Həmkarlar İttifaqı sovetlərdən qalıb, deyənlər var. Əslində həmkarlar hərəkatının tarixi XVIII əsrdən başlayır. Böyük Britaniya fəhlələri istismara qarşı təşkilatlanmışdılar. İnsan istismarının ən böyük düşməni olan Sovet dövlətində Həmkarlar İttifaqı yeni bir şəkil aldı. O vaxt profsoyuz deyəndə ağlımıza hər şeydən əvvəl sanatoriya və kurort gəlirdi. Aztəminatlı işçilər də arxayındılar ki, bədəbəddə həmkarlara bir ərizə yazıb, 5-10 manat qabağa düşəcəklər.
Mən Yazıçılar Birliyində işləməyə başlayanda Həmkarlar İttifaqının sədri Novruz Gəncəli idi. Yeri gəlmişkən deyim ki, o, Yazıçılar Birliyi üçün inşa olunan sonuncu kooperativ binanın sədri idi. Az keçmədən Hİ-nin sədri Əli Vəkil oldu. Novruz müəllimdən fərqli olaraq, Əli müəllim dilli-dilavər, hərəkətli insan idi. İttifaqda yenicə vəzifə almışdı və tez bir zamanda Həmkarlara sədr də seçilmişdi. O vaxt Həmkarlar İttifaqının sədrinə üçüncü imza deyirdilər. Onun imzası olmadan kimsə xaricə ezamiyyətə gedə, mənzil və maşın ala bilməzdi. Təbii ki, işçi kollektivinin mənafeyinin müdafiəsi kimi məsuliyyətli bir öhdəliyi olan şəxsin imzası daşdan keçirdi. Bu gün Avropa zəhmətkeşlərini ayağa qaldırmış Qərb sindikatlarından fərqli olaraq, bizim Həmkarlar narazılıqların, Allah eləməsin, ixtişaşların dinc yolla aradan qaldırılmasını təmin edirdi. Yazıçılar İttifaqı Həmkarlarının növbəti sədri Nüsrət Kəsəmənli oldu. Nüsrət bir aləm idi, heyf ondan, işdən də, Həmkarlardan da tez getdi. Köhnə əməkdaşların yaddaşında yəqin ki, ən çox partkom Hafiz Əli qalıb. Elə Həmkarlar Komitəsinin yükünü də almışdı çiyninə. Hafiz müəllim gərəkdiyindən də təmiz insan idi. Sədrimiz Mirzə İbrahimov çox işgüzar adamdı, bir az da intizam tələb edirdi. Bir gün Hafiz Əliyə tapşırdı ki, işçilərin davamiyyətinə fikir versin. Əslində o vaxt da, indi də əsas işlər kimin üzərinə düşürsə, həmişə iş başındadırlar, əmək funksiyaları seyrək olan işçilər bilirlər ki, işdə olub-olmamaqları kiminsə diqqətini çəkmir. Bir də yaradıcı insanlar gecədən sübhə qədər yazıb-yaradırlar deyə, xətirlərinə dəyən yoxdu. Hafiz müəllim rəngləri tündləşdirməyə meyilli idi, işçiləri təqib etməyə başladı. Aşağıda qarderob vardı, otaqların açarları da qarderobda oturan növbətçidə olurdu. Hafiz müəllim qarderoba jurnal qoydurdu, özünün əsas vəzifəsini unudub, «jurnalist» oldu. O jurnal Hafiz müəllimin şəninə şayan olmadı, yerli-yersiz həmkarlarını acıladı, azad ruhlu şairə göstəriş vermək olardı? Söz kar eləməyəndə yumruq