BAHARIN YOLLARI
Qəlbdəki ağrılar, qəlbdəki qəmlər
Süzülüb gözdəki yaşdan keçirmiş.
Sinədə göynəyən kövrək duyğular
Çevrilib xəyala, başdan keçirmiş.
Sevinc bir qarışdı, kədərsə dərin.
Boğulmam içində hər dərdi-sərin.
Dünyaya ümidlə baxan kəslərin
İşləri qayadan, daşdan keçirmiş.
Həsrət içindədir ürək sustalıb,
Onu qəm bələyib, onu qəm alıb.
Ha de ki. bahara bir addım qalıb,
Baharın yollan qışdan keçirmiş.
DƏNİZ-GÖY
Bu səhər, qəribədir.
Qımıldanmır göy dəniz.
Sinəsi şüşə kimi-
Nə bir dalğa,
Nə bir iz.
Səma da dupdurudur.
Buludlar ilkin düşüb.
Söykənib bir-birinə.
Dənizlə göy birləşib.
Hər yan göyə boyanıb.
Baxmadan keçmək olmur.
Seçmək olmur səmanı,
Dənizi seçmək olmur.
QAR
Qışqıranları susdurub
durdurdu yüyürənləri.
Aldı, əllərinə aldı,
bütün cilov, yüyənləri.
Yavaşıtdı uçan vaxtı,
iti gedəni ləngitdi.
Hay-həşir yarımçıq qaldı.
Qaçhaqaçları səngitdi.
Düşünməkdən beynim şişib.
Sızıldamaqdan ürəyim.
Bəsdi diddin yaddaşımı.
Barı qar olsun örnəyin.
DƏNİZ
Fırtınadan sonrakı dəniz
sakitcə düşünər öz dəli halını-
Birdən ürpənər.
titrəyər,
dərinliyindən bir son dəli dalğa şahə qalxıb
çırpar üzünü üzümə,
sonra sakit-sakit
düşünər başına gələnləri-
Ağlayar dəniz.
sinəsindəki muncuq-muncuq göz yaşlarıyla.
QƏFİL KÜLƏK
Bu nə qəfil külək idi.
Evin bacası yıxıldı.
Yerdə yastısı dağıldı.
Göydə ucası yıxıldı.
Küyə düşdü meyvə bağı.
Aşdı yerə üzüm tağı,
Şaqqıldadı tut budağı,
Narı, alçası yıxıldı.
Meydan oxuya-oxuya,
Döndü bir kabus-yuxuya.
Körpəsi düşdü qorxuya,
Gənci, qocası yıxıldı.
MƏĞRUR QAYA
Bu qayanın duruşundan əzəmət yağır.
Bu sahilin güvənc yeri, ümid yeridir.
Bu qayanın qarşısında dalğalar fağır.
Yüz həmləni sinəsində ovub, əridir.
Bu qayanın kökü dərin, qaməti uca,
Tufanlar da vüqarını sarsıda bilmir.
Yağışların gur selində çimir doyunca,
Şimşəklərin hədəsindən qorxub-əyilmir.
Leysanların, tufanların inadı sınır.
Gün işığı parıldayır qaya döşündə.
Şəfəqləri qucağına sıxıb qızınır.
Gülümsəyir damlaların düzülüşündə.
Məğrur qaya, bu dözümü mənə də öyrət.
Həyatın da öz tufanı, öz möhnəti var.
Belə məğrur dayanmağın sonunda əlbət,
Xoşbəxt-xoşbəxt gülümsəmək səadəti var.
CIDIR DÜZÜ
Dərədə möcüzə, dağda möcüzə,
Torpağa bu qədər vurulmamışdım.
Gözəllik önündə heç vaxt, heç vədə
Belə təzələnib durulmamışdım.
Dili tutulubmu torpağın. daşın?
Görən niyə belə səssizdi bu yer?
Haçansa Üzeyir ayağı dəyib.
Yəqin, ona görə əzizdi bu yer.
Sükuta bürünüb Cıdır düzümüz.
Bülbülün səsinə dalandan bəri.
Torpaq dərd əlindən qayalaşıbdır.
Ellər Natəvansız qalandan bəri.
Göz dikib bu yerə yağılar, yadlar.
Su olub düzündə axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Amma bu zirvəyə qalxa bilməyib.
Burda daşları da qoruyaq, gəlin.
Hansı bir daşdasa Vaqif qanı var.
Bura yaddaşıdır obanın, elin.
Burda hər bir nəslin öz ünvanı var.
Deyirəm, dünyada sevgi tapılmaz,
Övladın torpağa sevgisi kimi.
Bu yurd yaddaşımda qalacaq mənim
Tarixin möcüzə sərgisi kimi.
BİR OVUC TORPAQ
Torpaq cadar-cadar,
torpaq qupquru.
Diksindi bir ovuc su atdım qəfil.
Bu nəydi?
içində gizlənmiş qorun
Yoxsa ki, yanğısın oyatdım qəfil?
Çəkdi bir ovucluq suyu canına.
Sinəsi çatladı diqqətlə baxsan.
Bir ovuc torpağım ana torpağım
Araz suyu deyil, qorxdunmu. Yoxsa?
YAĞIŞDAN SONRA
Yağış əlləriylə
Bahar elə bil.
Səmadan, buluddan
Su sağar yerə.
Ağacdan ağappaq
Çiçəklər deyil,
Bir ağac kölgəsi
«Qar yağar» yerə.
Buludlar dağılar
Səmadan haçan,
Çəmənin çiçəyi
Ağıl çaşdırar.
Günü demirəm heç.
Torpağa baxsan,
Yamyaşıl otlar da.
Göz qamaşdırar.
GECİKMİŞ QAR
Göy üzü donunu çırpa bilmədi.
Ləngiyib apreldə ayıldı bu qar.
Yerdə özünə yer tapa bilmədi,
Bu qarı çiynində dəfn etdi otlar.
Ağappaq çiçəkli budaqda itib,
Güllərin köksündə yox oldu bu qar.
Bildilər qış fəsli, qış oyunu bitib
Bu qardan qartopu uman uşaqlar.
Hardakı gecikdi istəyim, arzum,
Hardakı mənzilə gec çatan oldum.
Gecikmiş qar təki qalmadı izim,
Gecikmiş qar təki baş qatan oldum.
QƏFİL YAĞIŞ
Günəşi dövrəyə aldı buludlar.
Oyandı göylərdə bir qəfil yağış.
Səmada çaxnaşma saldı buludlar.
Ələndi torpağa nur naxış-naxış.
Çiçəklər başını qaldırıb baxdı,
Bulud da. Günəş də göydə qoşaydı.
Şəfəqlər yağışa qarışıb axdı,
Səma çilçıraqdı, yer tamaşaydı.
Bu qəfil yağışın istəyi nəymiş,
Duruluq parladı havada, yerdə.
Bəlkə gözəllərin həsrətindəymiş:
Qızlar çiçəklədi pəncərələrdə.