“Uşaqlar asudə vaxtı necə keçirməli?” adlı tədbir

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar uşaqların sağlamlığına və inkişafına ziyan vuran zərərli informasiyadan qorunması, asudə vaxtlarını səmərəli keçirilməsi ilə əlaqədar fevralın 12-də Yasamal rayon MKS-nin A.Şaiq adına 2 nömrəli kitabxana filialının əməkdaşları AMK tərkibində İncəsənət Gimnaziyasının 1Q sinfində tədbir keçirdi.
“Uşaqlar asudə vaxtı necə keçirməli?” adlı tədbirdə A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova uşaqlara asudə vaxtda kitab oxumağın faydası haqqında danışdı. O qeyd ki, asudə vaxtdan düzgün istifadə etmək bacarıq, vərdiş və məntiq tələb edir. Bəs asudə vaxtı doğru dəyərləndirməyin yolu nədir? Sualına cavab verdi və dedi ki, şagirdlərin mütaliə vərdişlərinin formalaşması ilə yanaşı, hər kəsin maragına uyğun kitab seçmək də xüsusi önəm daşıyır. Valideyn, müəllim və kitabxanaçılar uşaqların mütaliəsində ən dəyərli kitabların seçilməsində onlara yardımçı olmalıdırlar.
Kitabxana filialının əməkdaşı Afət Ağayeva vurğuladı ki, “kitab oxumağın faydası nədir?” sualını çoxları cavablandıra bilər. Maraqlı məlumatı, vacib informasiyanı çox vaxt kitab verir. Kitab oxumaq oxucunun dünyagörüşünü genişləndirir.
Tədbirdə “Qızıl Qələm” mükafatı laureatı, vətənpərvər şair Nazlı Yazar şeirlər söylədi.
AMK tərkibində İncəsənət Gimnaziyasının 1Q sinfinin rəhbəri Sevinc Məmmədova uşaqlara asudə vaxtlarının səmərəli keçməsi üçün onlara idmanla və rəsm çəkməklə məşğul olmalarını tövsiyə etdi.
Tədbirdə şagirdlər asudə vaxtlarını necə keçirmələri haqqında verilən suallara cavab verdilər.