İlham Əliyevin doğum günü Şüvələn kəndində qeyd edildi

24.12.2023-cü il tarixdə Şüvələn kəndindəki “Xəzri” restoranında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Doğum gününə həsr olunmuş “Qarabağın Fatehi” adlı ədəbi-bədii gecə keçirildi. Xeyriyyəçi Hacı İntiqam Atayevin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirin aparıcısı T.e.dok., professor İbadulla Ağayev idi.
Dövlət Himni səsləndikdən sonra, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların – Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı İ.Ağayev tədbir iştirakçılarını salamladıqdan sonra, ilk əvvəl ümummilli lider Heydər Əliyevi dərin ehtiramla yad etdi və onun layiqli davamçısı olan Ölkə rəhbəri İlham Əliyevin həyat yoluna nəzər saldı.
Çıxış edən natiqlər – polkovnik Həmid Cəfərov, ağsaqqal, şair Hacı Soltan Əlizadə, Amerikada Nyu York-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, Əməkdar məşqçi Zəminə Mirhadıyeva, müharibə veteranı Arif Məhərrəmov, İctimai xadim, AJB-nin üzvü Yasəmən Möhübbətqızı, İctimai Birlik rəhbərləri Xatirə Fərəcli, Mehriban Abdullayeva, tanınmış jurnalist-şair Südabə Sərvi, yazarlardan Şükür Şuşalı, Almaz Alqızı və digər qonaqlar İlham Əliyevin uzaqgörən, məqsədyönlü, ardıcıl siyasətindən, dünya hərb tarixində görünməmiş zəfərindn, əsarətdən azad olmuş Vətən torpaqlarında apardığı yenidənqurma, quruculuq işlərindən söz açdılar, möhtərəm Prezidenti doğum günü münasibətilə təbrik edərək xoş arzularını bildirdilər. Şairlər rəhbərə həsr etdikləri şeirlərini səsləndirdilər. Çıxışçılar möhtəşəm Qələbəyə imza atan İlham Əliyevin “Şah İsmayıl Xətai” ordeni ilə təltif edilməsi fikrini də iləli sürdülər.
Vətən torpaqlarının düşmən tapdağından azad olunması uğrunda gedən mübarizədə qəhrəmancasına həlak olaraq Şəhidlik Zirvəsinə ucalan igid oğulların əziz-doğmaları Ali Baş Komandanı doğum günü münasibətilə təbrik edərək xoş arzularını bildirdilər. Həmçinin Şəhidlərin qisasını yağı düşməndən aldığına, 30 illik həsrətə son qoyduğuna, şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyinə görə, Prezidentə təşəkkür etdilər.
Tədbitdə Peşə məktəbində kulinariya və aşpazlıq üzrə təhsil alan tələbələrin hazırladıqları, Qarabağ mətbəxinin nümunələri olan müxtəlif çeşidli şirniyyatlar, ləziz təamlar sərgiləndi. Bu işdə əməyi olan, Milli mətbəximizin zənginliyini və gözəlliyini dünyada tanıdan, həmçinin yetirmələri ilə hər zaman fəxr edən professor Tahir Əmiraslanov da öz ürək sözlərini söylədi. Milli mətbəxin nümayişi zamanı fərqlənənlər mükafatlandırıldılar.
Ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin hayat və fəaliyyətini əks etdirən sərgidə Qazaxıstan Respublikasının Bişkek şəhərində nəşr olunan, IX Beynəlxalq Bakı Kitab Sərgisində sərgilənən, Heydər Əliyevin 100 illiyinə həsr olunan “Türk dünyasının dahi şəxsiyyəti” kitabı da yer almışdı. Bu işdə zəhməti olan xeyriyyəçi naşir Nüsrət Məmmədovun sayəsində qonaqlar bu dəyərli kitabı əldə etmiş oldular.
Əməkdar artistlər Rəhilə Bəndəliyeva və Elza Seyidcahanın, Şirvan Aşıqlar Birliyini sədri, aşıq Ağamurad İsrafilovun, xanəndə Zeynal Əhmədovun, məktəbli Fərmanın ifasında səslənən vətənpərvərlik mahnıları, həmçinin preşəkar musiqiçilər – Əməkdar Mədəniyyət İşçisi, balabançı İzzatalı Zülfüqarovun, həmçinin Həsrət Hüseynovun və digərlərinin ifaları tədbirə xüsusi rəng qatdı.
Şəkillər çəkilməklə tarixin yaddaşına həkk olunan tədbir ziyafət süfrəsi arxasında xoş ovqatla başa çatdı.

Aygün Hacıyeva,
AJB, AYB və AAB-nin üzvü