Fuad Məmmədov: Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsinin kulturoloji konsepsiyası

AZƏRBAYCAN RESPUBLİKASINDA TƏHSİL SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN KULTUROLOJİ KONSEPSİYASI

«Əgər dünya mədəniyyəti müdafiə etsə,

Mədəniyyət dünyanı xilas edər!»      

Dərinləşən sivilizasiya böhranı şəraitində dünyanı xaos və dağıntılardan təkcə yüksək ruhi mədəniyyət xilas edə bilər. Bu postulatdan çıxış etsək, Azərbaycan Respublikasında zamanın çağırışlarına cavab verən dövlət təhsil və maarifləndirmə sisteminin tərəqqiyönümlü kulturoloji islahatlarına hədəflənmiş rəqabətqabiliyyətli innovativ milli konsepsiyaların, proqramların və layihələrin işlənib hazırlanması və həyata keçirilməsinin aktuallığı göz qabağındadır.

Dünya mədəniyyətinin və sivilizasiyasının tarixinin sistemli kulturoloji təhlili bəşər tarixinin fərqli mərhələlərində müxtəlif xalqların təhsilinin inkişafının qanunauyğunluqları və xüsusiyyətlərinin aşkara çıxarılmasına əsaslanan innovativ qərarların axtarışı üçün yeni imkanlaraçır. O, Şumer və Babilistan, Misir, Çin, Hindistan, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İsveç, Danimarka, Finlandiya, Sinqapur, İran, Türkiyə kimi Şərq və Qərb ölkələrinin və Müsəlman Şərqinin başqa ölkələrinin təhsil sisteminin təşkilinin və inkişafının zəngin təcrübəsindən yaradıcılıqla istifadə etməyə kömək edir.  İntibah və Maarif dövrü, Avropada burjua inqilabları dövrü təhsilinin zəngin təcrübəsinə, habelə YUNESKO-nun beynəlxalq fəaliyyəti ilə toplanmış dünya təhsilinin inkişaf təcrübəsinə müraciət aktual əhəmiyyət kəsb edir. 

Bu zəngin təcrübədən çıxış edərək, Azərbaycan Respublikasının milli təhsil sisteminə Azərbaycan cəmiyyətinin və dövlətinin davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafını təmin edəcək bir sıra elmtutumlu kulturoloji innovasiyaların daxil edilməsi zamanında və məqsədəuyğun görünür.  

Tarix göstərir ki, təhsil həmişə bəşəriyyətin ruhi mədəniyyətinin formalaşmasının strateji institutu rolunu oynamışdır. O təkcə insanın inkişaf vasitəsi kimi deyil, həm də onun bütün həyatı boyu davam edən səylərinin nəticəsi kimi qiymətləndirilmişdir. Dünya mədəniyyəti və sivilizasiyasının tarixinin sistemli kulturoloji təhlili göstərir ki, yaxşı təhsilli, yüksək intellektə, humanizmə və vətənpərvərliyə  malik insan həm ruhi, həm də müasir dövlətlərin başlıca milli sərvəti olan maddi istehsalın əsas kapitalıdır. Bu arada, həyatın dialektikasından gələn, mədəniyyətin bu vacib sosial institutu daimi təkmilləşmə, milli təhsilin səmərəsini və keyfiyyətini beynəlxalq standartlar və normalar, habelə zamanın çağırışlarına müvafiq yüksəldən daimi kulturoloji islahatların həyata keçirilməsini tələb edir. Bunun dərk edilməsi əlavə kulturoloji təhsilin tətbiqi və uşaq bağçalarından başlayaraq mütəxəssislərin və alimlərin hazırlığı və yenidən hazırlanmasına qədər milli təhsil sisteminin bütün səviyyələrində universal kulturoloji biliklərin daimi yayılmasını tələb edir.

