Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələrinə şair, publisist Manya Səxavətqızı “Vətən Fədailəri” trilogiyasını hədiyyə etdi.
Manya Səxavətqızının şəhidlərimizə həsr etdiyi «Vətən Fədailəri» trilogiyasının I kitabı “Naxçıvan şəhidləri”, II kitabı “İmişli şəhidləri”, III kitabı “Şəki şəhidləri” adlanır.
I kitabda məğrur Naxçıvanın qəhrəman şəhidlərinin ömür və döyüş yolundan söhbət gedir. 155 şəhidə həsr olunmuş kitabda Birinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanlarla yanaşı, müxtəlif illərdə Vətən uğrunda canından keçən, Azərbaycan ordusunun Qələbə qazandığı Aprel döyüşlərində, Fevral döyüşlərində şəhid olan və 44 günlük Vətən müharibəsi zamanı Zəfər tarixini yazan şəhidlərimizin qısa və şərəfli ömür yolları öz əksini tapıb.
“İmişli şəhidləri” kitabında Birinci Qarabağ müharibəsində, atəşkəs rejimində, Aprel döyüşlərində və Vətən müharibəsində şəhid olan yüz şəhidin qəhrəmanlığından bəhs olunub. Kitabın hər səhifəsi bir qəhrəmanlığı tərənnüm edir.
Burada İmişli torpağının 1990-cı illərdə öz yurd-yuvalarından didərgin düşən insanları bağrına basmasından, bu torpaqda böyüyüb boya-başa çatmış qəhrəmanlarla yanaşı 37 naməlum şəhidin dəfn olunmasından məlumat verilir.
“Şəki şəhidləri” adlanan III kitabda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz haqqında məlumatlar tarixə həkk olunur. Kitabda Birinci Qarabağ, Vətən müharibəsi və Aprel döyüşlərində şəhid olan Şəki rayonunun 99 şəhidinin həyatından, döyüş şücayətlərindən bəhs edilir. “Zəfərin 44 anı” başlığı altında 44 günlük Vətən müharibəsində Şəkinin qəhrəman oğullarının göstərdiyi şücayətlərdən və azad olunan torpaqlardan danışılır.
Trilogiyada şəhidlərin şərəfli ömür və döyüş yolları ilə bərabər, onlara həsr olunmuş şeirlər də daxil edilmişdir.
Bundan başqa, Manya Səxavətqızı kitabxanalara şəhid Şahmar Quliyevə həsr olunmuş “Şahmarın eşq əsəri” və şəhid Toğrul Məmmədova həsr olunmuş “Qeyrət təcəssümü” kitablarını da hədiyyə etmişdir.
Sözügedən kitablar tarix yazan şəhidlərimizi tarixə yazmaqla onların gələcək nəsillər tərəfindən tanımağına vasitəçi olur.
Trilogiya və kitablarla oxucular Yasamal rayonunun kitabxanalarında tanış ola bilərlər.