Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Nağıllar aləminə səyahət” layihəsinə yeni yazdığı nağılı təqdim etdi.
“İki qardaşın nağılı”nda müəllif Böyük və Kiçik çillədən danışır. Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə adlanır. Adətən Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır. Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər. Müəllif uşaqlara bu maraqlı təbiət hadisəsini şirin nağıl dili ilə danışır. Böyük çillənin nəsihəti həyata, insanlara sevginin, mərhəmətin, qayğının təcəssümüdür.
İki qardaşın nağılı
Biri var idi, biri yox idi. Böyük çillə və kiçik çillə adlı iki qardaş var idi. Böyük çillə dekabr ayının 20-si gələr, 40 gündən sonra, yəni yanvar ayının 31-də yapıncısının ətəklərini yığar, əsasını əlinə götürər, ağır addımlarla gəldiyi yolla geri qayıdardı.
Bu dəfə də böyük çillə getmək vaxtının çatdığını görüb yola düzəlmişdi. Bir az getmişdi ki, qarşıdan iti addımlarla ona tərəf gələn qardaşı kiçik çilləni gördü. O, kiçik çillənin qolundan tutub soruşdu:
– Qardaş, hara belə tələsirsən? Heç mənimlə salamlaşmadın.
Kiçik çillə təkəbbürlə dedi:
–Tələsirəm, gedirəm sənin edə bilmədiklərini yerinə yetirim. 40 gündür sənə göz qoyuram, nə qar yağdırdın, nə şaxta oldu, nə də çovğun. İndi bax, gör mən nələr edərəm. İnsanlar şaxtadan, qardan, çovğundan gözlərini aça bilməyəcəklər. Yağan qarı güclü külək sovurub yolu-izi tutacaq. Şaxtadan çaylar, bulaqlar donacaq.
Bunu eşidən böyük çillə müdrikcəsinə cavab verdi:
– Mən çovğun eləsəydim, qar yağdırsaydım səngərdə olan əsgərlər əziyyət çəkərdi, axı onlar gecə-gündüz Vətəni qoruyurlar. Şaxta olsaydı, bağçaya gedən körpələrin ayaqları donardı, onlar xəstələnərdi. Məktəbə gedən uşaqların əlləri donardı, onlar da yazı yaza bilməzdilər. Qar yağsaydı qocalar yollarda şürüşüb yıxılardı. Bunun nəticəsi çox ağır olardı.
Böyük qardaş kimi sənə də məsləhətim budur, çox sərt olma! İnsanların vəziyyətini nəzərə al! Amma bir gün az da olsa qar yağdır ki, böyüklər də, uşaqlar da qarın sevincini yaşasın və bütün xəstəliklər məhv olsun! İnsanlar sağlam yaşaya bilsin.
Kiçik çillə böyük qardaşının sözlərini dinləyəndən sonra bayaq dediyi sözlərə görə çox peşman oldu. O, pıçıltı ilə böyük çilləyə dedi:
–Heç mən bunları fikirləşmirdim. Sənin sözlərinə mütləq əməl edəcəyəm.
Kiçik çillə bu sözləri deyib irəliyə, böyük çillə isə gəldiyi yolla geriyə doğru getdi.
Beləcə iki qardaşın nağılı bitdi.
Bir az qar yağdı, bir az soyuq oldu. Amma heç kim xəstələnmədi.
Tapmacalar
Adı olsa da böyük,
Heç kimə olmadı yük.
(Kiçik çillə)
***
Adı olsa da böyük,
Heç kimə olmadı yük.
(Böyük çillə)