Şeirlər: Coşqun Xəliloğlu                                                      

                 XƏZƏRİM

Hər gün qəmli baxışla gözlərim sənə baxır,

Qəlbimdə göy gurlayır, başımda şimşək çaxır,

Suyunun çəkilməyi ürəyimi çox sıxır,

İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Sən, Bakımın həmdəmi, doğması, əzizisən,

Milyard ilin şahidi, yaddaşısan, izisən,

Şairlərin ilhamı, min mənalı sözüsən,

İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Dalğaların sahilə necə də can atırlar,

Bəzən şirə dönürlər, gah quzutək yatırlar,

Qırçın-qırçın ləpələr aləmə naz satırlar,

İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Günəş üfüqdən çıxır, bax, necə də gözəldir,

Sanki suyun üstünə səpələnənlər zərdi,

Bu gözəl ehtişamın məkanı göy Xəzərdir,

İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

Suyun yenə artacaq hökmüylə təbiətin,

Sənə kömək olacaq, dözümün, dəyanətin,

Əlini sıxacaqsan əbədi səadətin,

İncim, gövhərim mənim, Xəzərim, ay Xəzərim.

                   KÜR ÇAYIM

Axırsan qəmli-qəmli, axırsan yorğun-yorğun,

Sahilini basıbdır tikanlıq, kol-kos, yulğun,

Sənə sükut yaraşmır, səni görmüşük çılğın,

Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.

Vaxt varıydı suyun gur, adın kimi Kür idin,

Ellərə sevinc verən bərəkətdin, bar idin,

Üzün-gözün gülürdü, necə bəxtiyar idin,

Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.

Necə də fərəh ilə sularında üzərdik,

Sahilində dostlarla sevinc ilə gəzərdik,

Arzular səmasında xəyal ilə süzərdik,

Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.

Sənin belə axmağın ürəyimi dağlayır,

Kədərim ümman kimi coşur, daşır, çağlayır,

Yaddaşımı göynədən xatirələr ağlayır,

Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.

Bəlkə, Tanrı çəkibdir özü səni sınağa,

Bilirəm, dözümlüsən, tuş gəlməzsən qınağa,

Ümidimi kəsmirəm, ümid var xoş sabaha,

Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.

İnanmıram könlümü yandırıb-yaxacaqsan,

Tarlalara, düzlərə, bağlara axacaqsan,

Sən, yenə məğrur-məğrur Kür kimi coşacaqsan,

Mənim Tanrıdan payım, mənim doğma Kür çayım.