Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1nömrəli kitabxana filialının əməkdaşları 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Yasamal rayon Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin həyətində 3-cü sinif şagirdləri ilə birlikdə “Mən ana dilimdə danışıram” adlı aksiya təşkil etdilər. Aksiyada iştirak edən şagirdlər ana dili haqqında atalar sözləri söylədilər. Kitabxana əməkdaşları tərəfindən şagirdlərə öyrədici bülletenlər verildi. Aksiyada şagirdlərlə birgə valideynlər də iştirak etdilər.
Bundan başqa, kitabxanaçılar Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin 3e sinfində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxana filialının əməkdaşı Səidə Rəcəbova bu günün tarixi, təsis edilməsi haqqında şagirdlərə məlumat verdi. Ümummilli Lider Heydər Əliyevin: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir!”, – fikirlərini şagirdlərin diqqətinə çatdırdı. Kitabxanaçı qeyd etdi ki, hər birimiz öz ana dilimizi yaxşı bilməliyik və onu hər zaman qorumalı, eyni zamanda inkişaf etdirməliyik. Beynəlxalq Ana Dili Günündə hər kəsə öz doğma dilinin varlığını, zənginliyini hiss etmək və onunla qürur duymaq tövsiyə edildi.
Tədbirdə şagirdlər ana dilinə həsr olunmuş şeirlər söylədilər, kitab sərgisi ilə tanış oldular.