Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 2 nömrəli kitabxana filialı, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” və “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” ictımai birliklərinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində şəhidlərə həsr olunmuş “Qəhrəman Vətən oğulları” adlı ədəbi-bədii gecə keçirildi.
Tədbirin əvvəlində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları Ulu Öndərin Yasamal rayon Heydər Əliyev Mərkəzindəki abidəsini ziyarət etdilər.
Ədəbi-bədii gecəni giriş sözü ilə açan Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova şəhidlərin valideynlərini, qaziləri, veteranları və qonaqları salamladı. O qeyd etdi ki, şəhid ailələri daima bizim diqqət mərkəzindədir. Biz işğal altında olan torpaqlarımızı qanları, canları bahasına yağılardan azad edən şəhidlərimizə, qazilərimizə, veteranlarımıza borcluyuq.
Azərbaycan Silahlı Qüvvələrinin ilk uğuru 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə və yanvarın 17-də həyata keçirdiyi əməliyyat nəticəsində Horadiz qəsəbəsi, Cocuq Mərcanlı kəndi və Arazboyu bir neçə kənd işğaldan azad olunması ilə bağlıdır, Ulu Öndərimizin adı ilə bağlıdır. Mən burada iştirak edən şəhid valideynlərinin qarşısında baş əyirəm. Hər bir şəhidin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Onlar Dövlət himnimizi, “Qarabağ şikəstəsi”ni oxuya-oxuya ölümün üzünə dik baxdılar, Şuşamızı, Kəlbəcərimizi, Qubadlımızı, Zəngilanımızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Laçınımızı, Xocavəndimizi, Xankəndimizi, Xocalımızı, Ağdərəmizi, bütün Qarabağımızı düşməndən azad etdilər. Cənab Prezident dəfələrlə qeyd etmişdir ki, Qələbəni qazanan, torpaqlarımızı azad edən şəhidlərimiz, əsgər və zabitlərimizdir. Şəhidlərimizin əziz xatirəsinə hekayə və povestlər, romanlar, poema və şeirlər, esse və oçerklər, əfsanələr yazılır və yazılacaq, teatr səhnələrində onlara həsr olunmuş tamaşalar qoyulacaq, kinofilmlər çəkiləcək, rəsm və incəsənət əsərləri yaradılacaq.
“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyin sədri Mehriban Abdullayeva qeyd etdi ki, bu gün biz “Qəhrəman Vətən oğulları” tədbirini Yasamal rayon Mərkəzi Kitabxanası ilə birlikdə keçiririk. Mənim ailəmin də dörd şəhidi var. Azad olunmuş torpaqlar şəhidlərimizin əmanətidir. Ali Baş Komandan xalqa müraciət etdi və Vətən torpaqlarını düşmən tapdağından azad etməyə çağırdı. Xalqımız ayağa qalxdı. Azərbaycan xalqının övladların qanı yerdə qalmadı, Azərbaycanın üstündən qara duman getdi. Əsgər və zabitlərimiz torpaqlarımızı azad etdi. Şuşamızı çətinliklə də olsa geri qaytara bildik. Bilməliyik ki, bir düşmənimiz var, o da ermənidir. Biz şəhid ailələri ilə daima təmasda oluruq. Şəhid olmaq hər adama qismət olmur, onlar cənnət quşu, mələkdirlər. Biz 7 fevralda keçirilən Prezident seçkilərində yaxından iştirak edəcəyik, bu bizim Konstitusiya hüququmuzdur. Torpaqlarımızı bizə qaytaran Ali Baş Komandana səs verəcəyik.
2 nömrəli kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova vurğuladı ki, tədbirimiz Vətən torpağı uğrunda döyüşmüş və canlarını qurban vermiş şəhid oğullarımıza həsr olunub. Onlar “Vətən” deyərək şəhadət zirvəsinə ucaldılar, şəhidlər gözlərimizdən axan yaşımızdır. Mən bu yaxınlarda bir şəhid anası ilə danışarkən ana mənə sual verdi ki, deyirlər şəhidlər ölməzdir, bəs şəhid balam niyə mənim yanımda deyil? Dedim ki, onlar əzəmətli dağdılar, zirvələrə ucalıblar və hər bir ailənin qəlbində, ürəyindədirlər. İ.Hüseynova “Ağlama, şəhid anası” şeirini söylədi.
