Sahib Əliyev: SƏN QATARA MİNMƏ HƏLƏ

SƏN QATARA MİNMƏ HƏLƏ

Xatirə Fərəclinin “Qatar gözləyirəm”
şeirini oxuyandan sonra.

Qatar gedir rels üstündən
gecə-gündüz taraq-taraq.
Fit səsilə haray salır:
“kim gedir, gəlsin aparaq”…

Gedən gedir,
qalan qalır –
bu, hər kəsin öz işidi.
Bu qatara minib getmək
gedənin son gedişidi.

Aldanma sən haraylara,
getməyə də meyil etmə.
Görəcəyin işlər çoxdu,
bu qatara minib getmə.

Gözlə başqa qatarı sən,
o, gəlincə yaşa-yarat.
Qayaların döşündəsən,
çalış uca zirvəyə çat.

Şerin
uca zirvələrin
məskən salsın qoy başında.
Sən minəcək qatara de,
gəlsin sənin yüz yaşında.

Sahib Əliyev.