Şeirlər: Səringül Atəşin

Vətənimə gəl

Yayın qışın öz ətri var havada,
Qışda qarı gözəl,yayda çəməni,
Al-əlvan görünür dağı, dərəsi
Mənim vətənimə yaz olanda gəl.

Qışda hər tərəfi bürünür qara
İstəsən yayda da gedək Şahdağa
Baharda açılan güllü bağlara
Bülbülün cəh- cəhin eşidəndə gəl.

Meşədə ceyranlar, cüyürlər gəzər,
Lalələr, nərgizlər aləmi bəzər,
Səfalı yerlərə bir salsan nəzər
Meyvəli bağlarım bar verəndə gəl.

Bir məna var hər sətrimdə, sözümdə
Ucadan ucadır vətən gözümdə
Dastan, muğamı, sözü özündə
Gözəl vətənimin hər anında gəl.

İlham alıb hər dağından, daşından,
İgid oğulların mərd baxışından,
Gözəl Qarabağın hər qarışından
Cənnət istəyirsən Vətənimə gəl.

Doğma elim, doğma yurdum, vətənim,
Azərbaycanlıyam Nigar, Nəbim, Həcərim,
Səringüləm bir əlimdə qələmim
Şairlər məclisi qurulanda gəl.

Lənkəran

Baxdıqca doymuram gözəlliyindən
Nə gözəl yaradıb yaradan səni.
Tanrı fırçasıyla çəkib şəklini
Nə gözəl yaradıb yaradan səni

Valeh oldum torpağına, daşına,
Sanki,qələm çəkib hər qarışına,
Heyran oldum yayına, həm qışına
Nə gözəl yaradıb yaradan səni.

Təbiətin gözəl, otları dərman,
Ruha qida verir seyr edən zaman,
Hüsnünə baxdıqca oluram heyran
Nə gözəl yaradıb yaradan səni.