarlığını bildirdi. İştirakçılarla fikirlərini bölüşən şair, bir neçə şeirini söylədikdən sonra, təkliflərini  bildirdi. O, təsisçisi olduğu və Almaniyada nəşr olunan  “Qürbət yanğısı” jurnalının bir nömrəsinin dəyirmi masada iştirak edən qələm əhlinin yaradıçılığına həsr olunacağını vurğuladı. Həmçinin, öz şəxsi vəsaiti hesabına, yaxın zamanlarda qələm sahiblərinin yaradıcılığını əks etdirən  Almanax  kitabın nəşr olunacağına söz verdi. 

       Tədbirin sonunda təşkilatçı Xatirə xanım Fərəcli “Dəyirmi masa” iştirakçılarına, xüsusən də tədbirin keçirilməsinə şərait yaradan və dəstək olan Sumqayıt Regional Mədəniyyət İdarəsinin müdiri Rəşad bəyə və Sumqayıt Poeziya evinin rəhbəri İbrahim İlyaslıya, həmçinin təşkilati işlərdə fəallıq göstərən Şəbnəm Hüseynovaya və Samirə Şaqavatovaya öz dərin təşəkkürünü bildirdi. X.Fərəcli rəhbəri olduğu ictimai birlik adından qonağa və məktəbli qiraətçi N Əkbərliyə “Təşəkkürnamə” təqdim etdi.

23.05.2023-cü il tarixdə Sumqayıt Poeziya evində baş tutan maraqlı tədbir çəkilən fotoşəkillərlə və kameranın yaddaşına həkk olunaraq xoş xatirəyə çevrildi…

Aygün Hacıyeva,

AJB-nin və AYB-nin üzvü