Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 №-li kitabxana filialında 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirildi.
İlk öncə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
Tədbirdə kitabxana filialının müdiri vəzifəsini icra edən Hilanə Babayeva, Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının şöbə müdirləri Yeganə Qafarova, Kifayət Hüseynova, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, “Təzadlar” qəzetinin baş redaktor müavini Elbar Şirinov, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin ekspert şurasının sədri, AJB-nin üzvü Nəzakət Əhmədova, şair Bayram Aşıqlı, Vətən müharibəsi qazisi İsə Musayev, Birinci Qarabağ müharibəsi veteranı Ramiz Yusubov Ev muzeylərinin əməkdaşları Yeganə Məmmədova, Qönçə İlyasova, Elnurə İmanova, Rasimə Əhmədova və kitabxananın fəal oxucuları iştirak etdilər.
Tədbiri giriş sözü ilə kitabxana filialının müdiri vəzifəsini icra edən Hilanə Babayeva açaraq qonaqları bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, illər öncə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından sonra yaradılmış Azərbaycan Milli Ordusu çətin və şərəfli yol keçmişdir. Ordumuz Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, qısamüddətli antiterror əməliyyatında düşmən təxribatının qarşısını layiqincə aldı.
“Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva çıxış edərək, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Hərbiçi ailəsində doğulduğu üçün şərəf duyduğunu qeyd edən Gülnarə Əmirquliyeva ordumuzun şərəfli tarixindən söhbət açaraq bildirdi ki, şəhid və qazilərimizin qəhrəmanlıq səlnaməsi yaddaşımıza hopmuşdur.
Tədbirdə çıxış edənlər Azərbaycan Silahlı Qüvvələr Gününün yaranmasının 106-cı ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycan ordusunun Vətən uğrunda son damla qanınadək döyüşməyi bacardığını və düşməndən üstün olduğunu bütün dünyaya sübut etdiyini qeyd etdilər.
Kitabxanın fəal oxucuları Əsma Eyvazova və Nərmin Məmmədova vətənpərvərlik mövzusunda şeirlər söylədilər.
Hilanə Babayeva şair Gülmaya Feyruzqızının “Yumruğu dəmir Komandanım” şeirini söylədi.





