AYB Həmkarlar İttifaqı Zəfər bayramı münasibəti ilə Qarabağ səfəri təşkil etdi

Firuzə xanım Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri seçiləndən bəri həmkarlarla çox yerləri gəzmişik. Əməkdaşlarımız daha çox Nabranda, Şəkidəki Kiş məbədinin qonaq evində dincəlməyi xoşlayırdılar. İki gün, iki gecə birgə istirahət edir, o iki günü, uzun yolçuluğu şeir yarışmasına çevirirdik. Masallıda, meşə kotteclərində maraqlı günlərimiz olub, Yardımlı şəlaləsi bizə Niaqara şəlaləsindən daha gözəl görünüb, İsmayıllı meşələrində, Xaçmazın «Cənnət bağı»nda içdiyimiz çayın, daddığımız kababın dadı hələ damağımızdadı. Xıdır Zində Baba, Bibi Heybət, Nardaran ziyarətgahlarını ziyarət etmişik, Tarix muzeyinə, Qala açıq muzeyinə baxdıqdan sonra süfrədə çörək kəsmişik, teatrda, Opera Studiyasında sənətdən zövq almışıq. Otuz il ərzində kollektiv şəkildə dünyanın gözəlliklərinə heyran olmuş, mehribanlıqdan gözəl daha nə ola bilər sualına cavab axtarmışıq. Ola bilərdimi ki, bizim Həmkarlar İttifaqımız Qarabağla bağlı bir bizi başına yığmadın, bir tədbir görməsin?

Dünən xalqımız bayramların ən müqəddəsini, ən mübarəkini qeyd etdi. Bizim Həmkarlar İttifaqı da qərara aldı ki, Böyük Zəfərimizin 5 yaşını elə uğrunda saysız-hesabsız şəhid verdiyimiz o müqəddəs torpaqlarda qeyd edək. Həmkarlar, onların ailə üzvləri məmnuniyyətlə təklifimizə səs verdilər. 8 Noyabrın sübhü açılmadan müqəddəs yola çıxdıq. Sözlə ifadə edilməsi mümkün olmayan bir səfər başladı. Ağdam postuna çatanda həyəcanlanmamaq mümkün deyil. Ayağını torpağa basmağa ürək eləmirsən. Ağdam əldən gedəndə çox şəhid vermişik. Şəhidlərin adları yazılmış lövhədə 7 min insanın ömrünün bu yerdə bitdiyi qeyd edilir. Ağdamdan Əsgərana, Xocalıya irəlilədikcə 30 il əsirlikdə qalmış şəhid qəbirlərinin də gün işığına çıxdığını görürsən. Yarası millətimizin ürəyinə əbədi qazılmış Xocalıda yeni, abad evlər tikilib, çox gözəl park salınıb. Yamyaşıl, güllü-çiçəkli parka baxdıqca gözlərimə Çingiz Mustafayevin çəkdiyi dəhşətli kadrlar gəlirdi. Allah düşmənimizin bəlasını versin, o travmalardan bizim nəsil yəqin ki, qurtulmayacaq, gələcək nəsil də o faciəni unutmasın. Xocalıdan Şuşaya gedirdik. Bələdçimiz kövrəldiyimizi görüb, növbəti dəfə şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyib, Şuşaya qalxdığımızı elan etdi. Hər dəfə Şuşa deyiləndə bilmirəm, hisslərimi necə ifadə edim, Rəşad Məcidin misrası köməyimə gəlir: «Tilsimdir, ovsundur, cadudur Şuşa». Bundan artıq nə deyim?! Şuşamız-səcdəgahımız sürətlə bərpa olunur, artıq dördüncü ziyarətimdi, hər dəfə yeni binaların tikildiyini, şəhərin xeyli abadlaşdırıldığını görürəm. Dünyanın ən gözəl şəhərlərindən olacaq, bizimsə əbədi qibləgahımızdır Şuşa. Xanın kəndinə varanda günün son işartıları bizi bu şəhəri görməyə tələsdirirdi. Yayda gördüyümdən daha gözəl göründü mənə. Axşamı da bir başqadı. Daha da gözəl olacaq Xankəndi. Dönüşdə Ağdaşda çay süfrəsində həmkarlarla təəssüratımızı bölüşdük, vallah mənə elə gəldi ki, daha da arınmışdıq, saflaşmışdıq, dostlar yenə belə bir səfər arzusunda olduqlarını söylədilər. Mən də bir dilək dilədim: Allah Həmkarlarımızın sədri Firuzə Məmmədliyə can sağlığı versin, gələn dəfə mədəni-kütləvi tədbirlər silsiləsindən Zəngilanı, Kəlbəcəri, Laçını ziyarət edək, Cəbrayıla, Qubadlıya qonaq gedək. Bələdçimiz tez-tez dərələrdən keçən, dağlara qalxan yolları göstərib, » bu yol Laçına gedir», deyirdi. Gözlərim o yolda qalıb…

Arifə Əliyeva

AYB Kadrlar şöbəsinin rəisi