Yeni şeir: Qadir Hüseynov

Yasamal rayon Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair Qadir Hüseynovun 20 Yanvar şəhidlərinə həsr etdiyi yeni şeiri oxuculara təqdim edirik

Bu gün qara gündü, o qanlı yanvar.

Bu gün qara gündü, o qanlı yanvar,
Qərənfil sızlayıb ağlayır bu gün.
Vətən öz qəhrəman övladlarının,
Hər il matəmini saxlayır bu gün.

Çiçək də ağlayır, gül də ağlayır,
Çəmən də ağlayır, çöl də ağlayır.
Oba da ağlayır, el də ağlayır,
Hər il matəmini saxlayır bu gün.

Göylərə yüksəldi millətin ahı,
Hər kəs gözü yaşlı açdı sabahı.
Axı bu millətin nəydi günahı,
Hər il matəmini saxlayır bu gün.

Kimisi itirdi körpə balasın,
Kimisi itirdi ürəkparasın.
Kimisi məzara qoydu anasın,
Hər il matəmini saxlayır bu gün.