Üçüncü minilliyin başlanğıcından insanların təhsil səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi problemləri milli dövlətlərin, alimlərin, pedaqoqların, maarifçilərin, siyasətçilərin və bütövlükdə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Bugünkü günümüzdə universal kulturoloji bilikləri ehtiva edən elmtutumlu təhsil və maarifləndirmə zamanın zəruri tələbinə çevrilib. 

6 sentyabr 2016-cı ildə təhsilin monitorinqi üzrə YUNESKO-nun Beynəlxalq hesabatı (Global Education Monitoring Report) dərc olundu. O, davamlı inkişaf üzrə yeni gündəlikdə 2030-cu ilə qədərki dövrdə qlobal məqsədlərə çatmaqda təhsilin necə töhfə verə biləcəyini göstərdi.

Hesabatda vurğulanırdı ki, “mövcud potensialın reallaşması, bəşəriyyətin və bütövlükdə planetin bu gün üzləşdiyi problemlərin səviyyəsinə cavab vermək üçün təhsil sferası ciddi islahatlara ehtiyac duyur”. Bununla yanaşı, dəyişikliklərin yüksək tempinə nail olmağın vacibliyinə vurğu edilirdi. Çünki əks halda “2030-cu ilə qədər davamlı inkişaf sahəsində dünyəvi məqsədlərə çatmaq planı 50 il ləngimə ilə həyata keçə bilər”.

YUNESKO-nun baş direktoru İrina Bokova dünyada təhsilin insanların rifahının artırılması və planetin daha yaxşı gələcəyinin qurulması amili kimi insan inkişafındakı rolu haqqında təsəvvürün radikal şəkildə dəyişməsinin vacibliyinə diqqət yetirirdi. O vurğulayırdı ki, müasir təhsil təkmilləşdirilməli, “təhsil alanların milliyyətini, məişətini və qabiliyyətlərini nəzərə almalı, insanlarda davamlı inklüziv iqtisadi artım və sülh şəraitində birgə yaşayışın açarına çevriləcək düzgün dəyər ölçüləri və peşəkar vərdişlərin formalaşdırılmasına kömək etməlidir” [28]. 

Dünya mədəniyyətinin tarixinə kulturoloji baxış göstərir ki, şəxsiyyətin təlim və tərbiyə sistemi kimi təhsil insanın ruhi mədəniyyətinin – onun biliklərinin, bacarıqlarının, təşkilatçılığının, mənəviyyatının və yaradıcı fəaliyyətinin formalaşması prosesidir. O, bəşəriyyətin topladığı biliklərin, təcrübənin, mənəvi dəyərlərin və normaların yeni nəsillərə ötürülməsi üsuludur. Bununla bərabər, insanın əldə etdiyi biliklərin, bacarıqların, təşkilatçılığın, mənəvi yönəlişliklərin və yaradıcı fəaliyyət təcrübəsinin vəhdəti kimi təhsil şəxsiyyətin səriştəliliyini, yəni onun tutduğu vəzifəyə tam uyğun olmasını təmin etməlidir. İnstitusional yolla alınmış təhsildən və ya özünütəhsildən müəyyən dərəcədə şəxsiyyətin taleyinə təsir edən, onun anadangəlmə keyfiyyətlərinin xüsusiyyətlərindən biri olan xarakteri də asılıdır.

Təhsilin mədəniyyət fenomeni kimi dövlət quruculuğu və idarəçilik üçün strateji önəmini başa düşməkdən ötrü keçən əsrin 60-70-ci illərində Şahənşah Məhəmməd Rza Pəhləvinin İranda keçirdiyi “ağ inqilab” adlanan islahatlar proqramının nəticələrini xatırlamaq kifayətdir. İslahatın əsas məqsədi İran xalqının rifahının yaxşılaşdırılması idi. Ona nail olmaq üçün kənd təsərrüfatı islahatı, savadsızlığın ləğvi həyata keçirilmiş və qadınlara seçki hüququ verməklə onların azadlığı üçün addımlar atılmışdı [29]. Amma xalqın intellektual mədəniyyətinin, ruhi mədəniyyətin elm və təhsil kimi flaqmanlarının inkişafı üçün hansı tədbirlərin görülməsi bizə məlum deyil. Belə ki, onların vasitəsilə həyat fəaliyyəti, rəqabətqabiliyyətliliyi və milli inkişafın təhlükəsizliyi təmin olunur. Xüsusilə, İran xalqının dünyəvi təhsili və maarifləndirilməsi sahəsində zamanın tələblərinə uyğun hansı islahatlar həyata keçirildi?

