“Qaraxanbəyli döyüşü” adlı sənədli filmin təqdimatı…

Bu günlərdə Trend.az agentliyində 44 günlük Vətən müharibəsində 1-ci mexanikləşdirilmiş tank taborunun Füzuli rayonunun Qaraxanbəyli kəndinin azad edilməsində göstərdiyi şücaəti əks etdirən “Qaraxanbəyli döyüşü” adlı sənədli filmi “Replay media” tərəfindən təqdim olundu.
İlk əvvəl Azərbaycanın Dövlət himni səsləndi, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda düşmənə qarşı rəşadətlə mübarizə apararaq Şəhidlik Zirvəsinə ucalan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbirin aparıcısı, XeberTıme.az saytının rəhbəri, jurnalist Yeganə Telmanqızı gələn qonaqları salamladı, “Qaraxanbəyli döyüşü” sənədli filmi haqqında qısa məlumatdan sonra yaradıcı heyəti təqdim etdi.
Filmin sifarişçisi, 44 günlük Vətən müharibəsində şəhid olmuş Ruslan İmanquliyevin dayısı Ceyhun Səfərov çıxış edərək bildirdi ki, Vətən müharibəsi bitən kimi belə bir filmin ərsəyə gəlməsi fikrində olub və bu məqsədlə o, elə həmin vaxtdan şəhid və qazilərin, həmçinin o döyüşlərdə iştirak edən hərbiçilərin telefonlarındakı video çəklişləri toplayıb. Bundan sonra o, toplanmış materiallar əsasında belə bir filmin ərsəyə gəlməsi üçün, “Replay Media”nın rəhbərliyinə müraciət edib və filmin sifarişini verib.
Ceyhun Səfərov: “Bu film topladığım kadrlar əsasında ərsəyə gəlib. Film dəyərli millət vəkilimiz Aqil Abbasın müəllifi olduğu “Dolu” filminin davamı hesab oluna bilər. O filmdə Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edilir, döyüşçülərimiz işğal olunmuş Qarabağımızdan tankla çıxırlar. “Qaraxanbəyli döyüşü” adlı sənədli filmində isə döyüşçülərimiz tankla Qarabağa girir və torpaqlarımızı azad edirlər”.
Birinci taborun qazi komutanı, ehtiyatda olan mayor Elçin Allahverdiyev çıxışında qeyd etdi ki, onun komandiri olduğu taborun əsgər və zabitləri Qaraxanbəyli döyüşlərində misilsiz şücaət göstərərək qalibiyyət əldə ediblər və filmdə canlı döyüş səhnələrindən olan kadrlardan istifadə olunub.
Filmlə bağlı bir çox məqamlara toxunan natiq, filmin izahı zamanı sanki bir daha o ağır günləri, döyüş meydanında olduğu anlarda keçirdiyi hissəri yenidən yaşadığını bildirərək dedi: “Film haqqında çox yüksək fikirdəyəm. Burada Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı, Azərbaycan xalqının qələbəyə inamı və bu yolda birliyi və mənəvi dəstəyi öz əksini tapıb. Bu qəhrəmanlıqlardan nə qədər filmlər çəkilsə də, kitablar yazılsa da, nə qədər danışılsa da azdır. Müharibənin canlı şahidi olaraq bildirirəm ki, düşmənin uzun illər bizə qarşı apardığı işğalçı siyasətin, azğınlığın, saysız təxribatların cavabının verilməsi və buna son qoyulmasının, ədalətin bərpa olunmasının zamanı yetişmişdi. Azərbaycan Ordusu bütün dünyaya öz qüdrətini bir daha göstərmiş oldu. Əldə olunan Zəfər bir daha sübut etdi ki, bizim necə güclü Ordumuz və uzaqgörən, güclü siyasətçi olan Ali Baş Komandanımız var”.
“Replay media”nın rəhbəri, filmin rejissoru Ələkbər Hüseynov film haqqında maraqlı məlumatlar verdi. O bildirdi ki, “bu filmi sifariş verən Ceyhun Səfərov bizə canlı döyüş kadrlarını da təqdim etdi. Biz də filmi ssenariləşdirdik, quruluş verdik. Filmdə döyüş səhnələri, həmçinin döyüş əmrlərinin icrası ilə bağlı izahatları tabor komandiri Elçin Allahverdiyev verir”.
“Qaraxanbəyli döyüşü” sənədli filmi tədbir iştirakçıları tərəfindən “Youtube” platforması üzərindən izlənildi. Sonra maraqla qarşılanan film haqqında fikir mübadiləsi aparıldı.
Millət vəkil, yazıçı-jurnalist Aqil Abbas filmlə bağlı fikirlərini bölüşdü:

  • Fimin ərsəyə gəlməsində çox əziyyət çəkilib. Film mənə çox təsir etdi. Filmin ideya müəllifinə, rejissoruna “eşq olsun!” deyirəm ki, Şəhidlərimizə, qazilərimizə bu cür qiymət veriblər, onları yaşatmaq üçün belə bir tarixi film ərsəyə gətiriblər. Bu filmin Azərbaycanın bütün telekanallarında tez-tez göstərilməsi vacibdir. Böyüyən gənc nəsil bu cür filmlərə baxıb vətənpərvər olmalıdırlar. Bu film qalibiyyətdən, hərb tariximizdən danışır. Burada göstərilən bütün kadrlar şəhidlərin və qazilərin çəkdikləri videolardandır. Bu, Azərbaycanda bir ilkdir”.
    Qeyd edək ki, 27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ – Vətən müharibəsində əsas zərbə istiqaməti Füzuli idi. Məhz ilk əməliyyatlardan biri Füzuli rayonunun Qaraxanbəyli kəndində komandirlər Həmdəm Ağayevin (şəhid) və Elçin Allahverdiyevin (qazi) 1-ci taboru tərəfindən həyata keşmişdi. Azərbaycanın Hərb tarixinə Qaraxanbəyli döyüşü ən qanlı savaşlardan biri kimi həkk olundu. 34 Şəhidi və 117 qazisi olan 1-ci mexanikləşdirilmiş tank taboru, itkilərə baxmayaraq, Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərdi.
    Filmin təqdimatında iştirak edən şəhid anaları: əfsanəvi qəhrəman – general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, gizir Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva, leytenant Vüsal Muradovun anası Kəmalə Muradova, həmçinin digər şəhid ailələrinin əziz-doğmaları, müharibə iştirakçıları, veteran hərbiçilər, müxtəlif təşkilat rəhbərləri, media nümayəndələri və digər qonaqlar film haqqında müsbət fikirlər söyləyərək, filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildirdilər.
    Həqiqətən də, qəhrəman oğulların əziz xatirəsinə həsr olunan “Qaraxanbəyli döyüşü” sənədli filmi “Replay media”nın yaradıcı heyəti tərəfindən yüksək peşəkarlıqla hazıranmışdı. Belə filmlər geniş kütlə qarşısında, əsasən də təhsil ocaqlarında nümayiş olunmalı, igid oğulların şərəfli mübarizə yolları gənc nəsil üçün bir örnək olmalıdır. Tarixi qorumaq, nəsildən-nəsilə ötürmək üçün atılan bu addımlar təqdirəlayiqdir. Azad, Bütöv Azərbaycan naminə canlarından, qanlarından tərəddüd etmədən keçən igidlərimizi yaşatmaq və əbədiləşdirmək üçün hər kəs öz sahəsində əlindən gələni etməlidir. Qəhrəmanlarımızı unutmağa haqqımız yoxdur! Unutsaq Unudularıq!

Aygün Hacıyeva,
AJB, AYB, AAB-nin üzvü