Poeziya: Sahib Əliyev

MƏNİ OXUYA-OXUYA

Bülbül oldum,
bu dünyaya
gəldim oxuya-oxuya.
Gəzdim bağı, bağçaları
çiçək qoxuya-qoxuya.
Dağa baxdım, qanadlandım,
meylimi güllərə saldım.
Çəmənlərdən ilham aldım –
çələng toxuya-toxuya.
Adım-sanım düşdü dilə,
gün keçirdim gülə-gülə.
İndi yaşım, bilə-bilə,
gözümü çəkir yuxuya.
Yuxum gəlir,
ha yatım mən,
lap ayrılsın ruhdan bədən –
Yaşadacaq məni vətən,
məni oxuya-oxuya.


BİLALA ALQIŞ KİMİ

Axtarırdım eləsin –
hərtərəfli, yararlı.
Dedilər ki, eləsi
elə Bilal Alarlı.
Dedim, Bilal Alarlı
məşğul olur nə ilə?
Dedilər ki, bəzəyir
eli şeirlərilə.
Tərifləyir dağları,
vəsf eləyir düzləri.
Sözünün ahənginə
heyran edir bizləri.
Qanadlanıb sevincdən,
çalışırsan uçmağa.
Hər kəlməsi səsləyir
bizi ömrü qucmağa.
Misrasında hikmət var,
bəndlərində fəlsəfə.
Kim oxuyur,
şairə
əhsən deyir min dəfə…
Yaxşı alimdi həm də,
biliyi dərya qədər.
Qoymaz tələbələri
vaxtı keçirsin hədər.
Alışdırar onları
gecə-gündüz savada…
Bu tərifdən xoşlanıb,
mən də qalxdım,
havada
qanad çaldım quş kimi…
Bunu hesab eləyin
Bilala alqış kimi.

SƏN QATARA MİNMƏ HƏLƏ

Xatirə Fərəclinin “Qatar gözləyirəm”
şeirini oxuyandan sonra.

Qatar gedir rels üstündən
gecə-gündüz taraq-taraq.
Fit səsilə haray salır:
“kim gedir, gəlsin aparaq”…
Gedən gedir,
qalan qalır –
bu, hər kəsin öz işidi.
Bu qatara minib getmək
gedənin son gedişidi.
Aldanma sən haraylara,
getməyə də meyil etmə.
Görəcəyin işlər çoxdu,
bu qatara minib getmə.
Gözlə başqa qatarı sən,
o, gəlincə yaşa-yarat.
Qayaların başındasan,
çalış uca zirvəyə çat.
Şerin
uca zirvələrin
məskən salsın qoy başında.
Sən minəcək qatara de,
gəlsin sənin yüz yaşında.

Sahib Əliyev