Müəllimlik bütün peşələrin ən başlıcası, ən müqəddəs və ən şərəflilərindən biridir. Çünki insan hansı zirvəyə yüksəlirsə yüksəlsin, ömrünün hansı yolunu gedirsə getsin, yaddaşının bir guşəsində ona ilk hərfi yazdıran, ilk kitabı sevdirən, doğru ilə yanlışı ayırmağı öyrədən bir müəllim yaşayır. Alimin də, həkimin də, mühəndisin də, fəhlənin də, Vətənə xidmət edən hər bir insanın da yetişməsində müəllim əməyinin payı var. Hər kəsin ömründə müəllimdən qalan bir söz, bir nəsihət, bir baxış, bir xatirə olur. Bəzən illər keçir, həmin sözün mənasını insan yalnız həyatın çətin yollarından keçəndən sonra anlayır. Zaman ötdükcə yaddaşda qalan müəllim obrazı daha da doğmalaşır, onun vaxtilə söylədiyi sadə bir kəlmə belə illərin arxasından gələn qiymətli nəsihətə çevrilir.
Müəllim ömrü qəribə ömürdür. O, öz həyatından illər verir, əvəzində yüzlərlə insanın gələcəyində yaşayır. Sinif otağında deyilən söz bir gün həkimin şəfa verən əlində, alimin düşüncəsində, zəhmət adamının alın tərində, vicdanlı bir insanın ədalətli qərarında öz bəhrəsini göstərir. Müəllim bəzən özü də bilmədən bir uşağın gələcək taleyinə toxunur. Onun vaxtında dediyi bir kəlmə ümidsiz bir qəlbə inam gətirir, verdiyi bir məsləhət yanlış addımın qarşısını alır, göstərdiyi etimad isə bir insanın özünə inanmasına səbəb olur. Elə buna görə də müəllim əməyinin bəhrəsini yalnız məktəb illəri ilə ölçmək mümkün deyil. Bu əməyin nəticəsi illər sonra yetişən insanların həyatında, əməllərində, davranışlarında görünür.
Müəllimlik yalnız kitab açıb dərs danışmaq deyil. Müəllimlik insan yetişdirməkdir. Hələ dünyanı tam tanımayan uşağın qəlbində yaxşılığın, mərhəmətin, dürüstlüyün, zəhmətin, cəsarətin toxumlarını əkməkdir. Əsl müəllim şagirdinə yalnız nəyi bilməli olduğunu deyil, necə insan olmalı olduğunu da göstərir. Onun öz davranışı çox zaman söylədiyi sözlərdən daha təsirli dərsə çevrilir. Şagird müəlliminin dürüstlüyünü görüb dürüst olmağı, mərdliyini görüb qorxmamağı, zəhmətini görüb çalışmağı öyrənir. Belə müəllimlər illər keçəndən sonra da unudulmur. Onların adı çəkiləndə yaddaşlarda təkcə sinif otaqları deyil, bütöv bir insanlıq məktəbi canlanır.
Belə müəllimlərdən biri də Höccət Fərəcov idi. O, 1931-ci ildə Yardımlı rayonunun Alçabulaq kəndində dünyaya göz açıb. Orta təhsilini də doğulduğu kənddə alıb. Müəllimlik Həccət müəllimin həyat yolunun ən mühüm və mənalı istiqamətlərindən biri olub. O, 1951-ci ildə Lənkəran Pedaqoji Məktəbini bitirdikdən sonra doğma Yardımlıya qayıdaraq pedaqoji fəaliyyətə başlayıb. Alçabulaq, Daşkənd və Vəlixanlı məktəblərində çalışan Həccət müəllim əmək fəaliyyətinə müəllim kimi başlayıb, sonralar biliyi, təcrübəsi və məsuliyyəti ilə seçilərək məktəb direktoru vəzifəsində çalışıb.
