«Payız səfərinin uzaqlığı». Nisə Bəyim

«Poeziyamız deyəndə gözümdə dağ silsiləsi canlanır. Adi dağlardan fərqli olaraq, bu silsilənin zirvəsi çoxdur, böyük-böyük şairlərimizin hərəsi bir zirvə fəth edib. Dəniz səviyyəsi ilə ölçüyə gəlməz, göyün yeddi qatına baş vuran bu zirvələrdə güvəndiyimiz dağlara yağan qar yoxdur, yaşılı var, güllü-çiçəklisi var, payıza çalanı var, bir də sıldırım, sərt qayalı, şiş uclusu var. Bu sonuncu Nisə Bəyim zirvəsidir. Özü kimi ciddi, sözü kimi daşdankeçən, dərin, dərindən də dərin, bənzərsiz şeiriyyətilə dişilə-dırnağıyla, səssiz-səmirsiz, gözə görünmədən, gözə girmədən, iddiasız-tələbsiz halal zirvəsini qazandı Nisə Bəyim. Romanlar da yazırdı, çox romanının ilk oxucusu olmuşam. Soruşurdu: «Necədi?» «Yaxşıdı», deyirdim, xətrinə dəymək istəmirdim, amma «sən şairsən» deməkdən də özümü saxlaya bilmirdim.
Həyat Nisə Bəyimi o ki var sınadı. Sonuna qədər sınadı, amma əyə bilmədi, sındıra bilmədi. O almayanaqlı, o dikduruşlu xanımdan heç nə qalmamışdı. Evində, xəstəxanadakı görüşlərimizdə sarsılmışdım, amma əzminə, inadkarlığına da mat qalmışdım. Kişi qızı idi, xəstəlikdən, ölümdən qorxmurdu, soyuqqanlı-soyuqqanlı «bu xəstəliyin əlacı yoxdur, bircə adını «xərçəng» qoymayıblar, eyni şeydir», deyirdi…
Bir bahar günündə gəlmişdin dünyaya, ad gününü təbrik edəndə deyirdim, şairlər baharda gəlirlər dünyaya. O baharda dünya dağ kimi bir insan qazandı, bu payız dağ kimi bir insan və şairi itirdik.»
Bu, düz iki il əvvəlki vida yazımdır. Pandemiyanın gur vaxtı idi, əziz dostumun və sevimli şairimin vida mərasimində iştirak edə bilməmişdim. Bilmirəm, ondandır, ya yox, Nisənin ölümünə inanmıram. Şeirləri ölməzdir, əsərləri yaşayacaq deyib, özümə təsəlli vermirəm. Mənim üçün Nisə diridir, son əsərlərindən biri «Onlayn», biri «Diri biri» adlanır. Güclü fəhmi vardı, bu dünyadan nə vaxt köçəcəyini bilirdi, ölümü ilə əbədiyyətə qovuşacağını da.
Xatirə günü, indi də yeni çıxıb, anım günü ifadələri mənə yad gəlir, bir il sonra, beş il sonra, on il sonra kiminsə xatlrlatması ilə yada düşməkdənsə, birdəfəlik unudulmaq urvatlıdır. Əminəm ki, Nisə Bəyim onun qiymətini bilənlərin yadına tez-tez düşür. Əlli il sonra da şeirlərini oxuyub heyran qalanlar olacaq, bəlkə 100 il sonra onun fantastik romanlarını oxuyanlar bir əsr öncəni görən yazıçının fəhminə heyran qalacaqlar.
Dünənə qayıdaq. Kiçik bir dəstə ilə Sabirabada yola düşdük. Ürəyimizin istəyilə gedirdik, həm də vəzifə borcumuzu yerinə yetirməyə. Azərbaycan Yazıçılar Birliyi Həmkarlar İttifaqının sədri, yuxarıda dediyim o poeziya zirvələrindən birinin fatehi Firuzə Məmmədli, AYB İrs komissiyasının sədri, istedadlı şair, Əlyazmaları İnstitutunun əməkdaşı, ədəbiyyat fədaisi Sona Xəyal, İrs komissiyasının üzvü, özü kimi zərif şeirlər müəllifi Xatirə Fərəcli. Firuzə Ədəbiyyat Ocağının sədr müavini ADU-nun magistri Səbinə Aslanova, Ocağın üzvü Odlar Yurdu Universitetinin tələbəsi Rəqsanə Hüseynova və mən — Nisə Bəyimin dostu qiymətli şairimizi, nəcib insanı ziyarətə gedirdik. Firuzə Ədəbiyyat Ocağının sədri, ADPU-nun dosenti, Firuzə xanımın tələbəsi Yeganə Qəhrəmanova və «Azərbaycan» jurnalının baş redaktor müavini Südabə Ağabalayeva son anda üzrlü səbəbə görə bizə qoşula bilmədilər. Bakıdan Sabirabadacan hava sakit, tutqun idi, arada yağış da yollarımıza su səpirdi.
Nisə Bəyimin qardaşı Əlihüseyn bizi Sabirabadın girişində qarşıladı. Onun bələdçiliyilə Rəhimovların ocağına çatdıq. Bu evdə ilk dəfə Sabir Poeziya günlərinin Sabirabadda ilk və hələki son dəfə keçirildiyi gün olmuşdum. Mərasimdən əvvəl Anar müəllimlə birgə bütün heyət Nisə Bəyimin evində toplanmışdı. Dəstəmizdə Firuzə xanım, ədəbiyyatımızın türkiyəli təbliğatçısı Yasemin Bayer, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Gülxani Pənah da vardı. Masa arxasına keçən kimi o günü xatırladıq, ev sahibləri o gözəl gündən kövrək-kövrək danışdılar, Nisə Bəyimin bu gün yanımızda olmamasının acısı ürəyimizi göynətdi. Firuzə xanım ləngimədən Nisə Bəyimi ziyarət etməyi təklif etdi.