sözünü deyirdi. Bir gün də mən aşağıya — kitabxanaya düşmüşdüm. Heç 5 dəqiqə keçməmiş Hafiz müəllim arxamca kitabxanaya girdi. «Niyə yerində deyilsən?» Mən bəlkə də dünyanın ən dinc adamıyam, amma Hafiz Əlinin sualı mənə elə dəhşətli təsir elədi ki, özümü ilk dəfə tanıdım, yəni çox sərt danışa biləcəyim heç yuxuma da girməzdi. «Mirzə müəllim kitab istəyib». Necə hirslə dedimsə, rəhmətlik yerində dondu. Özünə gələndə səssizcə çıxıb getdi. Sonradan Hafiz müəllimlə qonşu olduq, mehribanlaşdıq. 80 illik yubileyi ərəfəsində dedi ki, sən 70 illiyimdə yaxşı təbrik yazmışdın, yenə sən yaz. Ürəkdən ona bir təbrik yazdım, qəzetdə çıxdı, çox keçmədi haqqın dərgahına yollandı, ürək ağrısı ilə nekroloqunu da yazdım və qəzeti ağlaya-ağlaya xanımına verdim. Sovetlərin süqutu ərəfəsində Həmkarların sədrliyi adını çəkmək istəmədiyim birinə həvalə edildi. Şəxsən mən onu bir mələk sanırdım. Tuti dilli, can deyib, can eşidən bu adama kim nə desəydi, «baş üstə», deyirdi. İnsanlar o qədər məftun olurdular ki, «mənim məsələm necə oldu» deyə, soruşmağa ar edirdilər. Bu HİK sədrinin dosyesi qalındı, dərinə getmək istəmirəm. Artıq kollektivin gözündən düşmüşdü və Həmkarlar Komitəsinin hesabat-seçki yığıncağında kollektiv ona səs vermədi. Adam qisas məqsədilə kollektivin çox da xoşlamadığı birinin namizədliyini irəli sürdü. Mən artıq zirəkləşmişdim, dedim, Firuzə xanım müavindi, elə onu seçək. HİK sədri İstiqlaliyyət küçəsindəki binada oturduğundan, başı daha maraqlı işlərə qarışdığından, öz mənafeyindən başqa bütün işlərə tənbəl olduğundan Firuzə xanım müəyyən işləri onun əvəzinə icra edirdi. Bir çox sənədlərin qovluğunu evdən işə, işdən evə daşıyırdı. Həmkarların sədrliyi onun halal haqqı idi. Firuzə xanım dürüst insandır, özü də etiraf edirdi ki, sədr olmaq üçün ürəyi getmir, mənzil almaq niyyəti var. Öz sənədlərilə bərabər bir neçə qələm yoldaşının da sənədlərini pişik balasını dişində gəzdirən kimi, dişində-dırnağında daşıyırdı. Keçmiş HİK sədrinin alıb kənara tulladığı sənədləri Firuzə xanımla birgə səliqəyə saldıq, ümumiyyətlə, 2005-ci ilədək, yəni İcra Hakimiyyəti rəsmi olaraq növbə məsələsini dayandıranadək 40-dan çox əməkdaş və yazıçımızın sənədlərini rəsmiləşdirə bildik. Çox sənədi İcra Hakimiyyəti qəbul etmədi. Nəticədə iki növbəzədə Firuzə xanımı öldürməklə təhdid etdi, növbə giley-güzarı indi də Həmkarların başını ağrıdır. Mənzil şəraiti qismən yaxşılaşan 34 həmkardan sadəcə iki-üçü Firuzə xanıma təşəkkür etməyi ədəbdən bildi.
