Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar kitabxanada həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsi çərçivəsində xalq şairi Vahid Əzizin yeni şeiri oxuculara təqdim olunur.
“Bakının göy qurşağı” şeirində şair təbiətin dəyişdiyini, dənizin əvvəlkitək coşub-çağlamadığını, arabir yağış yağsa da, göy qurşağının “Qurşaq” bağlamadığını təəssüf hissiylə qələmə alır. Küləklərə “tıxac” yaradan nizamsız tikilən göydələnlərin paytaxtın yerdə simasını, göydə “Göy qurşağını” itirdiyinini, ekoloji balansın pozulduğunu ürək yanğısı ilə oxuculara çatdırır. Müəllif təbiəti, gözəllikləri qorumağın vacibliyini vurğulayır.
VAHİD ƏZİZ
BAKININ “GÖY QURŞAĞI”
Fərqlilik azalır yayla-baharda,
Dəniz də həvəslə coşub-çağlamır,
Bakıda arabir yağış yağsa da,
Göylər əzəlkitək «Qurşaq» bağlamır.
Dəymir gözlərimə qağayılar da,
Yaxında, uzaqda görünmür daha,
Sanki səmalarda bəyaz işıq da
Sınıb yeddi rəngə bölünmür daha.
Elə pozulub ki, gözəl görkəmi
Bəzən tanımıram «hara-haradır?»,
Nizamsız tikilən «göydələnləri»
Hətta küləklərə «tıxac» yaradır,
Gözümdə həsrətim, qəlbimdə yanğı
Qaytarın Paytaxtın yaraşığını!
Yerdə simasını itirən Bakı
Göylərdə itirdi «Göy qurşağını».