Xaçmaz şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində şair, Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri Firuzə Məmmədlinin 85 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Əməkdar jurnalist Azər Həsrət, «İlham Çeşməsi» elmi-ədəbi məclisinin sədri Böyükağa Ağa, «Ulduzlar» ədəbi məclisinin sədri Fərzalı Ziyanur, yerli şair və yazıçılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İçtirakçıları əvvəlcə şairin kitablarından ibarət sərgi ilə tanış olublar, onun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında Xaçmazın görkəmli şəxsiyyətlərinin, istedadlı insanlarının Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat tarixində mühüm rol oynadığını diqqətə çatdırıb. O, belə şəxsiyyətlərdən birinin də istedadlı şair, professor Firuzə Məmmədli olduğunu bildirib.
Qeyd olunub ki, Firuzə Məmmədli yalnız şair kimi deyil, həm də prezident təqaüdçüsü, dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın tanınmış elm adamlarındandır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Əməkdar jurnalist Azər Həsrət, «Ulduzlar» ədəbi məclisinin sədri Fərzəli Ziyanur və digər çıxış edənlər Firuzə Məmmədlinin həyat və yaradıcılığından, zəngin ədəbi irsindən danışıblar, onun Azərbaycan ədəbiyyatına, təhsilinə və ictimai həyatına verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Tədbirin bədii hissəsində şairin qələmə aldığı şeirlər səsləndirilib, mahnılar ifa olunub.
Sonda yubilyara Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Firuzə Nurəddin qızı Məmmədli 10 yanvar 1940-cı ildə Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə bitirib.
Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. «Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Həmçinin 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar Komitəsinin sədridir. 1973-1975-ci illərdə Azərbaybaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı, 1975-1980-ci illərdə APİ-nin partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü olmuşdur. Firuzə Məmmədli 1965-ci ildə «Vahid Azərbaycan» uğrunda mübarizəyə qoşulduğuna görə 1969-cu ildə repressiya və təqiblərə məruz qalmışdır.
Firuzə Məmmədli ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun «Dostluq» qəzetində çıxan «Ay həkim» adlı şeirilə başlamışdır. Ondan sonra dövri mətbuatda öz lirik şeirilə vaxtaşırı çıxış etmişdir. 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazmışdır. «Bədii dilin mənbələri» monoqrafiyasını başa çatdırmışdır. Tərcümə etdiyi özbək uşaq hekayələri «Dost əlini uzatsa» (1990) kitabında dərc olunmuşdur. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
Firuzə Məmmədli dilçi-alim, ədəbiyyatşünas kimi Respublikamızın elmi ictimaiyyətinə yaxşı tanışdır. Onun «Seçilmiş əsərlərin»nin III cildinə daxil edilmiş «Y. V. Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri», «Bədii dilin estetik mənbələri», «Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri» monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis alimlər tərəfindən yüksək qiymətləndirilmiş, tələbə və magistrantların tez-tez müraciət etdiyi mənbələrdən biri olmuşdur. Sonrakı illərdə alimin Azərbaycan ədəbi dili (1990-2010-cu illər), «Azərbaycan dilində linqvistik ekvivalentlər» adlı elmi əsərləri çap olunmuşdur.
Firuzə Məmmədli bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da müəllifidir. O onlarla magistrantın elmi rəhbəri olmuşdur. Azərbaycan Dövlət Pedoqoji Universitetində işlədiyi 50 il ərzində yüzlərlə müəllim kadrlarının hazırlanmasında onun da xüsusi xidmətləri vardır.
«Gümüşü damla» adlanan ilk kitabı 1973-cü ildə «Gənclik» nəşriyyatı tərəfindən çap edilmişdir. Bundan sonra nəşr olunan «Yoluma bahar düşüb», «Sənin ömrün», «Yetkinlik», «Bir qarış ucalıq», «Məni mənlə bölən dünya», «Dilək yaxasına dönnəm yenidən», «Aşacağam zaman adlı sədləri» «Dərd üzünü gizləyir», «İki damla dəniz», «Nə yaxşı yaxamda söz medalım var», «Dünya gözəlliklə dolu», «Savaş fəsli», «Söz sizindir» və s. poetik topluları ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanmışdır. 2002-2019-cu illər ərzində şairənin on cildlik «Seçilmiş əsərləri» çapdan çıxmışdır.
Firuzə Məmmədli qələmini nəsr və tərcümə işi sahəsində də sınamış dünya ədəbi nümunələrinin dilimizə çevrilməsi sahəsində də bir sıra işlər görmüş — rus, özbək, tacik, türk və fars dillərindən tərcümələr etmişdir.
Firuzə Məmmədlinin şeirlərindən nümunələr ingilis, rus, özbək, türkmən, gürcü, ukrayn, polyak, fransız, türk və fars dilinə tərcümə edilmişdir.
1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən «Türkcənin Uluslararası Şeir Şöləninin» üç böyük mükafatından biri olan «Əlişir Nəvai» mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır. 2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən «Qızıl kəlmə» mükafatı, 2019-cu ildə «Nəsimi» mükafatı, 2021-ci ildə III dərəcli «Əmək» ordeni ilə təltif olunub.
Firuzə Məmmədli 37 şeir, nəsr və elmi tədqiqat əsərləri, o cümlədən 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.
Firuzə Məmmədli 2008-ci ilin Prezident təqaüdçüsüdür. O, 2012-ci ildə ADPU-nun 90 illik yubileyi münasibətilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.
Firuzə Məmmədli hələ tələbəlik illərində (1965-ci il) Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda gənclər hətəkatına qoşulmuşdur.
Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.
Müşfiq Qərib