Şübhəsiz, İranda destruktivizm və zorakılıq halları səciyyəvi olan şah rejiminin iflasında bir sıra amillər rol oynadı. Bunlar şahın xalqla əlaqələrinin qopması, siyasi dialoqun olmaması, sosial ədalətin, tiranlığın aradan qaldırılmasının, xalqın iradəsinin təsdiqinin əhəmiyyətinin olduqca gec anlaşılması və bərpasının gec vəd olunması idi. 

Amma çox güman fundamental səbəblərdən biri – dövlətçiliyin monarxik mədəniyyətində və İranın dövlət idarəçiliyində xalqın ruhi mədəniyyətinin “iki qanadının” – intellektual və mənəvi mədəniyyətin ahəngdar və təhlükəsiz inkişafını təmin edən kulturoloji sistemli yanaşmanın olmamasında idi [14]. “İki qanadın” cəmiyyətin sosial-siyasi sabitliyini təmin edən ahənginin və xalqın müxtəlif kateqoriyalarının maraqlar balansının pozulmasının nəticəsində cəmiyyətin sosial-mədəni qütbləşməsi dərinləşdi və kütlələrin tərəqqiyönümlü siyasi islahatlara intellektual baxımdan hazırsızlığı üçün əsaslar yarandı. Son nəticədə, bu, monarxik dövlət sisteminin dağılmasına və xalqın yeganə milli xilas yolu kimi gördüyü dini mədəniyyətə keçməsinə gətirib çıxardı. 

Geniş kulturoloji təhsil və xalqın maarifləndirilməsi, kütlələrin akkulturasiyası və şəxsiyyətlərin inkulturasiyası, İran dövlətinin insan kapitalının əsası və hərəkətverici qüvvəsi kimi yüksək mədəniyyətli insanlar cəmiyyətinin formalaşdırılması və inkişafı bəlkə də milli fəlakətin qarşısını ala bilərdi. 

Tədrisdə “təbiətyönümlü” və “mədəniyyətyönümlü” kimi tanınan məşhur tarixi dilemmanı nəzərdən keçirərək qeyd edək ki, təhsilin nəticəsi təkcə dövlət siyasətindən, tədris prosesinin şəraitindən, müəllimlərin peşəkarlığı və pedaqoji mədəniyyətindən, ədəbiyyatın keyfiyyətindən, ailədəki və məktəbdəki əlverişli mühitdən yox, həm də uşaqların və gənclərin təbii qabiliyyətlərindən, istedadlarından, könüllü olaraq seçdikləri gələcək ixtisaslarına marağından, iradə gücündən və zəhmətkeşliyindən də çox asılır [30]. Yaponiya, ABŞ və Qərbi Avropa ölkələrinin təcrübəsi göstərir ki, təhsildə daha yüksək nəticələrə nail olmaq üçün insanın genetik materialı ilə şərtlənən təbiətdən gələn qabiliyyətlərinə üstünlük verən təbiətyönümlü yanaşma böyük əhəmiyyət daşıyır. Mark Kvintilian, Yan Komenskiy, Con Lokk, İohann Pestalossi, Adolf Disterveq, Konstantin Uşinskiy və digərləri tərəfindən əsaslandırılan təhsilin xüsusiyyətlərinə belə bir baxış təhsil alanların təbii qabiliyyətlərindən, istedadlarından asılı olaraq məktəbdə şagirdlərin seçilməsinə fərdi yanaşmanı, onların şəxsi seçimləri və xüsusiyyətləri nəzərə alınmaqla, milli inkişafın tələbləri və imkanlarına müvafiq olaraq önəçıxan qabiliyyətlərinin inkişaf etdirilməsini nəzərdə tutur.   

