26 Noyabr – Kələğayı günü Xaçmazda xüsusi tədbirlə qeyd olundu

Noyabrın 24 də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin Xalça muzeyi filialında 26 Noyabr – Kələğayı gününə həsr olunmuş geniş miqyaslı tədbir keçirilmişdir. Tədbir Azərbaycan xalqının çoxəsrlik ipəkçilik ənənələrinin, milli dəyərlərinin və qadın zərifliyinin rəmzi olan kələğayı sənətinin təbliği məqsədi daşıyırdı.

Kələğayı – İpəyin yaddaşı, millətin kimliyi

Tədbirin giriş hissəsində Azərbaycan mədəniyyətinin unikal nümunəsi olan kələğayının tarixi və mənəvi mahiyyəti barədə məlumat verildi. Bildirildi ki, kələğayı təkcə milli baş örtüyü deyil, həm də incəlik, saflıq, namus, ismət və barışıq rəmzidir. Onun üzərindəki buta, güllü və budaqlı naxışlar bir xalqın həyat fəlsəfəsini, estetik düşüncəsini və yüzillik ənənələrini özündə yaşadır.

Çıxışçılar vurğuladılar ki, kələğayı sənəti Azərbaycanın ən qədim ipəkçilik mədəniyyətlərindən birinin canlı şahididir. Bu sənətin mərkəzlərindən olan Basqal qəsəbəsi tarix boyu həm ipək istehsalı, həm də kələğayı boyaqçılığı ilə tanınıb.

Dövlət qayğısı və beynəlxalq etiraf

Çıxış edən natiqlər son illərdə kələğayının yenidən gündəmə gətirilməsi və istehsalının dirçəldilməsi istiqamətində atılan addımları xüsusi qeyd etdilər. Bildirildi ki, Azərbaycan dövləti milli irsin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirir.

2003-cü ildən İsmayıllı rayonunun Basqal qəsəbəsində fəaliyyət göstərən “Kəlağayı” İpək Mərkəzi bu ənənənin müasir dövrdə yaşadılmasında mühüm rol oynayır. Mərkəzin fəaliyyəti nəticəsində kənddə ipəkçilik ənənələri yenidən canlanmış, yerli sənətkarların fəaliyyəti genişlənmişdir. Bundan əlavə, Basqalda yaradılmış interaktiv “Kəlağayı” Muzeyi həm yerli sakinlərin, həm də xarici turistlərin diqqətini cəlb edən unikal mədəni məkan kimi fəaliyyət göstərir.

Tədbirdə xatırladıldı ki, 26 noyabr 2014-cü il tarixində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan kələğayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Bu qərar Azərbaycanın zəngin mədəni irsinin dünya miqyasında tanınması və qorunması baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Milli mirasın gələcəyə ötürülməsi

Tədbirdə çıxış edənlər Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirici fəaliyyətlərin vacibliyini vurğuladılar. Kələğayının yalnız keçmişdən qalan bir xatirə deyil, bu günü və gələcəyi birləşdirən milli yaddaş nümunəsi olduğu qeyd edildi.

Çıxışlarda bildirildi ki, hər bir azərbaycanlı, xüsusilə gənclər bu irsi tanımalı, qorumalı və yaşatmalıdır. Kələğayı – bir xalqın zövqünü, dünyagörüşünü və incəliyini əks etdirən yaşar mədəniyyət nümunəsidir və onu yaşatmaq həm mənəvi borc, həm də mədəni gələcəyimizə verilən ən böyük töhfədir.

Tədbirin sonunda məktəblilərin ifasında milli rəqslərimiz, Vətənə həsr olunan şeirlər ifa olundu.

Son söz

 Kələğayı Gününə həsr edilmiş tədbir milli-mədəni dəyərlərin təbliği, tarixi irsin yaşadılması və geniş ictimaiyyətə çatdırılması baxımından önəmli bir hadisə oldu. Tədbir iştirakçılarının fikrincə, 26 noyabr yalnız bir qeyd günü deyil, həm də minillik sənət irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün mühüm bir çağırışdır.

Gülxar RƏHİMLİ,

AJB-nin üzvü.