Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) A.Şaiq adına 2 №-li kitabxana filialına “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində kitablar hədiyyə olundu.
Layihə çərçivəsində keçmiş döyüşçü Əkbər Rüstəmov şəhidlik zirvəsinə ucalan oğlu kəşfiyyatçı Sənan Rüstəmova həsr olunmuş şair, yazıçı—jurnalist, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “Sənan əfsanəsi” kitabını, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şərqşünas-alim, mərhum şair Nazim Rizvanın bacısı Xuraman Rizvan “Əbədi çinar”, “Yarımçıq vüsal”, ”Azərbaycan diasporası tarixindən” kitablarını kitabxanaya hədiyyə etdilər.
“Sənan əfsanəsi” kitabı Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan kəşfiyyatçı Sənan Rüstəmov haqqındadır. Kitab şəhidin döyüş yollarından danışır. Burada Vətənə, şəhidə, Qarabağa aid şeirlər də var.
Nazim Rizvanın “Əbədi çinar” şeirlər kitabında Vətənin təəssübünü çəkən, itirilmiş torpaqların acısını yaşayan, xalqın kədərinə kədərlənib, sevincinə sevinən vicdanlı bir qələm adamının obrazı boylanır. Şairin “Yarımçıq vüsal” poemasında onun arzusu, indiki və gələcək nəsillərə ismarıcı üzərində düşünməsindən, dostluqdan, məhəbbətdən bəhs edən şeirlər toplanmışdır.
”Azərbaycan diasporası tarixindən” kitabında 150 ildən artıq tarixi olan Azərbaycan diaspora tarixi, həm də diaspora mətbuatınının tarixi daha mükəmməl şəkildə göstərilmişdir.
Kitabları A.Şaiq adına 2 №-li kitabxana filialında oxumaq olar.