Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1nömrəli kitabxana filialında böyük qəzəlxan şair Əliağa Vahidin doğum günü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə müqəddəs Vətən torpaqları uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra şəhid gizir Xudayar Yusifzadənin Əliağa Vahidin sözlərinə bəstələnmiş “Xudayar təsnifi” adlandırılan “Vətən yaxşıdır” mahnısı dinlənildi.
Tədbiri kitabxananın oxucusu, Qərbi Kaspi Universitetinin 2-ci kurs tələbəsi Nəzrin Məmmədova açdı. Sonra kitabxana filialının müdiri Mətanət Qasımova qonaqları salamlayaraq bildirdi ki, biz bu gün burda Füzuli ənənələrinin davamçısı, qəzəlxan şair Əliağa Vahidin anadan olmasının 129-cu ildönümünü qeyd etmək məqsədilə toplaşmışıq. O, sözü tarix elmləri doktoru, professor, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, şair-qəzəlxan Şahin Fazilə verdi. Şahin Fazil Əliağa Vahidin ömür kitabını vərəqləyib, onun çətin sınaqlardan keçmiş həyatı haqqında məlumat verdi. O vurğuladı ki, bu gün Vahidin ruhu şaddır ki, biz böyük şairin adını daşıyan kitabxanada onun qəzəl dünyasının işığına yığışmışıq.
Tədbirdə texnika üzrə fəlsəfə doktoru, şair-qəzəlxan Əli (Ələmi) Əmirov çıxış edərək, Ə.Vahidin yaradıcılığı haqqında məlumat verdi. Sonra şair-qəzəlxan Ə.Vahidin “Bir yar idi, bir də mən” qəzəlinə yazdığı nəzirəni tədbir iştirakçılarına söylədi.
Tədbiridə çıxış edən kitabxananın fəal oxucusu Nəriman Fərəcov Əliağa Vahidin ailə üzvləri haqqında maraqlı məlumat verdi. O, Vahid yaradıcılığında Füzulinin böyük təsir gücünün olduğunu qeyd etdi. Oxucu Ə.Vahidin məşhur “Dəlidir” qəzəlini səsləndirdi.
Uşaq yazıçısı, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova Vahid yaradıcılığında qadın gözəlliyinin, sevginin, zərifliyin, aşiqlərin bir-birinə olan sədaqətinin əsas mövzu olduğundan danışdı. Gülzar İbrahimova Vahidin “Gözəldir” qəzəlini səsləndirdi.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Metodika və biblioqrafiya şöbəsinin baş metodisti İradə Hüseynova və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova Vahidin “Əsgər nəğməsi” və “Ola bilməz” qəzəllərini tədbir iştirakçılarına təqdim etdilər.
Tədbirin yekununda görkəmli xanəndə, bəstəkar, pedaqoq, Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun ifasında sözləri Əliağa Vahidə, musiqisi Əlibaba Məmmədova aid olan “Bir dənəsən” mahnısı dinlənildi.