“Zərif”lərin Qarabağ ağrısı silsiləsi… R.Şəms

Rəfiqə Şəms

Şəhid mələk

(Xocalı şəhidlərinə)

Allahdan xəbərsiz
düşdü bu gecə
dünyanın ürəyi qopdu
fəryad səsinə.

Baxdıqca gözü böyüdü,
nitqi qurudu tanrının.
Mat qaldı bəndəsinə.
Qanına bələnib bir el,
qarğışa keçib Xocalı –
canıyla əlləşir qocası, uşağı
kimdi bu allahlıq edən
Allahdan aşağı.

Nədir gəlincik yaşında ölən
o qızın günahı?
günəşlə bir oyanıb
gəlinciyinə don biçəcəkdi,
Albomunda qan – qadasız
günəşli dünya çəkəcəkdi.
Açılmadı sabahı
arzusu güllələndi bu balanın.
Of, tükəndi səbrim…
Uzanacaqmı Göydən
o qüdrətli əl
çıxacaqmı sonuna
dünyamı yıxan
Qarabağ adlı bu bəlanın?!