Xalq şairi Vahid Əziz “Yaradıcı oxucularımız” layihəsinə oxucuların arzusu ilə şeir təqdim etdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, xalq şairi Vahid Əziz kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə növbəti şeir təqdim etdi.
“İndi bilmişəm” şeirində şair yaşadıqlarını, duyduqlarını, bəzən unutduqlarının, xatirəyə dönən anlarının, qəlbində tutduğu minlərlə arzularının, bəzən yanlış qızınan ürəyinin, giley-güzarının, küsdüyü taleyinin göydə yazılmış olduğunu indi bildiyini etiraf edir.

İndi bilmişəm…

Payızdan az qaldı huşsuz qayıdam,
Yarpaq qızıldanmış, indi bilmişəm.
Şeyda bülbül kimi məni oyadan,
Bir qız, mızıldanmış indi bilmişəm.

Çalmasız isinməz dağların başı,
Alovsuz çat verər ocağın daşı,
Çoxdannan quruyan gözümün yaşı
Çiçək nazınnanmış indi bilmişəm,

Qəlbimdə minlərlə arzumu tutdum,
Yadımda bir azı, çoxun unutdum,
Xəttin gec tanıdım, o ilk məktubum
Qonşu qızınnanmış indi bilmişəm,

Ya qartal olaydım göylərdə süzən,
Ya bulud güllərə şəbnəmlər düzən,
Əfv et, cavanlığım, ürək də bəzən
Yanlış qızınanmış, indi bilmişəm,

Ya vaxt sənlik deyil, ya sənsən ögey,
Daha, Vahid ƏZİZ, nə güzar-giley?
Hərdən, yer üzündə küsdüyüm taley,
Göydə yazılanmış, indi bilmişəm…
15.12.2023.