Lakin o, əldə etdiyi biliklərlə kifayətlənməyib. Qiyabi yolla ali təhsil alaraq daim öz üzərində çalışıb, biliyini və pedaqoji təcrübəsini zənginləşdirib. Təhsilə bağlılığı, öyrənmək və öyrətmək həvəsi onun bütün müəllimlik fəaliyyətinin əsas qayəsini təşkil edib. O, müəllim adının məsuliyyətini dərindən dərk edən, öyrənməyi özü üçün daimi ehtiyac, öyrətməyi isə mənəvi borc bilən maarif adamlarından olub. Onun fəaliyyəti yalnız məktəb divarları ilə məhdudlaşmayıb. Rayonun ictimai həyatında da fəallıq göstərib. Bir müddət “Yeni kənd” qəzeti ilə əməkdaşlıq edib. Sonralar sovxoz ilk partiya təşkilatının katibi, rayonlararası qiyabi orta məktəbdə direktor müavini, rayon xalq maarifi şöbəsində metodist kimi çalışıb. Harada işləməsindən asılı olmayaraq, onun həyatının əsas qayəsi insanlara faydalı olmaq, bildiyini bölüşmək, maarifə və təhsilə xidmət etmək olub. Müxtəlif vəzifələrdə çalışması onun müəllim təbiətini dəyişməyib. Əksinə, qazandığı təcrübəni insanlarla bölüşmək, təhsilin inkişafına xidmət etmək imkanlarını daha da genişləndirib.
Höccət müəllim üçün müəllimlik sadəcə bir peşə olmayıb. Bu, onun xarakterinə, düşüncəsinə, insanlarla münasibətinə hopmuş bir həyat yolu olub. Əsl müəllimin böyüklüyü də elə bundadır. Məktəbin qapısından çıxandan sonra müəllimliyini unutmamaq, insanlara münasibətdə də öyrədən, yol göstərən, doğru sözünü söyləyən bir insan olaraq qalmaq hər kəsə nəsib olmur. Onun müəllimliyi vəzifə adı ilə başlayıb bitməyib. Höccət müəllim harada olubsa, insanlara münasibəti, sözü və davranışı ilə müəllim olaraq qalıb. Onu tanıyanların yaddaşında Həccət müəllimin ən qiymətli xüsusiyyətlərindən biri qorxmazlığı olub. Həqiqətin üzünə dik baxmağı bacarıb. Çətinlik qarşısında geri çəkilmək, haqq bildiyi sözü deməkdən çəkinmək onun xarakterinə yad olub. Sözünü yerində və açıq deməsi, haqsızlıq qarşısında susmaması onun şəxsiyyətini səciyyələndirən əsas cəhətlərdən olub. Bəzən bir insanı yaddaşlarda yaşadan tutduğu vəzifələr, aldığı mükafatlar deyil, məhz belə xüsusiyyətlər olur. Çünki vəzifələr dəyişir, illər keçir, sənədlər saralır, amma insanın xarakterindən başqalarının yaddaşına düşən işıq asanlıqla sönmür.
Haqqın yanında dayanmaq həmişə asan olmayıb. Doğru sözü söyləməyin müəyyən çətinlikləri, bəzən də ağır nəticələri olur. Lakin müəllimin böyüklüyü yalnız sinifdə uşaqlara dürüstlükdən danışmaqda deyil, həyatda özü də dürüst qala bilməkdədir. Həccət müəllimin həyatından qalan ən qiymətli dərslərdən biri də məhz bu olub. Onun davranışında sözlə əməl bir birini tamamlayıb. O, başqalarına aşıladığı dəyərləri ilk növbədə öz həyatında yaşatmağa çalışıb. İnsan doğru bildiyi yolda möhkəm dayanmağı, çətinlikdən qorxmamağı, öz ləyaqətini qorumağı bacarmalıdır.
