Ad günündə hər dəfə yazırdım ki, mart şairlər ayıdır. 22 martda dünyaya gəlmiş böyük şairimiz Səməd Vurğuna görə belə düşünürdüm, sonralar Yazıçılar Birliyində yubiley təqvimlərini hazırlayanda gördüm ki, qələm adamlarının çoxu 22 martda anadan olub. Məncə, valideynlər çox istəyiblər, övladlarının təvəllüdü Novruz bayramı ilə üst-üstə düşsün, sənədə elə yazdırıblar. Nisə Bəyimin qanuni ad günü 6 martdır. Natəvan Klubunun boş günü olmadığından yubiley mərasimini martın 18-ə saldıq. Sona Xəyalın tərtib etdiyi kitab da mərasimdə təqdim ediləcəkdi. Vaxt barədə Sonanı xəbərdar edəndə dedi ki, ilaxır çərşənbəyə düşür, gələn olacaq? İkiqat bayram olar, dedim. Ürəyimdən Firuzə xanımın öz yubileyində dediyi «bu da bir sınaqdır» fikri keçdi.
17-dən 18-ə keçən gecə sabahı diri açdım, nigaran idim, birdən gələn olmaz, aprel ayı təklif olunanda » yox, mart Nisənin ayıdır», demişdim.
Yazıçılar Birliyində səssizlik idi, bir az da narahat oldum. Qulağım səsdə, gözlərim qapıda, kim gəlsəydi sevinəcəkdim. Firuzə xanım da dünən özünü yaxşı hiss etmirdi, gəlməyə bilərdi. Saat 12-də Rəşad müəllim müntəzir qapımızı açdı. İlk sözü bu oldu ki, Anar müəllim gələ bilməyəcək. «Canı sağ olsun, siz buradasınız», dedim. «Hələ vaxta var, 10-15 dəqiqə qalmış qalxarıq kluba» deyib, çıxdı. Əvvəldən Rəşad müəllim demişdi ki, tədbiri o açacaq, o sarıdan arxayın idim. Yarım saat sonra Nisə Bəyimin qardaşı Əlihüseyn bəy zəng elədi, dedi ki, aşağıdadırlar, bacısının tələbə yoldaşlarını gözıəyirlər. Sonra dünyanın ən vəfalı insanı — Firuzə xanım gəldi. Çox keçmədən Aləmzar Sadıqqızı otağa girib, » buradayam» deyib çıxdı.
Natəvan Klubu dolmuşdu. Dairəvi masa bu qədər gülü-çiçəyi ildə ya bir, ya iki dəfə görmüş olar. Qadınların hamısı gözəl görünürdü, kişilər də alicənab. Nisə Bəyim xasiyyətcə unsiyyətcil deyildi. Yazıçılar Birliyinə gələndə ilk mənimlə görüşürdü, əliboş gəlməzdi, yeyəcəyini, hətta fincanını da gətirirdi. Əşyalarını yerbəyer edib, Anar müəllimlə görüşməyə gedirdi. Anar müəllimin Nisə Bəyimə xüsusi hörməti vardı. Sabirabadda ilk və hələki son Sabir poeziya günləri keçiriləndə sədrimizlə bərabər Nisə Bəyimin qonağı olmuşduq. Nisə Bəyim pandemiyanın tüğyan etdiyi vaxtda dünyasını dəyişmişdi, ona görə də yas mərasimində iştirak edə bilməmişdik. Vəfatının ikinci ildönümündə Firuzə xanımın başçılığı ilə Nisə Bəyimin məzarını ziyarət etdik. Bir neçə ay əvvəl Sabirabadda tədbirə gedən Anar müəllim də Nisə Bəyimin doğmaları ilə görüşmüş, şairin qəbrini ziyarət etmişdi.
Nisə Bəyimin ürək qızdırdığı həmkarları arasında İntiqam Qasımzadə də vardı, mütləq «Azərbaycan» jurnalının redaksiyasına qalxır, İntiqam müəllimlə, Südabə xanımla görüşürdü. Görüş mərasimləri bitəndən sonra yanıma gəlirdi, çay süfrəsində ürəyimizi boşaldır, şeirdən-sənətdən danışırdıq.
Nisə Bəyim, türk demiş, xanımağa idi, çox ciddi idi, düz idi, düzgünlüyü sevirdi, ədalətli idi, ədalət də cəsarətin olduğu yerdə var. Kimdənsə qorxub, haqsızlığa göz yumanın ədaləti özünə qalsın. Tıxsız balıq olmaq hələ yaxşı insan olmaq demək deyil. Nisə Bəyimi cəsarətli ədalətinə görə çox sevirdim, başına güllə də sıxsaydın həqiqətdən dönməzdi. Dönməzlik, məsləyinə, əqidəsinə sadiqlik insanın ilk növbədə özünə sayğısıdır. Etibarlı insan idi, vəfalı idi. Əmindim ki, kiminləsə bir gün düşmən olsa belə, onun sirrini açmaz, öz xeyrinə olsa belə, yanlışını elləbir etməzdi. Mərd insan idi. Bəyim tituluna şan gətirən xanım-xatun idi. Bu xüsusiyyətlərinə görə onun hər kəslə xasiyyəti tutmazdı. Amma facebook-da çoxlu dostu var idi. Paylaşımlarından onu tanımaq olurdu, ürəyindən keçənləri paylaşırdı, büllur kimi idi, ürəyi də, beyni də aydın görünürdü.
