Kitabxananın oxucusunun Gənclər Gününə həsr olunmuş fərdi rəsm sərgisi açıldı

Bu gün, fevralın 2-də Gənclər Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında kitabxananın fəal oxucusu, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 6-cı sinif şagirdi Əminə Hidayətlinin fərdi rəsm sərgisi açılıb.
Gənc rəssam Əminə Hidayətli 29 dekabr 2011-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəssamlıqla məsğul olmağa başlayıb. 4 yaşında Azərbaycan Rəsm Qalareyasına qəbul olunub. O, “Art Qalareya”da bir neçə sərgilərdə iştirak edib və mükafatlara layiq görülüb. 2017-ci ildə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasına qəbul olunub. Əminə dəfələrlə respublikada və xarici ölkələrdə keçirilən rəsm müsabiqələrində iştirak edib, diplomlarla təltif edilib.
Ə.Hidayətlinin sərgidə nümayiş olunan “Zəfərin mübarək, Azərbaycan!”, “Qoy həmişə sülh olsun!”, “Qız qalası”, “Torqovıda Yeni il”, “Yaz zanbaqları”, “Qəbələdəki lavanda zəmisi” və s. rəsmləri maraqla qarşılandı.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxana “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın və “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar istedadlı oxucularla iş aparır, gənc istedadları müəyyən edərək onlara dəstək olur.