Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialında ictimai-siyasi xadim, AXC-nin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəticəsi Rəhilə İsgəndərzadə, kitabxana əməkdaşları və fəal oxucular iştirak etdilər.
İlk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilidi.
Sonra kitabxana filialının əməkdaşı Hilanə Babayeva tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, M.Ə.Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. O bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasının təşəbbüskarlarından biri olub. Belə şəxsiyyətlər heç vaxt unudulmur. Onlar hər zaman hörmət və ehtiramla yad edilir.
Ədibin nəticəsi Rəhilə İsgəndərzadə çıxış edərək, tədbirin təşkili üçün kitabxana əməkdaşlarına öz dərin təşəkkürünü bildirdi. O, belə bir insanın nəticəsi olduğundan qürür duyduğunu bildirdi.
Yasamal rayon MKS-nin A.Şaiq adına 2 nömrəli kitabxana filialının müdir vəzifəsini icra edən İradə Hüseynova çıxış edərək dahi şəxsiyyətin həyatı haqqında tədbir iştirakçılarına məlumat verdi. O bildirdi ki, belə tədbirlərin keçirilməsi böyüməkdə olan gənc nəsil üçün çox mühüm və əhəmiyyətlidir. Gənclər Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətləri tanımalı, onların şərəfli həyat yollarını öyrənməlidirlər. O, ədibin yazdığı “Mayıs duyğuları” şeirini səsləndirdi.
Tədbirdə kitabxananın fəal oxucularından Yaşar Babazadə və Umleyla Rzayevanın Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı hazırladıqları videoçarxlar nümayiş olundu.
Kitabxananın fəal oxucusu Əsma Eyvazova Azərbaycan Xalq Cümhuriyyəti haqqında məlumat verdi və Bəxtiyar Vahabzadənin “Bayraq“ şeirini söylədi.