Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarovanın təşəbbüsü ilə MKS-də həyata keçirilən “Şəhidlər olməz, Vətən bölünməz” layihəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqusu şəhid Qoşqar Hacıyevin vəfatının ildönümü ilə əlaqədar onun məzarı ziyarət edildi.
Kitabxana filialının müdiri Arzu Xudayarova Vətən uğrunda gedən döyüşlərdə Qoşqar və onun kimi minlərlə şəhidlərimizin öz adlarını tarixə qızıl hərflərlə yazdıqlarını və illər keçsə də onların qəlbimizdə əbədi yaşayacağını çıxışında qeyd etdi. O, şəhid Q.Hacıyevin şücayətindən, igidliyindən danışdı.
Daha sonra A.Xudayarova məlumat verdi ki, şəhid Qoşqar Hacıyev 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdır. Onun müalicəsi yerli tibb müəssisələri və Türkiyənin Gülhanə xəstəxanasında aparılmışdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Qoşqar Hacıyev “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
Ziyarət zamanı şəhidin anası Pəri xanım Hacıyeva oğlu ilə bağlı xatirələrini bölüşdü. Onun vətənpərvərliyindən, Vətənə bağlılığından söhbət açdı.
Şəhidin əziz xatirəsi dərin ehtiramla yad edildi, ruhuna dualar oxundu.