Şəhid Əlizaman İslamovun anası Hürnisə Kərimova: “Əlizaman mənim yeganə övladım idi. Mənim oğlum Vətən yolunda şəhid oldu, sinəsini qabağa verib ölümə getdi, ölümün gözünə dik baxdı, canı, qanı bahasına vuruşub şəhid oldu”, – sözlərini deyərək kövrəldi.
“Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyin sədri, yazıçı, publisist, kitabxananın Fəxri oxucusu Nüşabə Məmmədli qeyd etdi ki, belə tədbirlər nə qədər sevindirici olsa da, amma hər dəfə şəhid ailələri ilə görüşərək içimdə tüğyan edirəm. Nə üçün bizim başımıza bu bəlalar gəldi? Bütün əsərlərimi yazanda yadıma bu sözlər düşür:
“Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim”.
Sözlərin mənasına baxın, yəni canımdan keçib torpaqda mamır olardım. Əgər övlad Vətənə xidmət edərkən şəhid olubsa, o ana üçün balanın xöşbəxt ölümüdür. Başınızda qara örpək, saçlarınız vaxtından tez bəyaz olan şəhid analarımız, hamınız gözümüzün nurusunuz. Mən özüm şahidiyəm ki, nə qədər könüllülər düşmənlə vuruşmaq üçün cəbhəyə getdi. 44 gün, sonra isə 23 saat 43 dəqiqə ərzində Qələbəni əldə etmək əsl qəhrəmanlıqdır. Kim bu Qələbəni bizə verdi? Əlbəttə ki, Ali Baş Komandan.
Şəhid mayor Ruslan Cəfərovun anası Alimə Cəfərova məlumat verərək bildirdi ki, ailəsində hərbiçi çoxdur. Ruslan ehtiyatda olan hərbiçi idi. O həmişə deyirdi ki, əgər torpaqlarımızın azadlığı uğrunda savaş olsa, mən cəbhəyə gedəcəyəm. Oğlum Ruslan Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid oldu, digər iki oğlum da Vətən uğrunda vuruşdu. Onlar eyni cəbhədə olduğlarına baxmayaraq biri-birindən xəbərsiz vuruşurdu. İkinci oğlum veteran olub, üçüncü oğlum isə Xankəndini azad edib.
3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova “Şəhidlər” şeirini söylədi.
““Zirvə” İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyin sədri, ehtiyatda olan zabit Elçin Axundzadə çıxışında Birinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu vurğuladı və qeydetdi ki, 90-cı illərin əvvəllərində ordumuz çox böyük uğursuzluqlarla uzlaşdı. Həm daxildən, həm də xaricdən bizə təzyiqlər oldu. Biz ədalətli sülh istəyirdik və buna nail olduq. 44 günlük Vətən müharibəsində biz Xankəndiyə girə bilmədik, amma bunu sonradan etdik, bununla da ermənilərə ciddi zərbə vurduq. Tanrı dövlətimizi qorusun, Tanrı Azərbaycanı qorusun. Biz Ali Baş Komandanın ətrafında birləşmişik.
“Mədəni İnkişafın Təbliğı” İctimai Birliyin sədri, şair Xatirə Fərəcli qürur hissi ilə qeyd etdi ki, tədbirlərdə şəhid anaları danışanda mən onları heyrətlə dinləyirəm, çünki onlar qəhrəman anadılar, onların oğulları da qəhrəman oldular. Qarşınızda baş əyirəm, analar. Eşq olsun, bizə Zəfər yaşadan şəhidlərimizə. Sonra o, şəhidlərə həsr etdiyi şeirlərini oxudu.
Qazi Elnur Fərzəlibəyov çıxışını bu sözlərlə başladı: “Analarımızın əllərindən öpürəm, onların qarşısında baş əyirəm. Mənim üçün burada danışmaq çox çətindir. Mən Aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmişəm. İgidliyə görə medalla təltif olunmuşam. Sizin övladlarınızın qanı yerdə qalmadı, onların qanı on qat alındı”.
Şairə Nafilə Nafi qeyd etdi ki, hər bir ailənin qazisi, yaxud şəhidi var. Müharibə gedən vaxtlarda mən çox ağlayırdım. Qələbə günündə hamı gülürdü. Soruşurdum ki, nə olub? Dedilər Qələbə qazanmışıq. Ali Baş Komandan bizi dünyaya tanıtdı. O, “Bağışla, Şuşam” şeirini oxudu.