Müəllimin şagirdinə öyrətdiyi hər şeyi dərsliklərdə tapmaq mümkün deyil. Həyatın elə dərsləri var ki, onların kitabı insanın özüdür. Bir müəllimin mərdliyi, sözübütövlüyü, insanlara münasibəti, haqsızlıq qarşısında susmaması gənc bir insan üçün ən təsirli dərs ola bilər. Belə dərslərin nə imtahanı olur, nə də qiyməti yazılır. Onların nəticəsini illər sonra həyat özü göstərir. Həccət müəllimi tanıyanların yaddaşında onun məhz belə xüsusiyyətlərinin yaşaması göstərir ki, müəllimin ən böyük dərsi bəzən lövhədə yazdığı deyil, öz ömrü ilə göstərdiyidir.
Höccət müəllimin uzun illər ərzində göstərdiyi əmək diqqətdən kənarda qalmayıb. O, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində rəşadətli əməyə görə”, “Əmək veteranı” medalları və Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Bu təltiflər onun zəhmətinə verilən rəsmi qiymət olub. Ancaq müəllim üçün ən böyük mükafat yetişdirdiyi insanların onu hörmətlə xatırlaması, illər sonra belə adını ehtiramla çəkməsidir. Çünki müəllimin əsl qiyməti təkcə aldığı təltiflərdə deyil, insanların yaddaşında qazandığı hörmətdə, yetişdirdiyi nəsillərin ona bəslədiyi minnətdarlıqda yaşayır.
1995-ci ildə Höccət müəllim dünyasını dəyişib. Lakin müəllim ömrü insanın dünyadan köçdüyü gün bitmir. Əgər onun verdiyi tərbiyə bir insanda yaşayırsa, dediyi söz çətin anda kiməsə yol göstərirsə, öyrətdiyi dürüstlük və cəsarət başqa bir insanın xarakterinə çevrilibsə, deməli, həmin müəllimin ömrü davam edir. Belə insanların yoxluğu zaman keçdikcə daha dərindən hiss olunsa da, onların mənəvi varlığı xatirələrdə yaşayır. Bir vaxt söylədikləri sözlər, etdikləri yaxşılıqlar, insanlara göstərdikləri doğru yol onları yaddaşlardan silinməyə qoymur.
İnsan həyatdan gedir, amma yaxşılıq qalır. Söz qalır. Əməl qalır. Bir də insanların qəlbində buraxdığı iz qalır. Müəllimdən qalan iz isə tamam başqadır. Çünki o iz bir ömürdən başqa ömürlərə keçir, bir insanın qəlbindən digərinə yol tapır. Bir müəllimin yetişdirdiyi şagird sabah başqa bir insana yaxşılıq edir, doğru söz deyir, haqqı müdafiə edir. Beləcə, müəllimin vaxtilə səpdiyi mənəvi toxum nəsildən nəslə yaşayır.
Höccət müəllim də yaddaşlarda belə yaşayır. Doğru sözün, zəhmətin, mərdliyin və müəllim adına sədaqətin işığında. Onun ömrünün mənası yalnız keçdiyi həyat yolunda deyil, özündən sonra qoyduğu mənəvi izdə görünür. Onu tanıyanların xatirələrində qorxmaz, haqqı deməkdən çəkinməyən, zəhmətə və təhsilə dəyər verən bir müəllim obrazı yaşayır. Əsl müəllim isə qəlblərə toxunaraq yaşayan insandır.
Bəlkə də müəllimlik peşəsinin ən böyük sirri elə budur. Müəllim bir gün sinif otağından çıxır, illər sonra həyatdan da köçür, amma öyrətdikləri qalır. Şagirdlərinin sözündə, düşüncəsində, davranışında yaşayır. İllər keçsə də, belə müəllimlərin səsi yaddaşlardan çəkilmir. Onların öyrətdiyi doğrular insanın həyat yolunda görünməz bir çıraq kimi işıq saçır.
Çünki bəzi müəllimlər yalnız dərs öyrətmir. Onlar öz ömürləri, xarakterləri və əməlləri ilə insan kimi yaşamağı öyrədirlər…

Samir Əsədli
