Elə bilirdim ki, olan-qalan yaxşı insanları barmaqla saymaq olar. Son 5-6 ildə maskası düşən insanlar o qədər çoxalıb ki, heç evdən bayıra çıxmaq istəmirəm. Amma Mahcamal xanımdan keçən yerim yoxdur, adı da, özü də işıq saçan bu gözəl insanla görüşə həmişə sevinirəm. Bu qışın ən qarlı-şaxtalı gününə təyin olunmuşdu Mahcamal xanımın yubiley mərasimi. Yol-iz bağlanmaq üzrəydi. Ürəyimdə tutmuşdum ki, maşın yolu bağlansa, piyada metroya gedəcəyik. Çinarə ilə bəzəndik-düzəndik, tez-tez də pəncərədən baxırdım, görüm nəqliyyat işləyirmi? Çinarə də mənə ürək-dirək verirdi ki, narahat olmayım, nə olursa-olsun məni Muğam Mərkəzinə çatdıracaq. Bu səfər də təlaşlandım ki, görəsən, gül mağazaları işləyir? Bu vaxt Mahcamal xanımdan zəng gəldi. «Allah xeyir eləsin» deyib, telefonu açdım. «Bu qədər insanı riskə ata bilmərəm, tədbiri təxirə saldım», dedi. Mərasimin başlamasına bir neçə saat qalmış tədbiri saxlamaq da asan məsələ deyil. İndi də məni dərd götürdü ki, görəsən, ziyan olmadı?
Dünən hava günəşli və küləkli idi, əsl Bakı havası. Muğam Mərkəzinə yaxınlaşanda ürəyimdən keçdi ki, Mahcamal xanımla görüşüb üzbəüz təbrik edə biləcəyik? Adətən yubilyarlar birbaşa səhnəyə çıxırlar. Mənim tanıdığım Mahcamal xanım qonaqlarını özü qarşılamalı idi və elə də oldu. Əvvəlcə bir maşallah deyim, ay parçası Mahcamal xanım və gözəl qızları mərasimə gələnləri foyedə qarşılayırdılar. Görüşdük, şəkil çəkdirdik və gələnlərə yer açmaq üçün kənarda dayandıq. Gələnlərə baxırdım, tanıdığım və tanımadığım insanların hamısı işıq saçırdı. Mən niyə fikirləşirdim ki, nurlu insanlar tükənməkdədir? İşığa yığılmaq ifadəsi məhz belə bir gün üçün deyilibmiş. Əminəm ki, o məclisə könülsüz heç kim gəlməmişdi. Zəng iştirakçıları salona səsləyirdi, amma Mahcamal xanım hələ də gələnləri qarşılayır, qonaqlar da onun haləsindən uzaqlaşmaq istəmirdilər…
Tamaşa salonu ağzınacan dolmuşdu. Mərasim başladı. Şeir-musiqi, çıxışlar… Gözəl insanlar səhnəyə qalxır, gözəl insan haqqında gözəl sözlər deyirdilər. Mahcamal xanımın nə gözəl xiridarları, nə gözəl dostları varmış… Məclisin sonunda söz Mahcamal xanıma verildi, qəzəllərini oxudu, hecanın da xətrinə dəymədi. Mahcamal xanım şeirlərini ən mahir qiraətçidən də yaxşı oxuyur. Ümumiyyətlə, mən şeirləri şairlərin öz dilindən dinləməyi xoşlayıram. Dünən şəxsiyyətlə sənətin vəhdətinin təntənəsinə şahid olduq. Yaradan insan həm də yaxşı insan olanda nə gözəl olurmuş. Anar müəllimin sözüdür, bir dəfə bir məclisdə dedi ki, ən böyük istedad yaxşı insan olmaqdır. Həqiqətən yaxşı insan işıqdır-nurdur, yaxşı insan buzu da əridər, üşüyəni isidər.
Əzizimiz Mahcamal xanım, dünən siz salonun tutduğu qədər insana unudulmaz bir axşam yaşatdınız. O axşam işıq saçırdı, parpar yanırdı. O axşamın işığından hərə bir zərrə aldı, arada kövrəlsək də, ovqatımız «o mahcamalın, ağ üzdə xalın» mahnısına kökləndi. Gənc xanəndə bu xalq mahnısını təsadüfən oxumadı. Hər şey gözəl idi, hər şey ürəkdən-candan idi. Mahcamal xanım, sağ olun, var olun! Ömrünüz uzun, canınınz sağ olsun. Sizin adınıza, şəninizə yığışacaq mərasimlərdə işığınızda nurlanmaq diləyilə neçə-neçə illərə inşallah…
Arifə Əliyeva.
Azərbaycan Yazıçılar Birliyində Kadrlar şöbəsinin rəisi.