Cümə günü 7 ildən sonra AYB Həmkarlar İttifaqının növbəti hesabat-seçki yığıncağı keçirildi. İclasa Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid rəhbərlik edirdi. Mən də 40 ildən artıq Birliyinin protokollarını yazıram deyə, protokol deyəndə mənim adım çəkilir. İclaslar insanları tanımaq üçün ən doğru yerdir. Doğru yazılan protokollar da, məsələn, yazıçıları bir şəxsiyyət kimi səciyyələndirmək üçün vacib mənbədir. Firuzə xanım hesabatını oxuyanda mən həmkarlarla birgə səyahətlərimizi, yolboyu şeirləşmələri, istirahət etdiyimiz məkanlarda şeir axşamlarını xatırlayırdım. Arada gərginlik artanda darmadağın olmuş Komitəni Firuzə xanımla necə kərpic-kərpic yığdığımızı, notarius qapısında, adını ilk dəfə eşitdiyim VÖİN almaq üçün dəfələrlə Vergi departamentində 3-4 saat növbə gözlədiyimizi, Respublika komitəsinin konfranslarını, hesabat vermək üçün dar otaqda yer tapmayıb ayaqüstə dayanmağımızı, kütləvi tədbirlər üçün plan cızmağımızı, səfər üçün abırlı sürücü axtarmağımızı, Şəki sənin, Nabran mənim, həmkarlar üçün rahat güzar sonalamağımızı xatırladım. Qışqırmırıqsa, bu o demək deyil ki, kiminsə bağırmağa haqqı çatır. Seçki-seçilmək bir prosesdir, seçərsən də, seçilərsən də, vəzifə verərsən də, vəzifəni itirərsən də, bunlar texniki şeylərdir. Həyatın mənasını bunda görənlərə acıyıram. Firuzə xanımı yekdilliklə Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri seçdik. Otuz il də Firuzə xanım Həmkarlar İttifaqının xəzinədarlığını mənə etibar edib. Bu etimadına görə mən Firuzə xanıma minnətdaram. Mən Yazıçılar Birliyində Firuzə xanım kimi ləyaqətli insanların çox olmasını istəyirəm. Firuzə xanım zahirən zabitəlidir, əslində ən kiçik titrəyiş ona zəlzələ kimi görünür, sülhdən, dinclikdən yanadır. Amma sülh savaşla qazanılır, Firuzə xanım. Dincliyi saxlamaq üçün nə yazıq ki, əlində silahın, dilində kəsərin olmalıdır. Firuzə xanım, sizi yoldaş seçmişəm, dost seçmişəm, silahdaş seçmişəm, bu yaşdan sonra siz dəyişməyəcəksiniz, buna əmin olduğum üçün sonadək yanınızdayam. Sabit Rəhmanın sözü olmasın, sədrlikdən çıxmaq fəlakət deyil, insan qədirlikdən çıxmasın.
Yuxarıda dedim, insanları iclaslarda tanımaq olur, Rəşad müəllim barədə qənaətim daha da monolitləşdi. Rəşad müəllim, o gün Güləmail xanım barənizdə nə deyirdi? Deyirdi, Rəşad müəllim köhnə kişilərdəndir. Bu təyin ən dəyanətli kişilər barədə deyilib. Güləmail xanımın sözünə qüvvət. O gün iclasda Səlim Babullaoğlu da mənim tanıdığım və həmişə elə görmək istədiyim həmkarımız idi. İclasdan sonra da qonşu otaqlarımız onun isti, səmimi davranışından işıqlanmışdı. Hər iki rəhbərimə təşəkkür edirəm. Haqqı dəstəkləyən, ədalətə and işən həmkarlarıma minnətdaram. İclasdan kim hansı təəssüratla çıxdı, məncə, səbəbi özündə axtarsın.
Firuzə xanıma uzun, sağlam ömür arzulayıram. İşləri avand olsun, bizi gözəl yerlərə gəzməyə aparsın, şeirlər uzun yolları qısaltsın.
İdarə heyətinə, komissiyaların rəhbərliyinə seçilən üzvlərimiz — İntiqam Qasımzadə, Qulu Ağsəs, Xatirə Fərəcli, Məlahət Qənbərova, Şəmsiyyə Camalova və digər fəallarla neçə-neçə uğurlu layihələrə imza atacağıq.
Hər şey yaxşıdı, həyat gözəldi… sən o gözəlliyi görə bilsən.
Arifə Əliyeva.