Rauf bəy, arașdırma məqalənizi oxudum, bəyəndim və mövzuya dəstək istiqamətində öz rəyimi bildirirəm.
Çoxdandr ki, «Mən kiməm?» ritorij sualı ətrafında ara-sıra düşünürəm. Bu yazınız bu istiqamətdə mənə daha bir impuls verdi. Bu arașdırmanız sadəcə bir deyimin izahı deyil, insanın min illərdir özünə verdiyi ən qədim suallardan birinə yenidən qayıdışdır: Haqq nədir, Tanrı nədir və insan bu ikisinin arasında haradadır?
“Haqq Tanrıdan ucadır” — kəlmə etibarilə sadə, məna etibarilə isə dərin bir uçurumdur. O uçurumun o tayında inanc, bu tayında idrak dayanır.
Bəlkə də əcdadlarımız Haqqı Tanrıdan uca sayarkən Tanrını ucaltmaqdan imtina etmirdilər; əksinə, Tanrının insan şüurunda görünən ən böyük təcəllisini Haqq adlandırırdılar.
Nəsiminin “Ənəlhəq” fəryadı da burada başqa bir məna qazanır. Bu, “mən Tanrıyam” deyən nəfsin səsi deyil, “mən”dən keçib Haqqa çatan insanın fəryadıdır. Nəfs danışanda “mən” böyüyür, Haqq danışanda “mən” yox olur.
Bəlkə də insanın ən böyük yüksəlişi özünü uca görməsi deyil, öz “mən”inin nə qədər kiçik olduğunu dərk etməsidir.
Tanrını axtaran göyə baxar, Haqqı axtaran özünə.
Tanrını duymaq inancdır, Haqqı dərk etmək idrak.
İnanc insanı Tanrıya aparar, Haqq isə insanı insan edər.
Və məncə, bu deyimin ən sirli tərəfi də elə bundadır: Haqq Tanrıdan uca deyil; Haqq insanın Tanrı haqqında dərk edə bildiyi ən uca həqiqətdir.
Bəlkə də insan ömrü boyu Tanrını axtardığını düşünür, amma sonda tapdığı öz içindəki Haqq olur.
Çünki insanın ən uzun yolu göydən göyə deyil, özündən özünə gedən yoldur.
Özündən Haqqa çatan insan isə anlayır ki, Haqq heç vaxt ondan kənarda olmayıb.
Bu baxımdan yazınız məni bir daha düşündürdü: Həqiqət tapılan bir yer deyil, insanın öz içində oyatdığı bir işıqdır.
Rafiq Mehdiyev
