Şeirlər: Ülvi Aydın

Sözdən sərxoş olan adam.

Bədii qiraətçi Eynulla İsmayılova..

Minər sözün köhləninə,

Çapar sağa-sola adam.

Sərxoş olar söz mülkündən,

Həyat eşqi alar adam.

İlahidən gələr həvəs,

Şeir ilə alar nəfəs.

Bilir onu tanıyan kəs,

Qurar sözdən qala adam.

Çaylar kimi coşar, daşar,

Gördüyünə şeir qoşar.

Dərə-təpə, düzlər aşar,

Düşər haldan-hala adam.

Ay Ülvi, bu gözəl insan,

Seçilməyibdir sıradan.

Yaradıb belə yaradan,

Saza-sözə bəla adam.

Sən kəndin qədrini nə biləcəksən?!

Kəndi bəyənmədin,getdin, eloğlu,

Hansı bir arzuna çatdın, eloğlu?

Doğma yurd-yuvanı atdın, eloğlu ,

Sən kəndin qədrini nə biləcəksən?!

Bir yəhər vurmadın, minmədin ata,

Dəryazın götürüb getmədin ota.

Ömrü boşa verdin sən yata-yata,

Sən kəndin qədrini nə biləcəksən?!

Gəzib ayaqyalın, geymədin çarıq,

Doyunca yemədin böyürtkən, moruq.

Qalmadın yalavac, çəkmədin korluq,

Sən kəndin qədrini nə biləcəksən?!

Çətinlik görməmiş, zəhmət çəkməmiş,

Həyət-bacanızda ağac əkməmiş.

Özün öz əlinlə bir ev tikməmiş,

Sən kəndin qədrini nə biləcəksən?!

Nədən kəndçi deyib gülürsən mənə?

Boş-boş danışırsan, döyürsən çənə.

Qayıdıb gəlməsən imana-dinə,

Sən kəndin qədrini nə biləcəksən?!

«İlğımlar eşqi»

Məni gözü yaşlı qoyub getməyin,

İçimdə əbədi yaradır, gülüm.

Səni kim çıxardı sevda yolundan?!

Gedənlər həsrəti yaradır, gülüm.

Sən mənim ömrümün bahar çələngi,

Ruhumu ətirə qərq edən idin.

İndi bax ömrümə, nələr yazılıb,

Sevgini ömürlük dərd edən idin?!

Bir ömür yaşadım mən sənin üçün,

Gizli göz yaşlarım dəryadır, dərya.

Görən darıxırsan sən mənim üçün?!

Yoxluğun bir özgə dünyadır, dünya…

Sağalmaz içimdə nakamlıq yeri,

Məni də tay etdin, o solğunlara…

Uçdun əllərimdən qəlb oğrusuna,

İnsan aldanırmış eh, ilğımlara…

Bu dərd

İlahi,nə qədər çəkim bu dərdi,

Dərdsizlər dərdini mənə göndərdi?

Fəğan eyləməkdən sinəm göyərdi,

Məndən nə istəyir daha de,bu dərd?

Hicranın yolları tükənib bitmir,

Taqətim kəsilib,ayağım getmir.

Nə yadım, nə doğmam dərdimə yetmir,

Məndən nə istəyir daha de, bu dərd?

Tapılmır dərmanım talan  Ülviyəm,

Təbibim eşitmir dərdimi deyəm.

Mən tabut gəzdirən canlı ölüyəm,

Məndən nə istəyir daha de, bu dərd?