O Həmid Cəfərov ki, ulu öndər Heydər Əliyevin tapşırığı ilə, uzaq Sibirdən dahi dramaturq-şair Hüseyn Cavidin nəşinin Vətənə gətirilməsi üçün yaradılan komissiyanın sədri idi. O Həmid Cəfərov ki, qəlbində Heydər Əliyev şəxsiyyətinə böyük hörmət və ehtiram bəsləyərək, Cavidşünas kimi, bu gün də hər iki insanın əziz xatirəsini yad edərək söhbətlərində anır…
Bu günlərdə bir qrup ziyalı xanımlar: İctimai xadim, Beynəlxalq Sülh səfiri, “Dövlət və Qanun” qəzetinin B/redaktoru Yasəmən Möhübbətqızı; AYB-də “Multikultural məsələlər” üzrə məsul şəxs, “Mədəni İnkişafın Təbliği” İB-nin sədri, “mitmedia.az” saytının təsisçisi və rəhbəri, şairə Xatirə Fərəcli; araşdırmaçı-yazar, Azərbaycanda Türktv-nin Türkiyə təmsilçisi Afət Ruhan Arslan (Türkiyə), Yasamal rayonu MKS-nin nəzdində M.Ş.Vazeh adına kitabxananın əməkdaşı, müxtəlif layihələrin müəllifi, şair, yazışı- publisist Sevinc Ağa Xəlilqızı; «VİP” Mərkəzinin və “Günəşli Sabah” qəzetinin təsisçisi və rəhbəri, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva Həmid Cəfərovu Mərdakandakı bağ evində ziyarət etdilər.
Çay süfrəsi arxasında ötən illərin xoş xatirələri vərəqləndi… Həmid Cəfərov ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində həyata keçirilən tədbirlərin mahiyyətindən danışaraq, Ulu Öndərin bütün sahələr kimi, ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı. Qeyd etdi ki, “Heydər Əliyev fəaliyyəti dövründə ədəbiyyatımızda özünəməxsus dəsti-xətti olan, repressiya qurbanlarına çevrilmiş mütəfəkkirləri hər zaman diqqətdə saxlamışdı. SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqrad Xüsusi Məktəbini bitirib Bakıya qayıdan Heydər Əliyev, 1953-cü ildə şöbə rəisi təyin edildikdən sonra, məxfi sənədlərlə tanış olur və xalqımıza qarşı aparılmış repressiya tədbirlərini araşdırmağa başlayır. Belə repressiya qurbanlarından biri də Azərbaycanın görkəmli filosof-şairi, dramaturq Hüseyn Cavid olub. 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən gətirilərək doğma vətənində dəfn edilməsi, mənəvi bəraət alması, ev-muzeyinin təşkili, yubileylərinin dövlət səviyyəsində qeyd olunması v s. Heydər Əliyevin təkcə şairə deyil, bütün Azərbaycan ədəbiyyatına və bədii-ictimai fikrə ehtiramının təcəssümü idi.
Heydər Əliyevin göstərişindən sonra, 1982-ci il oktyabrın 12-də Naxçıvan Vilayət Partiya Komitəsi Hüseyn Cavidin məzarının tapılması, cənazəsinin qalıqlarının Azərbaycana gətirilmsiə ilə bağlı tarixi bir qərar qəbul etdi və komissiya yaradıldı”.
Bəlİ, məhz belə bir şərəfli işin icrası, yaradılan komissiyanın sədrliyi o zaman Naxçıvan Vilayət Partiya Komitəsinin katibi işləyən Həmid Cəfərova həval olundu.
Həmid bəy Heydər Əliyev şəxsiyyətindən söz açaraq qeyd etdi ki, axtarışlar nəticəsində 41 il öncə, 1982-ci ilin oktyabrın 26-da Hüseyn Cavid doğma Azərbaycanına qovuşdu. Görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Cavidin cənazəsinin qalıqlarının Azərbaycana gətirilməsi, əlamətdar bir tarix, uğurlu və cəsarətli bir addımın məntiqi nəticəsi kimi, böyük ictimai-siyasi hadisə oldu.
Söhbət zamanı qonaqlar Heydər Əliyevin bu istiqamətdəki faaliyyətindən, atdığı uğurlu addımlardan danışdılar. Dahi şəxsiyyətin, fenomen yaddaşa malik olan uzaqgörən siyasətçinin məşhur fikri də xatırlandı: “Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir”.
Daha sonra qonaqlar Həmid bəyin şəxsən hazırladığı “Arxiv Muzey”lə tanış oldular. Muzey zənginliyi ilə hər kəsi heyran etdi. Bütün arxiv sənədləri burada öz yerini taparaq göz bəbəyi kimi qorunurdu.
Həmid bəy Cavidin nəşinin gətirilməsi zamanı baş verən hadisələri yada saldı, o zaman Rusiyadakı müəyyən qurumların yaratdıqları problemlərdən, azərbaycanlıların xalqına, millətinə olan diqqətinə və böyük sevgisinə rus millətinin heyranlığından söz açdı, qonaqları maraqlandıran sualları cavablandırdı.
Görüş zamanı qələm adamları öz kitablarını Həmid bəyə hədiyyə olaraq təqdim etdilər.
Görüşdən məmnun qalan Həmid Cəfərov xoş təəssüratını bölüşdü: “Sizin Hüseyn Cavidə olan hörmət və ehtiramınız, sevginiz məni bir daha sevindirdi, bir daha qürurlandırdı. Artıq 41 ildir ki, ulu öndər H.Əliyevin tapşırığı ilə Cavid Vətənə qayıdıb və sevinirəm ki, onun əbədi yaşaması, tanınması, ucalması yolunda mən də, bir balaca da olsa, iş görmüşəm. Qeyd edim ki, ”Cavid ocağı” adlandırdığım guşədə, Cavid Vətənə qayıdandan sonra, görülən işlər, aparılan tədbirlər… hamısı burada hüququ foto faktlar, arxiv sənədləri ilə təsdiq edilib. Çox xoş oldu ki, sizlər bizi yad edib bu ocağa gəldiz, belə şəxsiyyəri birlikdə andıq. Bugünkü gəncliyə görülən işlər, tarixi faktlar mütləq şəkildə, olduğu kimi çatdırılmalıdır ki, “bəziləri” tarixi saxtalaşdırıb öz adlarına çıxarmasınlar. Təəssüf ki, bu gün belə hallarla rastlaşıram. Biz birlikdə tarixi həqiqətləri gələcək nəsillərə doğru-düzgün şəkildə ötürməliyik”.
Xanımlar xoş qarşılanmaya, isti münasibətə, göstərilən diqqətə görə, Həmid müəllim başda olmaqla, onun həyat yoldaşı Zemfira xanıma və yeganə övladı Vüsalə xanıma dərin təşəkkürlərini bildirdilər.
Həmin günün unuudulmayacaq yaşantısı xatirə şəkilləri çəkilməklə tarixin yaddaşına həkk olundu.
Aygün Hacıyeva,
AJB, AYB və AAB-nin üzvü