Təhsilin ruhi mədəniyyətin flaqmanı kimi dəyəri ölçüsüzdür. Onun bəşəriyyətin formalaşması və inkişafındakı strateji rolunu qiymətləndirmək üçün dünya ictimaiyyətinin ən qədim vaxtlardan günümüzə qədər əsas inkişaf yollarına, nailiyyətlərinə və qanunauyğunluqlarına nəzər salmaq kifayətdir.

Dünyəvi təhsilin tarixini əks etdirən bu və digər materialların sistemli kulturoloji təhlili, onun inkişaf qanunauyğunluqları və müasir meyilləri göstərir ki, təhsil sisteminin səmərəliliyi və keyfiyyəti əsasən aşağıdakılarla müəyyən olunur:

Müəllimlərin peşəkar səriştəliliyi, məsuliyyəti, mədəniyyəti və əməyinin nəticələri ilə. 

Tədris proqramlarının elmtutumlu və innovativ məzmunu ilə.

Əlavə  kulturoloji təhsil və maarifləndirmənin tətbiqi ilə.

Tədris prosesinin material-texniki cəhətdən yaxşı təchiz olunması ilə.

Rəhbərlərin və təhsil işçilərinin idarəetmə mədəniyyəti ilə.

Kadrların seçilməsi və pedaqoji əməyin keyfiyyətinin qiymətləndirilməsi prinsipləri və meyarları ilə.

Pedaqoji kadrların kulturoloji hazırlığı və yenidən hazırlığı sistemi ilə.

Təhsil müəssisələrinin rəhbərlərinin və işçilərinin attestasiyası sistemi ilə.

Əməyin nəticələrinə əsaslanan pedaqoji fəaliyyətin fərdi motivasiyası ilə.

Dünyanın aparıcı ali təhsil müəssisələrinin təhsil standartlarına və texnologiyalarına yönümlü tədris prosesinin maliyyə və hüquqi baxımdan təminatı ilə. 

Alimlərin və pedaqoqların maddi rifahının onların cəmiyyət üçün sosial dəyərinə və əməyinin konkret nəticələrinə uyğunluğunun təmin edilməsi ilə.

Bu analizin nəticələrindən çıxış edərək, Azərbaycan cəmiyyətinin dəyişən inkişaf tələbatları və qloballaşmanın çağırışlarını nəzərə alaraq, Azərbaycan Respublikasında təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə məqsədəuyğun görünür:

Milli təhsil sistemində əlavə kulturoloji təhsil və dövlət müəssisələrinin personalı, uşaq bağçalarının, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, jurnalistlər, siyasətçilər, idarəçilər, iqtisadçılar, hüquqşünaslar və digər mütəxəssislər daxil olmaqla vətəndaş cəmiyyəti üçün treninq sisteminin tətbiqi.

Pedaqoqların səriştəliliyi və nüfuzunun yüksəldilməsinə, rəqabətqabiliyyətli insan kapitalının inkişafına hədəflənmiş “Yüksək mədəniyyətli pedaqoq davamlı milli inkişafın strateji bərpaolunan resursu kimi” milli layihəsinin işlənib hazırlanması və həyata keçirilməsi.

İntellektual əməyin sosial statusunu, elm və təhsilin məqsədli maliyyələşdirilməsini yüksəldəcək, Azərbaycanda tərəqqiyönümlü dəyişikliklər üçün yeni imkanlar açacaq “İntellektual mədəniyyət haqqında Qanun” layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmək.