Şəhid Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva, Aprel şəhidi Nurəddin Mirzəliyevin anası Fəxriyə Burciyeva,
şəhid Anar Ələsgərlinin anası Tərlan Ələsgərli, şəhid Qurban Cəfərovun anası Mətanət Cəfərova və b. dedilər ki, onların sözünü oğulları dedi və şəhıd anaları tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.
Qazi Vüqar Əhmədov dedi: “Bura gəlmək, valideynlərin qarşısında danışmaq çox çətindi. Mən ehtiyatda olan zabitəm, 44 günlük müharibədə vuruşmuşam, rütbəsindən asılı olmayaraq hamı döyüş meydanında idi. Müharibə itkisiz olmur. Şəhid olan zabit və əsgərlər qəlbimizdə əbədi yaşayacaq. Kimin şəhid olacağını Allah buyurur. Biz şəhid xəbəri gəldikcə, daha da qəzəblənirdik və bu qəzəbdən güc alırdıq. Mən istəmirəm ki, şəhid analarımız ağlasınlar. Allah onların övladlarına uca şəhidlik zirvəsini fəth etməyə izn verib”.
Şəhid Ramil Hüseynovun atası Qüdrət Hüseynov çıxışında dedi ki, biz hərbiçi ailəsiyik, mən Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Vətən torpağını qorumaq üçün qazilərimiz, şəhidlərimiz canlarını fəda etdilər. Onlar həm torpaq oldular, həm su oldular. Mən istərdim ki, belə tədbirlər çox olsun, şəhidlər daima xatirələrdə yaşasın. Şəhidlərimizin hər biri hər zaman anılacaq, tarixdə və qəlblərdə yaşayacaq.
Şair İldırım Əlişoğlu qeyd etdi ki, Azərbaycanın düşməni yalnız ermənidir. Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” nöqtəsini – nida etdi. Şair yazdığı “Ali Baş Komandan” şeirini oxudu.
Tədbirdə “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri və üzvləri çıxış edərək, Xuşidbanu Natəvanın Fransanın Evian-le-Ben şəhərindəki abidəsi ətrafında gedən mübahisələrdən danışdılar, həyəcan təbili çaldılar, erməni lobbisinin hərəkətlərini pislədilər. Sonra isə tədbir iştirakçıları Fransa Respublikasının Azərbaycandakı Səfirliyinə ünvanlanmış Xan qızı Nətavanın heykəli ilə bağlı Bəyanat qəbul etdilər.
Tədbirin bədii hissəsində xanəndə, muğam ustası, kitabxananın Fəxri oxucusu Maya Cəbrayılova ürək sözlərini deyərək qeyd etdi ki, tədbir çox önəmlidir, gələcək nəsillərə yadigar izlərini qoyub şəhidlərimiz. Qəlbimizdə daima və əbədi yaşayacaq nur üzlü oğullarımız. Onları biz anırıq, anaları Allah var eləsin. Bizi qoruyan, Vətənə xidmət edən əsgərlərimizi Allah var eləsin. Sonra o, “Qarabağ” və “Şuşanın dağları” mahnılarını ifa etdi. “Mehriban” mahnı və rəqs kollektivinin üzvləri Məryəm Bəbirli, Nərmin Talıbova, Nihad Həsənov, Nərmin Yaqub-zadə, Nilgün Şərifova “Ey Vətən”, “Şuşa, qollarını aç” (Zəfər himni) mahnılarını ifa etdilər. Qrupun üzvləri, vokal üzrə bədii rəhbəri Esmiralda Hüseynova, kollektivin yaradıcısı və rəqs üzrə bədii rəhbəri Səbinə Nəcəfova vətənpərvərlik mövzusunda mahnıların ifasına görə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəxri fərmanları ilə təltif olundular.
Tədbirdə 4 nömrəli kitabxana filialı tərəfindən hazırlanmış şəhidlərə həsr olunan videoçarx nümayiş olundu.
Videoçarx Mərkəzi Kitabxananın YouTube kanalında yerləşdirilib:
Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti”nin Bəyanatı aşağıdakı keçiddə yerləşdirilib: