Fevralın 14-də Yasamal rayon MKS-nin A.Şaiq adına 2 nömrəli kitabxana filialı 21 nömrəli Körpələr evi – uşaq bağçasında 14 fevral Kitab Bağışlama Günü ilə əlaqədar “Balacalara kitab oxuyaq” adlı tədbir keçirdi.
Tədbirdə A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova bildirdi ki, fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilir. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür. Biz kitabxanaçılar hər il Beynəlxalq Kitab Bağışlama Gününün belə bir gözəl ənənəsini davam etdiririk. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Childrens Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu günün əsas məqsədi gənc nəsillərin mütaliəyə olan həvəsini daha da artırmaqdır.
Baş kitabxanaçı Gülyaşa Şükürova bildirdi ki, bu günün özəlliyi uşaqlara kitab bağışlamaq və onlarda mütaliəyə həvəs yaratmaqdır. Kitab Bağışlama Günü uşaqlarda kitaba sevgi yaradır, onları kitaba bağlayır. Mütaliə mədəniyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Körpələr evi uşaq bağçasının müəllimləri Rəhilə Bədəlova və Kəmalə Əliyeva kitab bağışlamağın faydasından və əhəmiyyətindən danışdılar.
Tədbirdə kiçik fidanlara kitablar oxundu, onlara Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, nasir Qəşəm İsabəylinin kitabları hədiyyə olundu.