Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar həyata keçirilən “Mədəniyyətimizin incisi – Şuşa” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihələri davam edir.
Mərkəzi Kitabxananın Fəxri oxucusu, AYB-nin üzvü, “Qızıl qələm”, “Cəsarətli qələm” mükafatçısı, Prezident mükafatçısı, şair Solmaz Elqızı kitabxanaya yeni şeirlər təqdim etdi.
“Azad Şuşam” şeirində Şuşanın azadlığından fərəhlənən şair, azad Şuşanın yaylaqlarından, Cıdır düzündən, gözəl təbiətindən, xarıbülbüldən, Qarabağ uğrunda canını verən şəhidlərə və qazilərə borclu olduğumuzdan bəhs edir.
“Bizə əmanətdi gözəl təbiət” şeirində təbiətin gözəlliyindən, füsünkarlığından, gözəl meşələrimizdə yaşayan heyvanların təbiətə necə yaraşıq verməsindən bəhs edir. Şair bütün insanlara ürək ağrısı ilə müraciət edərək bildirir ki, təbiətimizi qorumaq hər bir kəsin borcudur.
Azad Şuşam
Möcüzədi yaylaqları,
Sevindirir soraqları.
Qarşılayır qonaqları
Azad Şuşam.
Dağlarında min gül açıb,
Xarıbülbül ətir saçıb.
Qarabağa qucaq açıb
Azad Şuşam.
O, bir sənət məbədidi,
Şan-şöhrəti əbədidi.
Natəvanın Vətənidi
Azad Şuşam.
Gözəlləşir gündən-günə,
Çox əzaba gərdi sinə.
Başı uca yaşar yenə
Azad Şuşam.
Çox borcludu şəhidlərə,
Şəhid adlı igidlərə.
Geri dönməz o illərə
Azad Şuşam,
Azad Şuşam!
Bizə əmanətdi gözəl təbiət
Füsunkardı təbiətin hər yanı,
Ceyranı, cüyürü, həm də tərlanı.
Gözəlliklər bürüyübdü cahanı,
Bizə əmanətdi gözəl təbiət,
Gəlin biz etməyək ona xəyanət.
Meşələri zəngin, dağları yaşıl,
O, xoş rahiyəli, ətrindən ayıl.
Sözümü eşitsin cavan, həm ahıl,
Bizə əmanətdi gözəl təbiət,
Gəlin biz etməyək ona xəyanət.
Suları büllurtək duru, tərtəmiz,
Onun gözəlliyi çox əsrarəngiz.
A dostlar, sözümü bir dinləyin siz,
Bizə əmanətdi gözəl təbiət,
Gəlin biz etməyək ona xəyanət.
Qoruyaq dünyanı, qoruyaq hər an,
Ana təbiətə biz olaq həyan.
Bizdən inciməsin qoy o, heç zaman,
Bizə əmanətdi gözəl təbiət,
Gəlin biz etməyək ona xəyanət.