Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 №-li kitabxana filialı oxucular üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və bu il Azərbaycanda keçiriləcək COP29 ilə bağlı açıq havada “Təbiətimiz sərvətimizdir” adlı fotostend nümayiş etdirdi.
Filialın böyük kitabxanaçısı Hilanə Babayeva gün ərzində oxuculara COP29 haqqında məlumat verdi. O bildirdi ki, hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. O oxuculara çatdırdı ki, BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar ölkəmizdə böyük işlər görülür.
Kitabxananın oxucularından Əli Quliyev, Rəsul Hüseynov vurğuladılar ki, iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri hamını narahat edir. Buna görə təbiəti qorumaq, gələcək nəsillərə sağlam təbiət ötürmək üçün hər kəs əlindən gələni etməlidir.
Fikir mübadiləsi zamanı oxucular iqlim dəyişikliyinin qarşısını almağın yollarını ətraf mühiti çirkləndirməməkdə, çoxlu ağac əkməkdə, heyvanlara qayğıda gördüklərini bildirdilər.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın İnformasiya-resurs şöbəsinin əməkdaşı Günay Qululunun hazırladığı videoməlumat oxuculara nümayiş olundu. Kitabxananın YouTube kanalında yayımlanan videoməlumatda iqlim dəyişiklikləri və onların canlı aləmə təsiri haqqında məlumat verilir.