Respublika vətəndaşlarının akkulturasiyası və inkulturasiyası məqsədi ilə cəmiyyətdə universal kulturoloji biliklərin yayılması yolu ilə əhalinin müxtəlif kateqoriyaları – qadınlar, ailə başçıları, uşaqlar, gənclər, yaşlı nəsil üçün daimi kulturoloji maarifləndirmənin təşkili.

Uşaq bağçalarında, orta məktəblərdə və orta ixtisas məktəblərində mədəniyyətşünaslığı tədris etmək.

Ailələrdə və məktəblərdə uşaqların və gənclərin meritokratik tərbiyələndirilməsi sistemini tətbiq etmək.

Eksperimental kulturologiya məktəbi və uşaq bağçası açmaq.

Respublikanın bütün ali təhsil müəssisələrində kulturologiya kafedraları açmaq.

Təhsil və elm sistemi üçün kulturoloq kadrların hazırlanması məqsədilə Mədəniyyət və Təhsil Nazirlikləri yanında Azərbaycan kulturologiya akademiyası təsis etmək və milli və dünya mədəniyyətinin tarixi və nəzəriyyəsi sahəsində dissertasiyaların müdafiəsi üzrə Respublika fənlərarası Şura yaratmaq.

Elm və Təhsil Nazirliyi yanında təhsil sahəsində proqramların və qərar layihələrinin kulturoloji ekspertiza Şurasını yaratmaq.

2022-ci ilin payızında Bakıda Beynəlxalq kulturoloqlar forumunu (Mədəniyyət Nazirliyi ilə bərabər) keçirmək.

Beləliklə, ruhi mədəniyyətin yuxarıda toxunduğumuz inkişaf problemlərinə sistemli yanaşmadan çıxış edərək Azərbaycan xalqının intellektual və etik mədəniyyətinin daha da təkmilləşdirilməsi aktual milli və beynəlxalq vəzifədir. Bu strateji vəzifənin həyata keçirilmə formalarından biri Heydər Əliyev adına Beynəlxalq Azərbaycan kulturoloji elm-təhsil mərkəzinin yaradılması ola bilər. Mərkəzin məqsədləri, proqramları, layihələri və planları, onun fəaliyyət prinsipləri və meyarları strateji bərpaolunan milli resurs, rəqabətqabiliyyətli insan kapitalının nüvəsi və Azərbaycanın davamlı və təhlükəsiz inkişafının başlıca hərəkətverici qüvvəsi olan yüksək mədəniyyətli azərbaycanlıların və layiqli vətəndaşların yetişdirilməsinə, inkişafına və artırılmasına xidmət etməlidir.

Dövlətin insan kapitalının tərəqqiyönümlü dəyişilməsi və bəşəriyyətin humanitar təhlükəsizliyi maraqlarına cavab verən, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən işlənib hazırlanmış davamlı inkişafın universal kulturoloji postulatları milli təhsil sisteminin təkmilləşdirilməsinə təkan verə bilər. Onlar keçidi nəzərdə tutur: ziddiyyətlərdən – maraqların ahəngi və razılaşdırılmasına; səriştəsiz idarəetmədən – peşəkarlığa və məsuliyyətə; vəzifə hakimiyyətindən – biliklər və etika hakimiyyətinə; rəqabət və manipulyasiyadan – həmrəylik və əməkdaşlığa; etnik və dini identiklikdən – vətəndaş mədəniyyəti identikliyinə; demokratik idarəetmə mədəniyyətindən – meritokratik idarəetmə mədəniyyətinə.

Azərbaycanda təhsilin inkişafının idarə edilməsinin elmi prinsipləri qismində: strategiya, texnologiya, etika, sosiologiya və estetika istifadə oluna bilər.

Təhsil strategiyası Azərbaycan Respublikasında rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması üçün insan, elmi, təhsil, texniki, informasiya, təşkilati, maliyyə, hüquqi, maarif və digər resursların sistemli kulturoloji təhlilini nəzərdə tutur.