Məzarlıq şəhərin içində, Nisəgilin evinin iyirmi addımlığındadı. Hamımız dolmuşduq, üstəlik də fikirləşirdim ki, xəstə vaxtında buradan keçəndə görəsən, Nisənin ürəyindən nələr keçirmiş…
Əslində çıxış etməyi xoşlamayan Firuzə xanım bu gün adətinə xilaf çıxdı. Səsi azacıq titrəyirdi, amma qısa kəsmədi, «Azərbaycanın şair və yazıçı qadınları» mövzusunda məruzə sayılacaq çıxışında layla qoşan analardan başlayıb, Zübeydə Xatun, Məhsəti xanım, Natəvan, Mirvarid Dilbazi , Həkimə Billiuri, Mədinə Gülgün, Nigar Rəfibəyli, Əzizə Cəfərzadəni yada saldı. Sonra sözü mənə verdi. Mən Nisə Bəyim poeziyasına heyranlığımı dilə gətirdim, bu günlərdə Anar müəllimin çox maraqlı müsahibələrinin birində onun da, Əsəd Cahangirin də Nisə Bəyimdən söz açmalarını, Anar müəllimin Nisə Bəyim haqqında dediyi «qiymətini almamış nakam şairimiz» fikrinə şərik olduğumu söylədim. Sona Xəyal Nisə Bəyim yaradıcılığının məziyyətlərindən danışdı və şairin yubileyinə kitab töhfə edəcəyini bildirdi. Xatirə Fərəcli Nisə Bəyimi əsərlərindən tanıdığını dedi və onunla şəxsi tanışlığının olmamasına üzüldüyü ifadə etdi. Firuzə Ocağının təmsilçiləri Nisə Bəyimin şeirlərini söylədilər. Nisə Bəyimin qardaşı Əlihüseyn yeganə bacısı haqqında danışarkən göz yaşlarını saxlaya bilmədi. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, Nisə Bəyim yaradıcılığına daim diqqət göstərən «Azərbaycan» jurnalına, şəxsən İntiqam Qasımzadəyə, Südabə Ağabalayevaya, heç vaxt Nisə Bəyimi tək qoymamış Sahnaz Sahinə, bütün Nisəbəyim sevərlərə və bizə təşəkkür etdi. Nisə Bəyimin vəfatından sonra dünyasını dəyişmiş anası Məryəm xanım və qardaşı Ağahüseynin ruhlarına salavat deyib məzarlıqdan çıxdıq.
Dönüşdə Nisə Bəyimin eyni həyətdə ayrıca yaşadığı evə girdik. Qiymətli əsərlərin yarandığı evin soyuqluğu məni üşütdü. Xəstə yatarkən onunla bu evdə görüşmüşdük, üşüyən olduğu üçün evi çox isitmişdilər. İndi divarlarından buz yağırdı. Gəlinlər bizə Nisə Bəyimin kitablarını bağışladılar. Kitabların yazıldığı kompüter donub qalmışdı. Hər şey yerində idi. Bircə özü yoxdu…
Əlihüseyn qardaşımız bizi yenidən evinə dəvət etdi. Böyük səxavətlə açdığı ehsan süfrəsinin başında Nisə Bəyimdən, ədəbiyyatdan, mədəniyyətdən danışdıq. Şeir-sənət, maarifçilik Nisə Bəyimin qanında idi. Əlihüseyn qardaşımız Nisə Bəyimlə ilk dəfə Yazıçılar Birliyinə gəlişini xatırlayıb, böyük şairimiz Fikrət Sadıqla unudulmaz görüşündən danışdı:»Fikrət Sadıq Nisənin şeirlərini oxuyub dedi ki, ola bilməz, Sabirabaddan belə bir şair çıxsın, kökünüz haradan gəlir? Nisə dedi ki, kökümüz Şamaxıdandı, özümüz də Həsən bəy Zərdabinin nəslindənik. Fikrət Sadıq qayıtdı ki, » belə de də, bir tərəfin Sabir, bir tərəfin də Həsən bəy, sən şairsən, qızım».
Söhbət uzandıqca-uzanırdı, hamı danışırdı, dönə-dönə ötən çağlara qayldırdıq. Rəhimovlar ocağının gəlini biologiya müəllimi Aygün xanım Nisə Bəyimin şeirlərini özü səsləndirib telefonun yaddaşına yazıb, onu dinlədik. Həqiqətən qiraət ustalığına layiq şeir söyləməsi var. Yenidən kövrəldik. Vaxtın necə keçdiyini hiss etmirdik. Şirin söhbət başımızı qatmışdı…
Arada ikinci mərtəbəyə qalxan pilləkənə baxırdım, mənə elə gəlirdi ki, indicə Nisə pilləkəndə görünəcək…
Nisə Bəyimi bizdən alan 26 noyabr ocağında keçirdiyimiz bu görüşlə bir az bəraət alan kimi oldu. Elə bil yüngülləşdim, Nisənin yaşadığına daha çox inandım. Sadəcə onu görə bilmədiyim üçün üzülürəm, darıxıram, çox darıxıram…
Arifə Əliyeva
26 noyabr 2022-ci il.