Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili“ ilə əlaqədar “Təbiətə valeh olanlar” layihəsinə Azərbaycan Respublikası «Xatirə Kitabı» Redaksiyasının baş redaktoru, AYB-nin üzvü, şair, kitabxananın Fəxri oxucusu Nəzakət Məmmədli yeni şeirlər təqdim etdi.
Şair ”Payız” və “Yağış” şeirlərində “qızıl payız”dakı xəzanı, yağışı, küləyi vəsf edir. Yağışı isə çöl-çəmənin üzünü güldürən adlandırır, onun səsini laylanın səsinə, təbiətin xoş avazına bənzədir, insanları mərhəmətlə ovundurmağı arzulayır.
Hər iki şeirində şairin təbiətə, həyata, dünyamıza sevgisi təsvir edilir.
NƏZAKƏT MƏMMƏDLİ
PAYIZ
Əl çəkib hər yana qızılı payız,
Ağaclar soyunub yaşıl donunu.
Üzünə ölümün sarısı çökən
Yarpaqlar gözləyir ömrün sonunu.
Baş çəkib bu «evdar» payız küləyi
Yenə də dərəni, düzü dolandı.
Ərköyün uşağa dönübdü göylər,
Bir kəlmə deməmiş gözü dolandı.
Düşüb yol gedirəm tale boyunca,
Hər yanda önümə çıxır bu payız.
Bacımın ağaran telindən düşür,
Anamın qəbrindən baxır bu payız.
Bu payız elə bil acığa düşüb,
Yayın günəş rəngin pozur beləcə.
Hayana çatırsa, sarı qələmlə,
Özünün adını yazır beləcə.
Onu çox gözləyib nişanlı qızlar,
Kim deyir əlləri boş gəlib payız?
Bərəkət fəslidi, toylar fəslidi,
Açın qapıları, xoş gəlib payız.
YAĞIŞ
Təbiətin göz yaşı, yoxsa Tanrı alqışı
Yağ, ey yağış, aramla yağ,
Dinclik gətir gəlişinlə.
Çöl-çəmənin üzü gülsün gülüşünlə.
Səndən umsun təmizliyi,
Pak saflığı hər daş-qaya.
Kainatdan əskik etmə
Öz nurunu damla-damla.
Bəhanə ol sevənlərə.
Səndən qaçıb çətir altda gizlənsinlər.
Sevgi dolu pıçıltında
Gilə-gilə ərisinlər.
Yağ, ey yağış, layla kimi,
şirin-şirin yuxuları bitirmə sən.
Selə dönüb fəlakəti gətirmə sən.
Aramla yağ, qoy nazlansın yasəmənlər,
Gəlişinlə bayram etsin qoy süsənlər.
Səndən alsın ilhamını
Şəlalələr, dağ çayları.
Qovuşmağa tələssinlər
Dənizlərdə ümman-ümman.
Elə yağ ki, toqquşdurub,
dalaşdırma buludları.
Qoy göy üzü inciməsin hay-haraydan.
Yağ, ey yağış, aramla yağ.
Mərhəmətlə ovundur sən insanları.
Qoy yer üzün islatmasın göz yaşları.