Ramiz Əkbər əbədi mühitimizə böyük təcrübə , bilik, anlayış və yenilik duyğusu ilə ayaq basmışdır. Gözəl həkim kimi tanınmış R.Əkbər az bir vaxtda güclü istedadın “xeyir-duası” ilə bədii söz ustası kimi məşhurlaşaraq fikrin gözəlliyini təsdiq edə bildiyi üçün oxucu auditoriyasında fəxri kürsüdə “əyləşmişdir”.
Elmi-ictimai fəaliyyətini əbədi-bədii yaradıcılığı ilə çarpazlaşdıraraq eyni tərz (təqt) üstündə kökləyən həkim yazıçının bədii əsərləri XXI əsrin müasir pisxoloji konfliktini, bu günün mənəvi axtarışlara doğru yolunu müəyyənləşdirir .Müasirlik estetik kateqoriya kimi onun yaradıcılığına xas olan keyfiyyətdir. Yaşadığımız anların narahat mənəvi məzmununu məxsusi bir həkim-yazıçı fəaliyyətində qabarıq əks etməklə reallaşdıran R.Əkbərin bədii yazılarını “toksikologiya” da adlandırmaq olar . O, tibb biliyinə əsaslanaraq “ yazıçı qələmi ilə hazırladığı vaksinlə” ( pyes ,novella və s.) mənəvi xəstəliklərin “profilaktikası”nı aparır .
R. Əkbərin bir yazıçı kimi üstünlüyü ondadır ki ,çox böyük işin hissəsini ləngitmədən yerinə yetirib və şöhrətin zirvəsinə “dəvətnamə qazanıb”.
Ramiz Əkbər dramaturq, publisist fəaliyyəti ilə yanaşı , bir nasir kimi böyük nəsrimizin kiçik janrlarının mümkün imkanlarından ustalıqla istifadə edərək böyük həqiqətləri “xırdalayır” . O, ayrı-ayrı hekayələrdə dövrün əxlaqi, mənəvi keyfiyyətlərini, böyük həqiqətlərin xülasəsini qabarıq canlandırır. Yazıçı R.Əkbər “Həkim və Hakim “ hekayəsində mücərrəd anlayış olan Zamanın parlaq obrazını da yarada bilmişdir . Hekayədəki Hakim obrazı əslində zamanın özüdür və hakimin ( Ədalət hakimlərimizin ) cinayətkar üzərində qələbəsi zamanının qələbəsidir-yazıçının aydın düşüncəsinin qələbəsidir. Optimist yazıçının bu hekayəsi cəmiyyətimizdəm qeyri-sabitlik yaradan, ağ ölüm “ ləri ilə mühitimizi korlayan “potogen mikroblar “ a qarşı əməliyyatdır .
R. Əkbərin hekayələrinin hər biri özündə roman materialı daşıyır . İşin həcm tərəfini yox , keyfiyyətini düşünən yazıçı müasirliyin cazibəsinə fırlanan kompasın əqrəbinə bənzər “ cərrah qələmi “ ilə hekayələrində əks qütblü surətlər “ ordusu ” yaratmışdır .İnsan şəxsiyyətinin,mənəviyyatının ekologiyasnı daim diqqət mərkəzində tutan yazıçı öz əxlaqi meyarını müsbət obrazlarına köçürərək müasir oxucularının idealını ifadə etməklə yanaşı, idealsız, mənəviyyatsız adamların daxili aləmini məharətlə açmaqla onları bədii obraza çevirib tipikləşdirir. Güzəştsiz təsvir olunan bu obrazlara oxucu şübhəsiz yanaşır.
Əsrin tərcümeyi-halını rəngarəng obrazlara açıqlayan və yaradıcılığının “baş arteriyası” hesab olunan hekayələrində yazıçının realist qələmi hadisələrin təbii axarına müdaxilə etmir , yolundan çaşdırır. Pozğun əxlaqın süqutunu real lövhələrlə canlandırdığı “Özü yıxılan da ağlayar, yaxud qozbeli qəbir düzəldər “ hekayəsində zəmanənin böyük bəlalarından olan alkoqolizm , narkomaniya, tiryək alveri və onların törətdiyi dəhşətli “ ağrı-acılar”ı psixoloji inandırıcılıqla göstərilmişdir. Əsərin ifşa olunan “qəhrəmanı” Samirin düşdüyü mühit, bu mühitin “qanuniləşmiş iş prinsipi “ bütün mövcud xoşbəxtliyi imkansız edir. Ruhi aləmin tənasübünü pozan qorxu Samiri ( bu sayaq Samirləri ) eybəcərləşdirir, onu ikiüzlü,yaltaq edir və bu vahimə Samiri dəlilik dərəcəsinə çatdırır, ölümünə səbəb olur.
Yazıçının “Yanlış” hekayəsində mənəvi xəstəlik olan qısqanclıq və onun törətdiyi fəlakətin dağıtdıqları inandırıcıdır. Peşəkar yazıçı beş səhifəlik bir hekayədə böyük bir faciənin açıb göstərmişdir. Hekayənin sujeti iki ziyalı gənc- Sadiqlə İntizarın qarşılıqlı məhəbbəti üzərində qurulmuşdur. Onların arasındakı sevgi abstrakt deyildir. Lakin dəhşətli “qasırğa”-Sadiqin qısqanclıq azarına tutulması, onun fikir “iflicliyi” saf məhəbbət üzərində qurulan ailəni uçuruma sürükləyir və dərinliklərə atır.