Yubiley mərasimi başladı. Rəşad müəllim Nisə Bəyimin yaradıcılığından söz açdı. Firuzə xanım həm də qadın haqlarının müdafiəçisi ola bilərdi. Məhsəti xanımdan başlamış Nisə Bəyimə qədər xanım qələmdaşlarının yaradıcılıqlarını çağlarının kontekstində təhlil etdi. Kaş Firuzə xanım kimi bilgələr 200 il yaşayaydılar və ömürlərinin 170 ilini müəllimliyə həsr edəydilər. Görkəmli tənqidçi Vaqif Yusiflinin çıxışı məruzə sayılacaq akademik bir təqdimat idi. Vaqif müəllimin hər cümləsindən, səsinin tonundan, üzünün ifadəsindən Nisə Bəyim yaradıcılığına nə qədər həssas münasibət bəslədiyi hiss olunurdu. Bəlkə beş saat mühazirə oxusaydı, biz məmnuniyyətlə dinləyəcəkdik. Şəxsiyyət və sənətin vəhdətindən danışmaq vicdanlı tənqidçi üçün yəqin ki, bəzmi-istirahətdir.
Tədbiri aparan Əsəd Cahangir Sona Xəyalı xüsusi təqdim etdi, səbəbsiz deyildi. Bu müqəddəs Ramazan ayında savab işlər görənlər çoxdu, amma elə bilirəm, Sona xanımın əməli savab qazanmaq istəyənlərə bir nümunə ola bilər. Nisə Bəyim haqqında yazıları bir kitaba toplayıb təmənnasız nəşr etdirmək ən gözəl əməllərdəndir. Biz də dəstək olaq, dedik, razı olmadı. İrs komissiyasının sədri kimi Sabirabad ziyarətimizdə o da bizimlə idi, Nisə Bəyimin evində dedi ki, şairin 70 illiyinə bir kitabla gələcək. Kişi qızı kimi dediyini etdi də. Türkiyədən hörmətli qonağımız vardı. Mətin bəy «Vətəndən-Vətənə gəldim» dedi, alovlu çıxışı məclisi bir az da rövnəqləndirdi.
Nisə Bəyimin qələm yoldaşları da, tələbə yoldaşları da, müəllim həmkarları da, ailə üzvləri də söz aldılar, danışdılar. Şəxsən mənim üçün çox maraqlı idi ki, tələbə yoldaşları onun haqqında nə deyəcəklər. Ən yaxın rəfiqəsi Sevda xanım çox kövrəlmişdi, sözü daha dilli-dilavər yoldaşlarına ötürdü.
Unudulmaz bir ilaxır çərşənbəsi yaşadıq, bayram-bayrama qarışdı. Qəribədir, hamı elə danışırdı ki, sanki Nisə Bəyimə xitab edirdi, sanki aramızda idi, bizi dinləyirdi və bütün deyilənlərlə razılaşdığı üçün susurdu.
Nisə üçün çox darıxıram, onunla keçirdiyim saatların xiffətini çəkirəm, sözümüz tuturdu, fikirlərimiz üst-üstə düşürdü, hərdən deyirdim, biz ruh əkiziyik. Dünən bir az toxtadım. Otağıma düşüb çay dəmlədim, lap Nisənin gəldiyi günlərdəki kimi. Nisə Bəyimin qardaşının xanımı Aygün bacım tort gətirmişdi, qızlarla tortu kəsdik, kimin qismətində vardısa, daddı. Dadmayanlar da evlərinə-ocaqlarına xoş ovqat apardılar. Nisə Bəyimin ruhunu şadlandıranlar, eviniz abad olsun, ocağınız gur yansın, ruzunuz aşıb-daşsın, əziz Novruz bayramımızın ovqatı, müqəddəs Ramazan ayının işığı elinizi-obanızı, dünyanızı nurlandırsın. Nisə Bəyim, səni 70 yaşında təsəvvür etmirəm, yuvarlaq yaşın mübarək. O təbiət qədər dolğun, o şimşəkli, qasırğalı, odlu-atəşli şeirlərin, romanların səni hər zaman diri tutacaq, yaşadacaq, daim zirvədən baxacaqsan. Kimləri görəcəksən, görmək istəyəcəksən, özün bilirsən. Deyirdin, » öləsən, sənə məktub yazalar ölməmiş kimi»… Sənə məktub yazmaq istəyirəm həmişə, bu da növbəti məktubum idi. Ardı olacaq İnşallah…
Arifə Əliyeva
Azərbaycan Yazıçılar Birliyində Kadrlar şöbəsinin rəisi.



