20 fevral 2024-cü il tarixində Yasamal rayon MKS-nin A.Şaiq adına 2 nömrəli kitabxana filialı AMK-nin tərkibində İncəsənət Gimnaziyasının 3a sinfində 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Mən ana dilində danışıram“ adlı tədbir keçirdi.
Tədbirdə A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova bildirdi ki, fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında YUNESKO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. O qeyd etdi ki, ana dili insanın mənəvi aləminin zənginləşdirilməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qoruyur.
3a sinif rəhbəri Xanım Dadaşova fikirləri ilə şagirdlərlə bölüşərək qeyd etdi ki, ölkəmizdə ana dilinin inkişafı Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Kitabxananın böyük biblioqrafı Dəniz Vətəni bildirdi ki, hazırda Ulu Öndərin dil siyasətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Şagirdlər ana dilimizi qorumaq və inkişaf etdirmək hər bir azərbaycanlının müqəddəs borcudur şüarını səsləndirdilər və Bəxtiyar Vahabzadənin ana dilinə həsr olunmuş “Mənim ana dilim” və “Ana dili” şeirlərini söylədilər, milli rəqslər nümayiş etdirdilər.