Nəcibə İlkinin 30-cu kitabının təqdimatı keçirildi

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan yazıçı, şairə — publisist Nəcibə İlkinin 65 illik yubileyi və 30-cu kitabının imza mərasimi münasibətilə ədəbi tədbir keçirilib. Tədbirdə tanınmış ədəbiyyat nümayəndələri, ziyalılar, şair və yazıçılar, millət vəkili, eləcə də müəllifin dostları və yaradıcılığını sevənlər iştirak ediblər.

Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının sədri  Rəşad Məcid açaraq Nəcibə İlkinin həyat və yaradıcılıq yolundan danışıb. O, yubilyarı 65 illik ömür yolu və ədəbiyyata verdiyi töhfələr münasibətilə təbrik edib, gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.

Çıxış edən millət vəkili Razi Nurullayev müəllifin ədəbiyyatçı kimi fəaliyyətindən söz açıb, onun yaradıcılığını yüksək qiymətləndirərək yubilyara xoş arzularını çatdırıb.

Nəcibə İlkinin yaradıcılığında insan duyğuları, həyat həqiqətləri, mənəvi dəyərlər, eləcə də cəmiyyətin müxtəlif məsələləri geniş əksini tapır. Şairənin poeziya və publisistika sahəsində fəaliyyəti, sözə və ədəbiyyata bağlılığı onun yaradıcılıq yolunun əsas istiqamətlərini təşkil edir.

Qeyd edək ki, müəllifin dörd kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində keçirilib. Bu təqdimatlar onun əsərlərinin oxuculara çatdırılması və ədəbi mühitdə tanıdılması baxımından əhəmiyyətli olub.

Tədbir çərçivəsində Nəcibə İlkinin  30-cu kitabı imzalanaraq oxuculara təqdim edilib, yubilyarın yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilib, ona yeni-yeni uğurlar və uzun ömür arzulanıb.

65 illik ömür, 30 kitablıq yaradıcılıq yolu — Nəcibə İlkin sözə, sənətə və ədəbiyyata bağlılığını yeni əsərlərlə davam etdirir.