OYUN BİTİB….
SAKİT İLKİNƏ
Sakit İlkin, bir keçiddə durmuşam,
O keçiddən gedən vardı, gələn yox.
Gördüyümdən sanma dəli olmuşam,
Növbə çoxdu, növbəsini bilən yox.
Burda hava, qardaş, tamam başqadı,
Burda görüş, burda salam başqadı,
Yol göstərən, yola salan başqadı,
Nə mənzildir onu sənlə bölən yox.
İndi bildim nə gündəymiş bu dünya,
Gördüm kimin əlindəymiş bu dünya,
Doğulandan belimdəymiş bu dünya,
Bir yazıdı, yazanı var,silən yox.
Çox zər atdım, biri də şeş vermədi,
Zalım ömrü yaşamağa dəymədi,
Bir zəhərdi, zəhrimardı, hər nədi,
Ağladan çox, ağlayan çox,gülən yox.
Ələsgərin qalmayıbdı heç tabı,
Bir yolçudu-itib hesab-kitabı,
Tapılıbdı bir sualın cavabı :
Hamı bilir oyun bitib, ölən yox.
Ələsgər Cəfər