Hekayədən aydın görünür ki, Sadiqin tragik səhvi düşüncəsindən “zərərli mikroblar”la mübarizə apara bilməsindədir. Faciədən sarsılmış Sadiqin hıcqırtılı monoloqu (Bağışla, bağışla məni! Yalvarıram, bağışla, mümkünsə, bağışla!) yazıçının insan qəlbində qısqanclığın yoluxucu bakteriyalarına dağıdıcı zərbələr endirməsidir.
Yazıçının “At-murad” və “ At- muradın davamı” və ya “Rəhmanın aqibəti” hekayəsində yoxsulluğun ruhi müvazinəti pozan bir amil olduğunun şahidi oluruq . “At-murad” hekayəsində paklıq rəmzi olan Saleh müəllim obrazı R. Əkbərin oxuculara ən böyük hədiyyəsidir. Yazıçı bu surətin simasında əxlaqi ucalığın və mənəvi təmizliyin “tunc büstünü “ yaratmışdır.
Bioloji varlıqlar içərisində düşünmək və danışmaq qabiliyyətinə malik olan ali varlıq insanın aliliyini , eləcə də mənsub olduğu xalqın nəcibliyini təcəssüm etdirən bu kamil insan obrazı təkcə Ramiz Əkbər yaradıcılığının deyil, bugünkü nəsrimizin nümunə olası əbədi obrazdır və bu obrazın prototipi elə R.Əkbərin yaradıcılığının diqqətlə izləyən Saleh müəllimdir.
“Gülüş eybəcərliyin edamıdır” ifadəsi R.Əkbər yaradıcılığının “boyuna biçilib” . Onun yaradıcılığında gülüş qəhqəhəyə çevrilmiş bu gülüş istehzalı, dərin mənalı satirik gülüşdür. Yazıçı yumordan satirik məqsəd üçün istifadə edir. “Qarınqululuq” hekayəsində yumor üzdə, satira isə sujet arxasındadır. Bədii portretini ustalıqla işləmiş “uçaskovı” Məmmədağanın mənəvi yoxsulluğunu yazıçı açıb göstərir .R.Əkbər fikrini örtülü yox , çılpaqlığı ilə verir.O ictimai tiplər – “uçaskovı” Məmmədağalar , “ novator” Əliqulular , “amerikan” Qulular qalereyasını yaradıb ifa etməklə bir həkim kimi cəmiyyətimizin “yaralarının müalicəsinə” çalışır. Yazıçının satirik hekayələrində kinayə, ironiya yeri gəldikcə şiddətli qroteks və sarkazmla qüvvətlənir. Bütün bunlar tiplərin müştərək sifətini, daxili və zahiri əlamətlərini yarada bilmək bacarığı yazıçı-həkim R. Əkbərin sənətkarlıq xüsusiyyətləri ilə bağlıdır.
Ramiz Əkbərin yazılarının içərisində, səhifələrinin qatlarında onun “ilk tibbi yardım çantasını” görürük. Personajların halı pozulduqca “çantanın” içərisində olan damar iynəsindən , kardiamindən , naşatır spirtindən istifadə edir . “Valehin yuxusu “ , “Kliniki ölüm” hekayələrində çantasının xilaskarlığının şahidi oluruq .Yazıçı bu əsərləri ilə həkimlik peşəsinin ucalığını gözlərimiz qarşısında bir daha ucaldır.
R. Əkbərin yaradıcılığında ölüm sevdası öz bədii həllini dürüst şəkildə tapır. Burada sevda ,əhd-peyman bazardakı “ topdansatış” sevdası deyil. Bu sevda Böyük Vətən müharibəsindən yarım əsrdən artıq keçməsinə baxmayaraq, indinin özündə də ərinin namusunu hifz edib “ər yolu gözləyən” Azərbaycan qadınının “həyat müqavilə” sinə sadiqdir.
Hər bir xalqın varlığını təsdiq edən ilk amil dildir. Dil isə ardıcıl və canlı proses olduğu üçün yeni söz və ifadələr qəbul edir . R. Əkbər də yaradıcılığında yeni söz və ifadələrdən əbədi dil çərçivəsində istifadə edir. Yazıçı bədii əsərlərində məhəlli sözlərə bir o qədər yer vermir, terminlərdən yerindəcə istifadə edir .
Kiçik bir uran zərrəsində böyük miqdarda günəş enerjisini gizləndiyi kimi Ramiz Əkbərin yaradıcılığında da böyük insan xarakterləri sarsılmaz iradələrin kəskin mübarizəsi, fədakarlıq kimi yalnız insana məxsus sifətlər, həyat və tale haqqında mənalı və dərin mülahizələr, zaman və başlıca olaraq şəxsiyyət problemi kompleksdir.
Bir sözlə , rəvan təhkiyə tərzinə malik olan yazıçının müraciət etdiyi situasiyalar həyatidir, inandırıcıdır, yaratdığı obrazlar isə realdır .
2006-cı il
Eynulla İsmailov
ədəbiyyat müəllimi