Təhsil texnologiyası dünya mədəniyyəti və təhsilinin nailiyyətlərindən, Qərbin və Şərqin aparıcı ali təhsil müəssisələrinin tədris standartları və texnologiyalarından, o cümlədən Azərbaycan mədəniyyətinin ənənəvi dəyərlərini ehtiva edən məxsusi yeniliklərdən yaradıcı istifadəni nəzərdə tutur.

Təhsil etikası əmək və idarəetmə mədəniyyəti, yüksək ixtisaslı mütəxəssislərin, şəxsiyyətlərin, müxtəlif səviyyələrdə liderlərin, milli insan kapitalının nüvəsini təşkil edən yüksək mədəniyyətli azərbaycanlıların yetişdirilməsi ilə bağlı qoyulmuş vəzifələrin daha səmərəli həlli üçün əlverişli psixoloji mühitin formalaşmasını və pedaqoji müəssisələrin kollektivlərinin səylərinin birləşdirilməsini nəzərdə tutur.  

Təhsilin sosiologiyası ölkə daxilində olduğu kimi, beynəlxalq məkanda da elmi-pedaqoji kollektivlərin və ayrı-ayrı mütəxəssislərin milli təhsilin tərəqqisinə, onun həyat qabiliyyətinin, yaradıcılığının, davamlılığının və rəqabətqabiliyyətliliyinin inkişafına təkan verən məhsuldar əməkdaşlığının təminini nəzərdə tutur.

Təhsil estetikası uğurlu insan inkişafı və milli inkişafın təxirəsalınmaz şərti kimi elm, təhsil və maarifləndirmənin dəyər anlayışının artdığı şəraitdə xalqın ictimai şüurunda təhsil tələbinin təmin edilməsi məqsədilə onun məzmununun inkişafı və dəyişilməsinə müvafiq olaraq milli təhsilin xarici formalarının və strukturunun təkmilləşdirilməsini nəzərdə tutur.

Sonda vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasında milli təhsilin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi ruhi mədəniyyətin dar sovet təfəkkürü ilə “iqtisadiyyat üzərində üstqurum”, əsasən ədəbiyyat, incəsənət, etika normaları və mədəni irs kimi anlamaqdan tez bir zamanda imtina etməyi nəzərdə tutur. Çünki bu anlayış milli inkişaf imkanlarını məhdudlaşdırır.  Təhsil praktikasına mədəniyyətə insanın ağlı, qəlbi və əməyi ilə yaradılan bütöv sosial sistem kimi baxan yeni elmi yanaşması tətbiq etmək lazımdır, çünki mədəniyyət anlayışına dar yanaşma onun insanın həyat fəaliyyətinin universal yaradıcı amili kimi hüdudsuz dəyişdirici imkanlarından istifadə etməyə mane olur. Onun başlıca hərəkətverici qüvvələri isə elm, təhsil və maarifləndirmədir. Eyni zamanda qeyd edək ki, təhsilin səmərəliliyinin və keyfiyyətinin əvəzedilməz göstəricisi onsuz ictimai tərəqqi, xalqın rifahının artımı, dövlətin davamlı, rəqabətqabiliyyətli və təhlükəsiz inkişafı mümkün olmayan – elmtutumluluqdur.

Dünya sivilizasiyasının, müasir kulturologiya və pedaqogikanın nailiyyətləri, Azərbaycançılıq ideologiyası, milli inkişafın dəyişən tələbləri və zamanın çağırışları əsasında Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi sivilizasiya böhranı şəraitində ölkəmizin davamlı inkişafı üçün yeni imkanlar açacaqdır.

Fuad Məmmədov

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında

İctimai şuranın üzvü,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyasının Tarix kafedrasının professoru,

tarix elmləri doktoru,

“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti,

“Avropa-Asiya” Beynəlxalq Humanistar Akademiyasının

  vitse-prezidenti, RTEA-nın xarici üzvü, ÜSA-nın fəxri üzvü,

BQTA, BİİPEA, BPSEA, “Avropa-Asiya” BHA-nın akademiki