Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 38 №-li tam orta məktəblə birgə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdi. Tədbirdə 6 və 9-cu sinif şagirdləri iştirak edirdi.

         Məktəbin direktoru Gülnarə Bəkirova fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova və Elnarə Qarayeva çıxışlarında dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu qeyd etdilər. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Nəzakət Seyfəliyeva, Mehparə Məmmədova ana dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb, bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıblar.

         Məktəbin təşkilatçı müavini Gülnarə Vəliyeva, kitabxana müdiri Səbinə Abbasova ana dilimizin qədimliyi və zənginliyindən söhbət açıb, milli dəyərlərimizlə yanaşı ana dilimizin gözəlliyinin, saflığının qorunmasının vacibliyini vurğulayıblar.

         Tədbirdə şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş edildi, dil haqqında şeirlər, hikmətli kəlamlar və mahnılar səsləndirildi. Şagirdlər 3 dildə “Ana dilim, doğma dilim” adlı səhnəcik nümayiş etdilər.

         Tədbirdə qəzəlxan-şair Əliağa Vahidin 130 illik yubileyinə həsr olunan inşa müsabiqəsinin qalibi 6-cı sinif şagirdi İlknur Xasıyevaya Diplom təqdim olundu.